ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Dünyanın ən bahalı, dəbdəbəli və sürətli avtobusu elektrik enerjisi ilə çalışır

BaKu.ws portalının məlumatına görə, Nəqliyyat Nazirliyi ölkəmizə yeni avtobusların gətirilməsinə çalışır. Yeni nəsil avtobuslar olduqca fərqli və əlverişlidir. Texnologiyanın son nailiyyətlərindən biri olan bu “Superbus”ı ("superbas") dünya mediası “Gələcəyin avtobusu”, “Texnikanın möcüzəsi”, “Milyonçuların ekspressi” kimi titullarla öyməkdən yorulmur...

Ekstravaqant dizayn

Təxminən 20-23 nəfərlik oturacağı olan avtobuslar son texnologiya ilə hazırlanıb. Kənardan baxanda mühüm dövlət adamının xidməti avtomobili təsirini bağışlayan bu avtobus olduqca lüksdür.
Uzunluğu 15 metr olan “limuzin-avtobus” ekstaravaqant dizayna sahibdir. Hər iki tərəfdən qapıları yuxarıya doğru açılır. Hər qapının açıldığı salonda 3 oturacaq var. Hər iki tərəfdə 8 qapısı olmaqla 16 qapılı “Superbus”un maksimal sürəti 250 km/saat-dir.

Avropada “Milyonçuların avtobusu” adlandırılan “uzundraz”ın salonu olduqca rahar oturacaqlar, simsiz internet, televizor, mikroiqlim tənzimləyici sistemlərlə və s. ilə təchiz olunub.

Superavtobus tamamilə elektron sistemlə idarə olunur. Sürücü kabinəsi isə, hərbi təyyarələrin idarəetmə kabinəsini xatırladır. Radar sistemi, sensor panel və bortlara nəzarət mexanizmi var.

Maksimum təhlükəsizlik

“Texnikanın möcüzəsi” qəza zamanı sərnişinlərin təhlükəsizliyi üçün maksimal tələblərə cavab verir. Olduqca geniş salonu var və oturacaqlar kəmərlə təchiz edilib. Kəmərlər oturacağın yuxarı hissəsinə bənd edilib, aşağıya doğru iki enli qayış uzanır və qayışların ucları oturacaqların söykənəcək hissəsinin aşağısına bərkidilib.

Təsəvvür edin ki, kürəyinizə bel çantasını neçə keçirirsinizsə, kəmərlər də eyni qaydada hazırlanıb. Hər iki çiyini möhkəm söykənəcəyə bərkidir və hər hansı bir qəzadan minimum zərərlə çıxmağı təmin edir. Kompozit kuzası zərbənin təsirini xeyli azaldır.
Təhlükəsizlik kəməri bununla bitmir, oturacağın bir tərəfindən baqa bir tərəfinə kəmər yönləndirilib və bu kəmər sərnişinin belini oturacağa möhkəm sıxır. 3 cüt təkərin təkanı ilə hərəkət edən bu uzun maşın-avtobusun sürücü kabinəsi də çox əlverişlidir. Kənardan bir növ sürət qatarını da xatırladır. TenCate kompaniyasının son istehsalının boy-buxununa nisbətən yüngül çəkisi var.

Ekologiyanın dostu

“SuperBus” ilk dəfə bu ilin əvvəlində Amsterdamda keçirilən "Millionaire Fair" sərgisində nümayiş etdirilib. Bu avtobusu dünyanın ən bahalı, dəbdəbəli və sürətli avtobusu statusu ilə sərgiləyiblər.
Zəmanəmizdə ekologiyanın maksimum çirkləndirilməsi prosesi getdikcə inkişaf edir, təbiətə hər gün daha çox zərərli qazlar və tüstülər buraxılır. Amma yeni super avtobusun özəlliyi var. “SuperBus” adlanan bu nəqliyyat vasitəsi elektrik enerjisi ilə işləyir. Bu da o deməkdir ki, ekologiyamız bu avtobuslardan zərər görməyəcək.

"Superbus" raket və təyyarələrin istehsalında istifadə edilən xüsusi materiallardan hazırlanıb. Olduqca güclü elektrik mühərriki ilə təchiz edilib. Elektrik mühərriki qidalandıran “akkumlyatorlar” avtobusun arxa hissəsində quraşdırılıb.

“Biznes-klas” salon: üstünləkləri nələrdir?

Sərnişinlərin rahatlıqla oturacağı “SuperBus”da komfort yüksək səviyyədədir. Düşünürük ki, bu avtobus ilə Bakı-Sumqayıt yolunda sərnişinlərin daşınması üçün bir çox üstünlüklər var. Bu üstünlükləri sıralasaq, aşağıdakı göstəricilər alınar:
- Baki-Sumqayıt yolunun yaxşı vəziyyətdə olması,
- İki şəhər arasında gediş-gəlişin intensiv olması,
- “SuperBus”ın elektrik enerjisi ilə işləməsi,
- Tələsənlər üçün əvəzedilməz vasitə olması

Qeyd edək ki, avtobusun bütün ön və arxa təkərləri dönmə qabiliyyətinə malikdir və bu da onun şəhər küçələrində də rahat hərəkət etməsini təmin edir. Yüksək amortizasiya sistemi çalalara düşərkən maşının silkələnməsini minimuma endirir. Avtobus yüksək yükgötürmə qabiliyyətinə malikdir.
“SuperBus”un komfort səviyyəsi adi avtomobillərdən olduqca fərqlidir və bir növ biznes-klas təyyarə salonu rahatlığı ilə eynidir. Ona görə də, bu nəqliyyat vasitəsində gediş haqqının bir qədər baha olacağı şübhəsizdir.

Nəqliyyat Nazirliyi ilə “gizlənqaç” oyunu

Nəqliyyat Nazirliyindən məsələ ilə bağlı açıqlama almağa çalışdıq, həmişəki kimi “gizlənqaç” əməliyyatı oldu, bu ona, o buna ötürdü. Məlum oldu ki, yalnız Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bu barədə məlumat verə bilər.
4 günlük fasiləsiz mübarizədən sonra Namiq Həsənovla əlaqə yarada bilmədik. Müasir kommunikasiya sistemlərinin bütün növləri üzrə əlaqə cəhdləri səmərəsiz oldu.

“Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənov isə dedi ki, bu barədə heç bir məlumatı yoxdur: “Öncəliklə Nazirlik bu barədə razılığa gəlməlidir, razılaşmalar imzalanacaq və daha sonra bizə məlumat veriləcək. Hələlik, bu barədə heç bir bilgim yoxdur”.
Mövzu ilə bağlı yeni məlumatlar əldə edib çatdırmağa çalışacağıq.

...Lap yadımdan çıxmışdı... “Gələcəyin avtobusu”nun indiki qiyməti cəmi-cümlətani 13 milyon avrodur.

Elçin Bayramlı
Milli.Az



Gələcəyin avtobusu: "SuperBus" Bakıda? - FOTO