ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Faiq Ağayevi bıçaqlayan şəxsin anası: "Faiqin həmişə Kubinkaya nə üçün gəldiyini sübut edəcəm!"

Xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmiş Rüfət Məlikov və Seymur Məmmədovun anaları Milli.Az xəbər portalına danışdılar. Onların iddialarına xalq artistinin vəkili də cavab verdi.

Rüfət Məlikovun anası Nazimə Məlikova Milli.Az xəbər portalına açıqlamasında hadisənin baş verməsində günahı olmadığını və həmin hadisədən sonra mikroinfarkt keçirdiyini dedi. O, iddia edir ki, Faiq Ağayev onun oğlunu bədbəxt etdi: “Belə xalq artisti olar? Sakit uşağı yol verməməyə görə gəlib qapısında döyürsən. Rüfət dispanserdə qeydiyyatdadır. Sən onu niyə o dərəcəyə çatdırırsan ki? Faiq həyətimizə girib qışqırırdı ki, burada kişi yoxdur, tapdalayın bunları. Qorxudan Natəvanla Seymur (Natəvan Şərifova, Seymur Məmmədov-red.) qaçıb həyətə girdilər. Onları həyətdən sürüyü-sürüyə aparıb suyun içinə saldılar. Düzdü, mən Rüfətin Faiqi bıçaqlqamasının tərəfdarı deyiləm, amma oğlumun onlara gücü çatmayıb, ona görə də bıçağa əl atıb. Bütün qonşular buna şahiddir” - deyə qadın açıqlama verib.


"Faiqin bu məhləyə narkotika almağa gəldiyini sübut edəcəm"


Seymur Məmmədovun anası Gülər Məmmədova isə Milli.Az xəbər portalına hadisə barədə bunları danışdı: “Oğlum Seymur Azərbaycan İqtisad Universitetini bitirib. İş tapmadığından gecələr öz maşını ilə taksiçi kimi işləyir. Hadisə baş verən gecə də “xaltura”ya çıxıb. Rüfət ona zəng edərək aparmasını xahiş edib. Həmin vaxt Rüfətin yanında bacımın gəlini Təhminə də olub. Seymur gedib Rüfəti götürüb, geri qayıdarkən arxadan maşın onlara siqnal verərk yol verməsini istəyib. Maşın Əzizbəyov küçəsindən Salatın Əsgərova küçəsinədək arxadan siqnal verə-verə gəlib. Həmin küçə dar olduğundan yol vermək mümkün olmayıb. Yol düz bizim qapının yaxınlığında enliləşir. Seymur arxadan gələnlərə əhəmiyyət verməyərək yoluna davam edib və gəlib qapısının qarşısında saxlayıb. Bu zaman Faiq və cangüdənləri maşından düşərək həyətə giriblər və onları döyməyə başlayıblar”.

Gülər Məmmədova baş vermiş hadisədə Faiq Ağayev və onun adamlarının günahkar olduğunu iddia etdi: “Faiq Ağayevin adamları oğlumu möhkəm döyüb, sonra da deyir ki, mən Seymuru görməmişəm. Xalq artisti gəlib evin içində adamı döyməlidir? Belə şey olar? Səhər saat 5-də mənim oğlum “xalturaya” çıxır. Onun günahı nədir? 3 manat pula görə küçələrdədir. İndi Faiqin pulu var deyə uşaqlarımızı bədbəxt etməlidir? Faiq xalq artistidir, yoxsa Azərbaycanın “lotusu”? Əgər mənim uşağıma "xuliqan" adı verilirsə, Faiqin cangüdənlərinə də "bandit" adı verilməlidir. Faiqi mən xalq artsiti etmişəm, bizə görə bu adı alıb. O dahiliyində Zeynəb Xanlarova, Rəşid Behbudov belə hərəkətlər etməyiblər. Onlar maaşları ilə dolanıblar. Bunların isə toylarının pulu başımıza çıxarıb” - deyə G.Məmmədova danışıb.

Seymur Məmmədovun anası Faiq Ağayevə qarşı bəzi kəskin ittihamlar da səsləndiridi: “Faiq bu məhləyə ömrü boyu narkotika almaq üçün gəlib. Bunu mən sübut edəcəm. Onun narkotik alan yerdə şəklini çəkəcəm. Hər axşam burada məhlədən gəlib alır. Əgər bura xuliqanxanadırsa, sənin gecə saat 4-də burada nə işin var? Tutaq ki, bu uşaq sənə yol verməyib. Əlini çıxarıb deyib ki, enli yolda yol verəcəm. Maşının nömrəsi götür ver polisə. Sabah bu ölkəni qorumağa mənim oğlum gedəcək, Faiq yox. O, əgər əsil xalq artisti olsaydı, mədəni hərəkət edərdi. İncəsənət adamı qıza əl qaldırar?”


"İftiradır! Faiq Ağayev siqaretdən başqa heç nə çəkmir!"


Faiq Ağeyevin vəkili Kamil Məmmədov valideynlərin ittihamları ilə razılaşmayaraq Milli.Az xəbər portalına bunları dedi: “Məlum hadisə olarkən mən Faiq Ağayevin yanında olmamışam. Faiqin bu hadisə ilə bağlı polisə verdiyi ifadə var. Faiq Ağayev hüquq-mühafizə orqanlarına rəsmi ifadə verirsə, həqiqət həmin ifadədir. Valideynlərin dedikləri yalandır. Faiqin işi-gücü qurtarıb ki, düşsün tanımadığı adamların arxasına?”

Müğənninin meneciri Natəvan Mirzəyeva da Milli.Az-a Faiq Ağayevin narkotika istifadəçisi olması ilə bağlı deyilənləri təkzib etdi: “Deyilənlər həqiqətə uyğun deyil. Bunlar tamamilə iftiradır! Faiq Ağayev siqaretdən başqa heç nə çəkməyib. Özü də ən yüngül “Slims” versiaylı siqaretlər çəkir. Heç vaxt narkotika istifadə etməyib. O sağlam həyat tərəfdarıdır” - deyə xalq artistinin sözçüsü ittihamları rədd etdi.


Anar Məmmədov