ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73



- Namiq, «Subaylıq sultanlıqdır» prinsipi deyəsən, sizin üçün çox önəm daşıyır. Hələ də evlənmək fikriniz yoxdur?

- Açığını deyim, bu barədə hələ düşünmürəm. 31 yaşım var, amma subaylığın daşını əlimdə bərk-bərk tutmuşam (gülür). Bu, o demək deyil ki, heç vaxt evlənməyəcəm. Belə deyim, yaxın bir il üçün belə bir planım yoxdur.

- Niyə sənətçilər evlilik sözünün qarşısında «plan» ifadəsini işlədirlər?

- Bu, bizim bütün işlərimizi planlaşdırdığımız üçün deyilən bir ifadədir. Əslində, insan kor-təbii «evlənirəm» deyə bilməz. Hər şey düşünülmüş, planlaşdırılmış şəkildə olmalıdır. Özümə gəlincə, bu işə çox cəsarətli addım kimi baxıram. Mən evlilik üçün elə bir adam seçməliyəm ki, onunla ömür boyu bir damın altında yaşaya bilim. Özüm-özümə sual edirəm ki, onunla xoşbəxt ola biləcəm? Suallara cavab axtardıqca, evlilik havası məni bir az qorxudur. Bunları daha dərindən götür-qoy etmək üçün sənət mühitindən bir müddət aralanmalıyam və yalnız bu barədə düşünməliyəm. Ondan sonra qəti qərar vermək olar.

- Aygün Kazımova ilə münasibətiniz evliliyə gətirib çıxara bilər? Yuxarıda evlilik seçimindən danışdınız.

- Mən şəxsi həyatımı çılpaqlığı ilə açıb tökmək istəmirəm. Bu gün Aygün xanımla münasibətlərimiz çox yaxşıdır. Bir-birimizi başa düşürük.

- Amma əvvəlki istiliyi görə bilmirik...

- Bu növbəti uydurmalardandır. İnsanlar başa düşməlidirlər ki, biz yaradıcı şəxslərik. Yəni, bütün günü bir yerdə, bir səhnədə görünə bilmərik. Aygün xanım hazırda şəxsi səfərdədir. Mənim o səfərdə iştirakım nəzərdə tutulmayıb. O, iş dalınca gedib. Mənim isə burada öz işlərim var. Səhnə tələb edən anlarda biz birlikdə oluruq.

- Deyirlər, bir çox meyxanaçılarla münasibətiniz məhz Aygün xanımla birləşəndən sonra pozulub.

- Əslində, burada Aygün xanımın heç bir təsiri yoxdur. Mənim meyxanaçılarla problemim ola bilər, amma bunu tərəf müqabilimin adına bağlamaq olmaz. Onların bəziləri ilə «Rəvayət» klipim meydana çıxandan sonra münasibətim soyudu. Bu vəziyyəti özləri yaratdılar. Uğurlarım artıqca, problemlər də çoxaldı.

- Səhnədə, həyatda qapalı insan obrazındasınız. Bu, sizin əsil simanızdır, yoxsa, bu cür olmağa vadar edən səbəblər var?

- Bu, xarakterimin göstəricisidir. Bütün günü obrazda gəzə bilmərəm. Amma qapalılığı artıran səbəblər də var. Bəzən o qədər sual verirlər ki, onlardan yayınmaq üçün bir qədər dəyişməliyəm.

- Nə soruşurlar?

- Məsələn, yaxın günlərdə özümə yeni mənzil aldım. Görən soruşur ki, «bu evlilik hazırlığıdır, orada kiminlə yaşayacaqsan?» və s. Axı mənzili sadəcə ev ehtiyacı üzündən də alırlar. Hərdən kütlə arasından çəkilib, tək qalmaq istəyirəm. Gedirəm bağa və günlərlə orada tək qalıram.

- Təklikdə nə düşünürsüz?

- Gördüyüm işlər, etdiyim səhvlər barəsində düşünürəm. Yəni, xırda, hər bir insanın edəcəyi səhvlər. Hərdən dostlarım deyirlər ki, «əşi, 31 yaşın var. Bu nə bədbinlikdir? Özünə qapanırsan». Mən buna bədbinlik deməzdim. Heç kim bilmir ki, nə qədər ömür yaşaya biləcək. Biz bu dünyada qonaq kimiyik. Ölmək fikrim yoxdur. Qarşıda görüləsi çox işlərim var. Amma istəyirəm ki, hər günümü alnı-açıq yaşayım. Keçmişdə məni narahat edən səbəblər olmasın. Hərdən, heyfislənirəm ki, filan vaxt filan işi görə bilərdim. Yaxud, elə bir insana yaxşılıq etdim ki, o, bunun dəyərini bilmədi.

- Pul sizin həyatınızda nəyi dəyişdi? Bildiyim qədəri ilə keçmiş həyatınızda imkanlarınız bu günkü qədər parlaq deyildi.

- Düzdür, sənətə gələndən sonra çoxlu pul qazanmağa başladım. Bu kasıb bir oğlan üçün gözlənilməz idi. Bir də ayıldım ki, sənətim ikinci plana keçir. Pul yaxşı şeydir, amma qədərində. Hər gün məclislərə dəvətlər alırdım. Fikirləşirdim, gedim pulumu qazanım. Bir də baxdım ki, sənətlə məşğul olmağa zamanım qalmır. Götür-qoy etdim. Qərara gəldim ki, dəvətlərin sayını azaldım. Onsuz da qonararım mənə yetirdi.

- Deməli, özünüz öz sənətinizə hörmətsizlik edirdiniz?

- Əslində, çoxlu işləyib, yaxşı yaradıcılıq planlar qurmaq istəyirdim. Amma bu planları həyata keçirməyə nə vaxtım, nə də ki fiziki gücüm qalırdı. Özümə sərhəd qoymağa başladım. Pul əslində, həyatımda heç nəyi dəyişmədi. Xaraktercə əvvəlki kimiyəm. İnsanlara yuxarıdan aşağı baxmıram.

- Sənətçilər arasında pulun dəyişdirdiyi insanlar tanıyırsız?

- Elə insanlar tanıyıram ki, pulun xətrinə mənəviyyatsız insanları ideallaşdırırlar. Məəttəl qalıram. Həyatda əqidəsiz, məqsədsiz yaşamaq insanı uçuruma aparır.

- Lap şou-biznesin ağsaqqalı kimi danışırsız...

- Hə. Bax 10 ildən sonra mən sanballı ağsaqqalardan olacam. Sizə bu gün açıb danışa bilmədyim məqamları söyləyəcəm.

- İndi niyə danışmırsız?


- Axı, hələ ağsaqqal deyiləm (gülür). Mənim sözümdən örnək götürənlər olacaq. Çox istəyirəm ki, qocalım. Bir də bu gün çox mətləbdən danışsam, insanların çoxu məni başa düşməyəcək. Fikirlərimin hərəsi bir cür yozulacaq.

- Etiraflar arasında öz həyat tarixçəniz də ola bilər?

- Əlbəttə. Onsuz da bu gün şaiyələr çox dolaşır. Bir söz danışsam, səmimiyyətimi bir kənara qoyub, başlayacaqlar öz uydurmalarını təsdiqləməyə.

- Deməli, bir az əvvəl danışdığımız obrazlı həyat fikrinə yenə qayıdacağıq. Əgər bu gün nəyisə gizlədirsinizsə, onda demək siz də hansısa məqamlarda oynayırsınız.

- Bu, hər bir insana xasdır. Kimisi daha çox oynayır, kimisi isə daha az. Hərdən mənə elə gəlir ki, bu həyatda rolumu bir o qədər yaxşı oynamamışam. Siz deyən kimi əgər bu gün etiraf etmirəmsə, deməli haradasa oynayıram.

- Sizi oynamağa vadar edən sənət mühitidir?


- Bunun adına şou-biznes deyərdim. Bura mənim yerim deyil. Amma işimin xatirinə mühitdən kənarda ola bilmirəm. Təsəvvür edin, gün ərzində arzulamadığım nə qədər insanlarla qarşılaşmaq məcburiyyətindəyəm. Onlara «sənin xasiyyətindən xoşum gəlmir» deyə bilmərəm. Lazımdır ki, bir qədər obrazda olasan. Amma bu böyük obraz sayıla bilməz. «Salam, sağ ol» vəssalam.

- Deyəsən, yay fəslində ancaq bağ evində dincəlirsiz?

- Ölkədən kənarda az-az istirahət edirəm. Əsasən yaradıcılıq səfərləri zamanı özümə 1-2 gün vaxt ayıra bilirəm. Buna marağım da çox deyil. Əyalətlərimizdəki istirahəti heç bir ölkənin komfortuna dəyişmərəm. Vaxt tapanda uşaqlarla birlikdə bölgələrə gedirik. Yəqin, bu yay da belə olar.

- Bəs, konsert düşünmürsüz?

- Öz təşəbbüsümlə konsert layihəm nəzərdə tutulmayıb. Bakının kənar istirahət mərkəzlərindən bir neçə təkliflər almışam. Hazırda onları gözdən keçiririk. Ola bilsin ilk yay konsertim həmişəki kimi Nabrandan başlayar. Böyük işləri payız aylarında həyata keçirməyi düşünürəm…

Xədicə