ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:


Aktrisa Pərvin Abıyeva BAKU.WS saytına eksklyuziv müsahibəsində onu kəşf edən rejissordan, çəkildiyi filmlərdən, oynamaq istədiyi rollardan və gələcək planlarından danışıb.

Həmin müsahibəni sizə təqdim edirik:

-Salam Pərvin xanım. Aktrisa olmaq həvəsi hardan yarandı sizdə?

- Aktrisa olmaq həvəsi məndə uşaqlıqdan olub, bunu hamı bilir. Ona görə də, heç kim mənə bu məsələdə qarşı çıxmayıb. Bu mənim öz qərarım olub. O ki qaldı indiki vəziyyətə, sağ olsun Cavid Təvəkkül, o vaxt məni kinostudiyada görüb dəvət elədi ilk dəfə. Ondan sonra mən qərara gəldim ki, elə axtardığım iş bu idi, bunu da tapdım. Bundan sonra da həvəslə davam etdirəcəm. Nə qədər ki ömrüm var. 

-Sizi hal-hazırda Azərbaycanın ən öndəgedən aktrisası adlandırlar. Birdən-birə belə şöhrət qazanıb, ulduzluq xəstəliyinə tutulmamaq çox çətindir?

- Mən hələ özümü o üstünlük dərəcəsində görmürəm, çünki Azərbaycanda çox dəyərli aktyor və aktrisalar var. Düzdür, həmyaşıdlarım içində bir nömrə sayıla bilərəm. 1 nömrəyəm demirəm, çünki son vaxtlar dediyim hər söz konfliktə, söz-söhbətə səbəb olur. Sözün düzü, dediklərimi bir az bəzəyirlər. Özüm oxuyanda çox pis oluram. Axırıncı özüm haqda xəbərlərdən birini oxuduqdan sonra, kiçik depressiya keçirdim. Ona görə qorxuram danışmağa. Amma sizinlə razıyam ki, yaşıdlarımın arasında çox istedadlı gənclər olsa da, hal-hazırda üzdə olan mənəm. Tələbat mənədi, daha çox çəkilən mənəm. 

Ulduzluq xəstəliyi mənlik deyil. Belə şeylər insanın öz xarakterindən asılıdır. Əgər eqon yüksəkdirsə, özünü başqalarından üstün tutursansa, onda səndə ulduzluq xəstəliyi baş qaldıra bilər. Amma mənim heç vaxt belə bir xarakterim olmayıb. Mənə elə gəlir ki, mən lap Hollivud səviyyəsində tanınmış olsam belə, yenə də belə xəstəlik olmayacaq. Buna görə özümə əminəm.


-Siz əsasən dramatik obrazlarda çəkilirsiniz, bunun bir səbəbi var?

- Dramatik obrazlarda çəkilməyimin səbəbi yoxdur əslində. Sadəcə, bu xarakter məsələsidir. Mən hər zaman daha kövrək və həssas olmuşam. Ona görə də dramatik obrazlar məndə daha yaxşı alınır. Özümü komediya janrında sınamamışam, amma əminəm ki, alınar. Çünki aktyor plastilin kimi omalıdır. Ona verilən hər bir rolun öhdəsindən məharətlə gəlməlidir. Amma dramatik obrazı yaratmaq mənim üçün daha asandır. İki ildə oynadığım demək olar ki bütün obrazlar dramatik olub, bu da məni çox sevindirir, çünki bunu da hər adam bacarmır.

-Sizin çoxlu sayda pərəstişkarlarınız var, əsasən də kişilər arasında. Bəs sizin ürəyinizdə biri var?

- Deməzdim ki, pərəstişkarlarım kişilərdir. Əksinə, qadınlar məni daha çox tanıyır və sevirlər. Azərbaycan qadınlarının 80%-i məni tanıyır. Amma sevənlərlə yanaşı sevməyənlər də var. Bunu daha çox haqqımda çıxan xəbərlərə yazılan şərhlərdə görürəm və normal qəbul edirəm.  Əvvəllər bu mənə pis təsir edirdi. Sonra anladım ki, mənim özümün də sevdiyim və sevmədiyim insanlar var. Bu normaldır.
Ürəyimdə kiminsə olub-olmadığına gəldikdə, deyə bilərəm ki, bəli uzun müddətdir bunu gizlətsəm də, ürəyimdə olan insan var. 


-Hansı obrazı canlandırmaq istəyərdiniz?

- Hansı obrazı oyanamaq istərdim? Mən bu məsələdə bir az seçiciyəm. Həyat qadınını oynamaq istərdim. Həyatda hər çətinliyi görmüş, əxlaqsız yola düşmüş də olsa, həyatın bütün çətin tərəfləri ilə qarşılaşmış qadın obrazını canlandırmaq istərdim. Təbii ki, bu gələcəkdə mümkün olacaq. Yaşım o həddə çatandan sonra. Çünki 24 yaşında insan dünyanın hər çətinliyi ilə rastlaşa bilməz. Düzdür, mənim özümün də çətinliklərin olub. İstər ailədə, istər şəxsi. Mən bəzən düşünürəm ki, həmyaşıdlarım buna bəlkə də dözməzdi. Çox çətinliklərim olub, amma o dərəcədə deyil. 

-Erotik janrında bir filmə dəvət alsanız, çəkilərsiniz? 

Erotik səhnələr Azərbaycanda qəbul olunmur. Sadəcə bir qədər açıq paltara insanlar bu qədər sərt reaksiya verirlər. Yadınızdadırsa, Yarımdünya filminin qalasında paltarım bir qədər açıq idi, o çox qalmaqala səbəb oldu.


Bizdə hələ kino o dərəcədə inkişaf etməyib ki, erotik səhnələr çəkilə, insanlar da bunu normal qəbur edə. Bundan başqa, mən hər zaman ailəmi, qardaşımı düşünürəm. Kimsəsiz olsaydım, erotik səhnəyə çəkilə bilərdim, heç nəyə baxmadan, istədiyim kimi yaşayardım. Çox heyif ki, Azərbaycandayıq, mentalitet məsələləri var, bunlar ağır məsələlərdir. Ailə üzvlərimə "apardı bizim başımızı aşağı əydi” sözünü dedizdirmərəm heç vaxt. Amma xarici bir ölkədə dünyaya gəlsəydim, yüngül erotik səhnələr, öpüş səhnələri, açıq qeyimlər yolverilən olardı.

Т.Д, Айтен Алекперова
BAKU.WS