ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Qurumun mətbuat xidməti mətbuatda yayılmış iddialara cavab verib.

AZAL-ın Naxçıvana uçan sərnişinlərinə noutbuk qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib. AZAL-ın Mərkəzi Ofisi ilə əlaqə saxlayan BAKU.WS-in əməkdaşı Naxçıvan reysi ilə uçan sərnişinlərə noutbuk aparmağın qadağan edildiyi xəbərini dəqiqləşdirib. Mərkəzi ofisdən verilən məlumata görə, Naxçıvana noutbuk aparmağın qadağan edildiyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. AZAL təyyarələri ilə Naxçıvana uçan istənilən sərnişin özü ilə noutbuk götürə bilər. "Onlar heç bir maneə ilə üzləşməyəcəklər, - deyə Mərkəzi Ofisdən bildirilib. 
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti də məsələyə münasibət bildirib.  BAKU.WS-ə verilən məlumata görə,  Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. 

QSC rəsmininin sözlərinə görə, həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır: "Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır”. 

Qeyd edək ki, ötən gün mətbuatda AZAL-ın öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan etdiyi xəbəri yayılmışdı. Məlumatı virtualaz.org saytına oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov vermişdi. Mədətovun sözlərinə görə, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət işçilərinin öz noutbuklarını aeroportda qoyub getmək kimi absurd tələbi ilə üzləşiblər. AZAL əməkdaşları bu qadağaya hər hansı məntiqi izah verə bilməyiblər. 

Bu üzdən sərnişinlərlə AZAL əməkdaşları arasında qızğın mübahisə düşdüyü deyilirdi.  Bu qərarın absurd olduğunu aeroport əməkdaşlarına anlatmaq cəhdləri də fayda verməyib. Narazı sərnişinlərə AZAL-ın mərkəzi ofisinə müraciət etmək tövsiyə olunub.

"İnsident saat 19:20-yə nəzərdə tutulan Bakı-Naxçıvan reysinə minik zamanı baş verib. Aeroport əməkdaşları sərnişinlərə xəbərdarlıq etdilər ki, təyyarəyə noutbukla minmək olmaz. Mübahisə yarandı. Bunlar videomüşahidə kameralarına da düşüb. Ona görə də oğlum noutbukunu Bakıda saxlamalı oldu” - deyə M.Mədətov bildirib.
 
Azad Əliyev
BAKU.WS