КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%



Qadınların sevimli bayramı olan 8 Marta az qalıb. Onlar bayram gününün simvolu olan gül-çiçək və müxtəlif hədiyyələri məhz bu gündə qəbul edəcəklər. Sənətçi xanımlar da bu arzudadırlar. Kimisi həyat yoldaşından, kimisi övladından və ya digər əzizlərinin bəxşişinə sahib olacaqlar. Bayram yetişməmiş Milli.Az xəbər portalı onların hansı hədiyyələri daha çox sevdiyini öyrənməyə çalışdı.

Xalq artisti, bəstəkar Şəfiqə Axundova həmin gün hədiyyədən daha çox diqqətə ehtiyacı olduğunu bildirdi. O, vurğuladı ki, hətta bir quru telefon zəngi də onun əhvalını yaxşı edə bilər. Səhhəti ilə bağlı probelmlər yaşyan Şərqin ilk opera yazan qadın bəstəkarı çox az hallarda xatırlandığını dedi: «Ümid edirəm ki, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Elza Seyidcahan adi günlərdə olduğu kimi bayramda da məni yad edərlər. Qalan sənətçilərdən bir o qədər ümid gözləmirəm». Bəstəkar xanım cavanlığında qadınlar bayramında ən çox sevdiyi hədiyyənin qızıl güllər olduğunu bildirdi və dedi ki, bunu indi də gözləyir. Amma kimdən, onu bilmir.

Xalq artisti İlhamə Quliyevanın ən çox sevdiyi hədiyyə zinət əşyalarıdır. O, yaxın dostlarından ətir, çiçək, suvenirlərdən daha çox zinət əşyası aldığını söylədi:

«Mənə yaxın olan insanlar da yaxşı bilirlər ki, mən zinət əşyasını çox sevirəm. Ona görə də çox uzağa getmədən mənə sevdiyim hədiyyəni bağışlayırlar. Onu da qeyd edim ki, bunu tək 8 Mart deyil, bütün bayramlarda alıram».

Müğənni İradə İbrahimova deyir ki, onun üçün hədiyyənin böyüyü-kiçiyi yoxdur. Kiçik bir diqqət də müğənninin bayram günündə könlünü xoş edə bilər:

«Ümid edirəm ki, ilk hədiyyəmi həyat yoldaşım Ceyhundan alacam. Bir məqamı da vurğulayım ki, ötən gün mən həyat yoldaşımla birlikdə Bakıya gəlmişik. Türkiyədə bu bayram geniş qeyd olunmadığından Ceyhun qaynanasını, baldızlarını burada təbrik edəcək. Eyni zamanda biz bayram günü Türkiyəyə telefon açaraq həm onun anasını, həm də yenicə ana olan baldızımı təbrik edəcəyik. Hədiyyələrini isə artıq Bakıya gəlmədən öncə təqdim etmişik».

Bu günlərdə Türkiyədə səfərdə olan xalq artisti Aygün Kazımova artıq bir neçə hədiyyələrlə qayıtdığını bildirdi. Orada xeyir işdə iştirak edən müğənni aldığı hədiyyələrin nədən ibarət olduğunu açıqlamaq istəmədi. Bayram günündə isə ilk alacağı hədiyyənin həmişə olduğu kimi Namiq Qaraçuxurlu tərəfindən veriləcəyini bildirdi. Müğənni deyir ki, Namiq eyni diqqəti onunla birlikdə qızı İlqarəyə də göstərir.

Müğənni Lalə Məmmədova bütün bayram günlərində həm həyat yoldaşı, həm də yaxınları tərəfindən diqqət mərkəzində olduğunu dedi. Onun ən çox sevdiyi hədiyyə isə ətirlərdir. Bunu bilən həyat yoldaşının müğənninin bu istəyinə biganə qalmayacağını öyrəndik.

Son aylar dünyada baş alıb gedən inflyasiyanı nəzərə alan müğənni Röya kişiləri sıxışdırmamağı məsləhət gördü:

«Krizis olduğu üçün əziz xanımlarımıza kişilərini çox sıxışdırmamağı məsləhət görürəm. Həyat yoldaşınız nə alırsa, ona da qane olun. Yoxsa, ümumiyyətlə hədiyyəsiz qalarsınız».

Buna baxmayaraq, müğənni bayram günündə hədiyyəsini nəinki həyat yoldaşından, qayınlarından, qardaşlarından və tanındığı əks cinsin nümayəndələrindən də gözlədiyini vurğuladı.

Əməkdar artist Mehriban Xanlarova artıq bayram hədiyyəsini aldığını söylədi:

«Bu günlərdə qızım mənə ana olacağı xəbərini bildirib. Bundan gözəl hədiyyə təssəvvür edə bilmirəm. Çox sevindim və ümid edirəm ki, bu sevinc uzun zaman məni müşayiət edəcək».

Aktirsa eyni zamanda vurğuladı ki, bayram günlərində hədiyyə almağı çox sevir.
«Bahalı və ya ucuz olmasından asılı olmayaraq, hədiyyə diqqət deməkdir. Mən bu diqqəti yaxınlarımdan gözləyirəm» - deyə aktirsa qeyd etdi.

Müğənni Elza Seyidcahan üçün də hədiyyənin böyüyü-kiçiyi yoxdur. Müğənni ona verilən bütun hədiyyələrlə, hətta adi bir telefon təbriki ilə də qane olacağını dedi.

Xədicə
Milli.Az