ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Azərbaycanın Avro-2 standartına keçməsi yeni avtomobillərə marağı artıra bilərmi?

Son günlər yayılmış bir xəbər ölkəmizin avtomobil dünyasında böyük müzakirələrə səbəb olub. Həmin xəbərdə bildirilir ki, 2010-cu ilin ikinci rübündən başlayaraq, Azərbaycan Respublikasının ərazisində avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilməsi və müvafiq olaraq Azərbaycan Respublikasının ərazisinə yalnız Avro-2 və daha sərt Avropa ekoloji normalarına uyğun olan avtonəqliyyat vasitələrinin idxalına icazə veriləcəkdir. Bu xəbər yeni avtomobillər satan rəsmi distribüter və dilerləri nə qədər sevindiribsə, köhnə avtomobil sahiblərini də bir o qədər məyus edib. İnsanlar avtomobillərini sürə bilib-bilməyəcəklərini, daha hansı modelləri ala bilməyəcəklərini düşünürlər. Yalnız “Avtomobil.az” qəzetinin oxucuları üçün yaranacaq vəziyyəti analiz etməyə çalışacağıq.

İlk növbədə soruşa bilərsiniz, Avro-2 standartı nədir? Bu standartın tətbiq edilməsi ölkəmizdə hansı avtomobil modellərinin istismarına və xaricdən gətirilməsinə nə kimi məhdudiyyətlərə səbəb ola bilər?

Məlumat üçün bildirək ki, Avropanın ekoloji standartı olan Avro-0-6 avtomobillərin atmosferə buraxdığı işlənmiş qazların (karbohidrogenlər, karbon monooksid, azot oksidi və s.) normasını müəyyən edir. İlk dəfə bu standartların tətbiqinə 1991-ci ildən başlanılıb. Avro-0 adlanan ilk standart 1992-ci ildə Avro-1 standartı ilə əvəz olunub. Əgər Avro-0 standartı atmosferə 10 q/kV.saat normasından artıq işlənmiş qaz atmağı qadağan etmişdirsə, Avro-1 ekoloji standartı bundan təqribən iki dəfə az - 4,9 q/kV.saat normasından artıq işlənmiş qazı atmağı qadağan edirdi. 1995-ci ildə isə atmosferə 2,5 q/kV.saat normasından artıq işlənmiş qaz atmağı qadağan edən Avro-2 ekoloji standartı qəbul olunur. Elə həmin ildən başlayaraq Avropa, ABŞ və Yaponiya Avro-2 standartına keçir. (Azərbaycan da məhz 2010-cu ilin ikinci yarısından Avro-2 standartına keçməyi planlaşdırır. Bu barədə daha geniş bir az sonra). 2000-ci ildən başlayaraq 1,5 q/kV.saat normanı müəyyən edən Avro-3 standartı, 2005-ci ildən 0,80 q/kV.saat normanı müəyyən edən Avro - 4 standartı və 2009-cu ilin sentyabr ayından etibarən isə 0,60 q/kV.saat normanı müəyyən edən Avro-5 standartı qüvvəyə minmişdir. Avro-5 standartı 2014-cü ilə qədər davam edəcək və öz yerini Avro-6 standartına verəcəkdir.

Avro normanın qüvvəyə minməsi həmin zamandan başlayaraq istehsalçıların həmin normaların tələblərinə uyğun avtomobil istehsal etməyi məcburi edir. Digər məcburiyyət isə yeni standartın tələblərinə cavab verməyən avtomobillərin idxalı qadağan olunur. Yuxarıdan göründüyü kimi, Avro-2 standartının qəbuluna 1995-ci ildən başlanılıb. Səthi düşündükdə belə qərara gəlmək olar ki, ölkəmizə buraxılış ili 1995-ci ildən aşağı olan avtomobillərin gətirilməsinə icazə verilməyəcəkdir. Lakin məsələyə daha peşəkar yanaşdıqda aydın olur ki, avtomobil istehsalçılarının çoxu 1996-97-ci ildən başlayaraq Avro-2 standartına keçib. Deməli, avto istehsalçının həmin illərdən başlayaraq istehsal etdikləri modellərini ölkəmizə idxal etmək mümkün olacaqdır.

Avro-2 standartının idxalla bərabər avtomobillərin istismarına da şamil olunacağı bəyan edilib. Əgər belə olarsa, nə baş verər? Bu zaman buraxılış ili 1997-ci ilə qədər olan avtomobil sahibləri narahat olmağa başlayacaqlar. Ən pisi yüksək məbləğlərdə rüsumlar ödəməklə qarşı-qarşıya qala bilərlər. Avtomobillərini satıb canlarını ondan qurtarmağın yeganə yolu isə İrandan müştəri tapmaq olacaqdır.

Çünki belə maşınları satmaq üçün yeganə bizə ən yaxın satış bazarı İrandır. Amma burada qeyd edək ki, Avro standartların tətbiq edildiyi ölkələrdə yeni standartların tələbləri daxildə istismar olunan avtomobillərə şamil olunmur. Məsələn, MDB ölkələrindən Rusiya 2006-cı ilin ikinci rübündən Avro-2 standartını, 2008-ci ildən Avro-3 standartını tətbiq edir və bu ildən isə Avro-4 standartını tətbiqinə başlayacaqdır. Qazaxıstan isə 2009-cu ilin iyul ayından Avro-2 standartına keçib. Həmin ölkələr Avro normaları daxildə istismar olunan avtomobillərə şamil etməyiblər. Normalar yalnız idxalda və istehsalçılar üçün məcburi olub.

Avtomobillərin idxalına Avro-2 standartının tətbiq olunması real görünsə də, onun istismarına bu standartın sərt şəkildə tətbiq olunması hələlik real görünmür. Çünki dövlət bu zaman özü çətin vəziyyətdə qala bilər. Belə ki, dövlət özü ilk növbədə bir sıra avtomobillərin Avro-2 standartlarına cavab verməsini təmin etməlidir. Məsələn, bu gün regionlarda şəhərdaxili və kəndlərarası işləyən marşrut avtobuslarının vəziyyəti olduqca pisdir. Həmin marşrut avtobuslarını tam yeniləmək isə dövlətin gücü xaricindədir.

Avro-2 standartına keçməzdən əvvəl yanacağın Avro-2 və daha yüksək standartların tələblərinə cavab verməsini təmin etmək dövlətin görəcəyi işlərdəndir. Azərbaycanda avtomobil yanacağının Avro-2 standartına uyğun olduğu bildirilsə də, reallıq onu göstərmir. Amma dövlət bu istiqamətdə işlərə start verib. Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 23-də neft-kimya sənayesinin strateji inkişafı barədə sərəncam imzalayıb. Həmin sərəncamda hazırda fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrində hasil olunan karbohidrogen resurslarının emalının dünya standartları səviyyəsinə qaldırılması zərurətinin yarandığı göstərilib. Beləliklə, yaxın illərdə hökumətin yeni neft emalı zavodu tikib istifadəyə verərək yanacağın keyfiyyətini yüksəldəcəyi artıq dəqiqləşib.

Bəs avtomobillərin xarici ölkələrdən gətirilməsi zamanı gömrükdə hansı problemlər yarana bilər? Əsas problem gətirilən avtomobilin Avro-2 və daha yüksək Avro standartın tələblərinə cavab verdiyini təsdiq edən sertifikatın olmadığı zaman baş verəcək. Həmin sertifikat olduğu halda isə avtomobilin idxalına icazə veriləcəkdir.

Mütəxəssislər Azərbaycanın avtomobil parkının yarıdan çoxunun Avro-2 standartının altında olduğunu bildirir. İlkin olaraq Avro-2 standartından başlayaraq və sonrakı illərdə daha yüksək standartları tətbiq etməklə avtomobillərin təzələnməsi prosesini sürətləndirmək olar.
Yeni standartlara keçmək rəsmi distribüter və dilerlərin işinə yarıyacaqdır. İşlənmiş avtomobil almağın gələcəkdə problemlərə səbəb ola biləcəyi insanların şüurunda özünə yer tutacaq. Buraxılış ili 1997-ci ilə qədər olan avtomobillər təkrar bazarda xeyli ucuz olduğundan insanlar belə avtomobilləri alırdılar. 1997-ci ildən sonra istehsal edilmiş avtomobillərin qiyməti isə xeyli yüksək olub ki, bu da bir sıra istehsalçıların təklif etdiyi yeni avtomobillərin qiymətinə yaxın və bərabərdir. İndi insanlar pullarını köhnə avtomobilə verməkdənsə təzə avtomobil almağa üstünlük verəcəklər.