ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Daxili İşlər Nazirliyi sabah metroda "Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə ciddi xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, belə bir flaşmob keçiriləcəyi təqdirdə, bu xuliqanlıq əməli hesab olunacaq: "Bu yaramaz tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar. Çünki onlar belə hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı, həm də cəmiyyətə açıqca hörmətsizlik etmiş olacaqlar ki, bu da sırf xuliqanlıqdır. 

Qanunun keşiyində duran polis elə qanuna müvafiq olaraq da belə hərəkətləri təşkil edənlərin, rəvac verənlərin məsuliyyətə cəlb olunmalarını birmənalı olaraq təmin edəcək. Digər tərəfdən, cəmiyyətimiz üçün yad olan belə bir flaşmobun keçirilməsi xalqımızın adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına uyğun olmayan bir hərəkətdir. Ona görə də əminəm ki, ictimai asayişin və qanunlarımızın keşiyində duran polislə yanaşı, vətəndaşlarımız da belə hərəkətlərə qarşı öz  etirazını və iradını bildirəcəklər”.

Qeyd edək ki, martın 1-də Bakının mərkəzi metro stansiyaları "28 May” "Gənclik” və "Sahil” metro stansiyasında bir qrup gəncin milli mentalitetə, mənəvi dəyərlərə zidd bir flaşmob keçirmək istəməsi ilə bağlı sosial şəbəkələrdə və elektron mediada məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, gənclər sözügedən metro stansiyalarında "Metroda şalvarsız bir gün” aksiyasını keçirəcəklər.