КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. 

Hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya daxil olan xəbərə görə, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub. 

Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir. 

Qeyd edək ki, T. Əhmədovun həbs olunacağı ehtimalı ilə bağlı bir qədər əvvəl də məlumat yaymışdıq. Həmin məlumatda və eyni zamanda indicə bizə daxil olan xəbərdə  bildirilir ki, 2010-cu ildə "Azadlıq Radiosu"nun "İşdən sonra” verilişində müsahibəsində Tağı Əhmədov metropoliten ərazisindəki ticarət obyektlərində 2 min adamın çalışdığını və ayda 70 min, ildə isə 840 min manat gəlirin əldə olunduğunu bildirmişdi. Metropoliten rəisi demişdi ki, həmin vəsait metronun tələbatlarına sərf olunur. Həmçinin T.Əhmədov həmin obyektlərin onun ailə üzvlərinə və qohumlarına aid olduğu barədə məlumatı təkzib etmişdi. Son açıqlamalarda T.Əhmədov ticarətdən əldə olunan illik gəlirin 450 min manata yaxın olduğunu iddia etmişdi. 

Onu da xatırlatmaq istərdik ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun göstərişi ilə metro ərazisindəki bütün ticarət obyektlərinin sahiblərinə müqavilələrin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilib.