ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Bəli, bəli, siz məni bu suala görə öldürə, "şoşkalaya" bilərsiz. Hətta mənimlə "butulka” söhbəti edə bilərsiniz. Buna, yəqin, gücünüz də çatar. Amma mən ,sadəcə, sual verirəm... Hacıbala isə düz "Sovetski"nin ortasında dedi ki, "Bu ölkədə cəmi 1 kişi var". Sizsə susdunuz, cavab verə bilmədiniz...

Bir neçə gün öncə "Sovetski"nin sökülmə xəbəri yayılanda jurnalist həmkarım Elkin Xəlilov maraqlı bir xatirəsini paylaşmışdı. Yadımda qaldığı formada həmin xatirəni sizinlə bölüşüm. Həmkarım universitetin birinci kursunda oxuyanda bir qızla tanış olubmuş. Həmin qız "Sovetski"də yaşayırmış. Qıza təklif edib ki, dərsdən sonra səni evə qədər ötürüm. Qızsa cavab verib ki, olmaz. Məhəlləmizin uşaqları səni döyərlər. Elkin bu xatirəni paylaşandan sonra soruşdu: "Görəsən, fiziki cəhətdən zəif, cılız bir oğlanı döyməyə bəhanə axtaran "qaqaş"lar indi buldozerlərin tır-tır səsindən niyə qorxub gizləniblər?"
Haqlı sual deyilmi? "Sovetski” Bakının mərkəzi sayılıb. Amma faktiki paytaxtın anklavına çevrilib. Burada yaşayan insanlar demək olar ki, qloballaşmadan, inteqrasiyadan tamam təcrid edilib. 5 illik Bakıda kirayə yaşadığım həyatın 1 ilini "Sovetski"də keçirmişəm. 1 il ərzində orada 2 kirayə mənzil dəyişmişəm. Gördüklərim nə olub, bilirsinizmi? Qeyri-etik ifadələrə köklənən qonşu davaları. Ən pis söyüşləri oradan eşitmişəm, narkomanların çoxluğunu orada müşahidə etmişəm, şəhərin ən təhsilsiz gəncliyi də orada cəmləşib...

Bir dəfə evdə dişağrısından yata bilmirdim. Səhər tezdən 2 qonşu arvadın dava səsi məhəlləni başına götürmüşdü. Onlara qulaq asmağa həvəsim olmasa da, eşitdiyim bir söyüş nəinki diş ağrımı unutdurdu, hətta özümü belə hiss etmədim. Bir qadın digərinə qarğış formasında "Görum sənin üstünə kişi şalvarı açılmasın" deyirdi.

Bəli, mən o ərazinin sökülməsinin tərəfdarıyam. Təbii ki, mülkiyyət hüququnun aliliyinə şübhə etmirəm. Hətta söküləndən sonra hansısa formada nəzarət edilməlidir ki, oradakı qonşular yeni evlərində daha bir -birinə qonşu olmasın. Onları bir-birindən ayırmaq, uzaqlaşdırmaq, mental bataqlıqda çabalayan bu qədər insanı xilas etmək lazımdır. "Sovetski" sakinlərinin böyük əksəriyyəti heç özlərinin də nə olduğunu bilmədiyi mental düşüncənin qurbanıdır. Hər tində durub, gəlib keçənlərə söz atanlar, hər keçən oğlana "Qaqaş siqaretin olmaaaz?" deyə sual verənlər, hər keçən qıza atmaca deyənlərə qarşı niyə tolerant olmalıyam, anlamıram. Məsələn, qız dostumla o məhəllədən keçəndə mənim də qabağımı 2 dəfə kəsiblər, sorğu-suala tutublar. Mən ki Hacıbala kimi onlara nakişi deməmişdim, sadəcə yolumu gedirdim. Heç küçənin ortasında sevişməmiş, qızı öpməmişdim də. Sadəcə, yol gedirdik. Amma Hacıbala dedi...

"Vor v zakone" qaydalarını demək olar ki, əzbər bilirəm. Ən azından bir zamanlar sırf maraq xatirinə bu mövzuda 10-dan çox kitab oxumuşam. Ancaq özünü "vor v zakone" adlandıran kimsə "Sovetski"dəki mental düşüncəyə haqq qazandıra bilməz. Cılız, adi bir vətəndaş görəndə onu "zakona" qoymaq istəyənlər Hacıbalanın sözünə niyə reaksiya vermədi? Bax bu, mənə çox maraqlıdır. Məsələn, bu yazıdan sonra əminəm ki, telefonuma zəng gələcək və ya elektron ünvanlarıma nələrsə yazılacaq. Hətta bəziləri yazının altında şərh yazıb məni hədələyəcək. İndidən deyirəm, sizin hamınıza bir cavab verəcəyəm: hünəriniz çatırdı, Hacıbalaya cavab verəydiniz...

Həzi Aslanov, Çingiz Mustafayevin adını daşıyan küçələrdə yaşamaq qəhrəmanlığın şərti sayıla bilməz. Ən azından bu düşüncə ilə yaşamaq dəlilik əlamətidir. Həzi və Çingiz kimi olmaq üçünsə, gücsüzün qarşısında yox, ədalətin yanında olmaq lazımdır.
 
İnterpress.az