ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Biznesin və ya ictimai həyatın, demək olar ki, bütün sahələrini əhatə edən reytinqləri ilə məşhur olan “Forbes” dərgisinin diqqəti bu dəfə dünya avtomobil sənayesinin superelitar avtomobillərinə yönəlib. Belə ki, “Forbes” dərgisi dünyanın 10 ən bahalı avtomobilinin siyahısını tərtib edib. Bu avtomobilləri əldə etmək çoxlarına nəsib olmayacaq, çünki buna böyük pullar tələb olunur.

Reytinqə məşhur dünya brendləri tərəfindən istehsal olunan, dəyərləri 100 min dollardan artıq olan və ildə 50 nüsxədən artıq miqdarda buraxılmayan modellər düşüb.
Aston Martin, Lamborghini və Bugatti kimi markaların sportkarları reytinqdən çıxarılıb, çünki bu avtomobillər ilk növbədə idman yürüşləri ilə assosiasiya olunur.Beləliklə başladıq..

10. Onuncu yerdə dəyəri 115 min dollar olan Jaguar XJL Supersport qərarlaşıb. Bu Britaniya modeli 500 at gücünə malik mühərriklə təchiz olunub. Onun 100 km/saat sürət yığmasına cəmi 4,7 saniyə tələb olunur.

9.Doqquzuncu yerdə Maserati Quattroporte Sport GT S modeli məskunlaşıb. Bu italyan superkarının kapotunun altında 440 at gücünə malik 8 silindrli mühərrik quraşdırılıb. O, cəmi 5,1 saniyəyə 100 km/saat sürət yığır. Bu avtomobil çəkinin unikal paylanması sistemi ilə təchiz olunub. Onun dəyəri 125 min dollar təşkil edir.

8.Səkkizinci yeri 145 min dollara satılan alman modeli Porsche 911 Turbo Cabriolet tutub. Onun mühərriki 500 at gücündədir, avtomobil 100 km/saat sürəti cəmi 3,5 saniyəyə yığır. Bundan başqa, almanların bildirdiyinə görə, mühərrik yanacağı qənaətlə işlədir.
Dünya ən bahalı 10 avtomobili

7.Yeddinciı yerdə dəyəri 210 min dollar olan Mercedes-Benz CL 65 AMG gəlir. AMG atelyesindən olan tüninq ustaları ona 604 at gücünə malik V12 mühərriki quraşdırıblar. Bu avtomobilin 100 km/saat sürət yığmasına cəmi 4,2 saniyə bəs edir.

6.Altıncı yerdə “Forbes” dərgisinin reytinqində Rolls-Royce Ghost MSRP modeli gəlir. O, 563 at gücünə malik olan V12 mühərriki ilə təchiz olunub. Bu avtomobilin 100 km/saat sürət yığması təxminən 5 saniyə vaxt aparır. Avtomobilin salonu dəri və bahalı ağac materialı ilə işlənib. Oturacaqlar masaj funksiyası ilə təchiz olunub. Avtomobildə həmçinin öz daxili işıqlandırma sistemi olan soyuducu, qatlanan masa və şampan badələri var. Dəyəri 245 min dollar olan bu avtomobil sifarişlə hazırlanır.

5.Ən bahalı avtomobillərin ilk beşliyini Bentley avtomobilləri arasında ən güclü və sürətli model olan Continental Supersports ingilis avtomobili qapayır. Dəyəri 275 min dollar olan bu avtomobilin kapotunun altında 621 at gücünə malik 12 silindrli mühərrik quraşdırılıb. Avtomobil 100 km/saat sürəti 3,7 saniyəyə yığır. O həm benzinlə, həm də E85 əmsallı etanolla işləyir.

4.Reytinqdə dördüncü yeri Bentley Mulsanne sedanı tutur. Məlumatlara görə, avtomobil 50% əllə yığılır, bir modelin hazırlanmasına 2 ay vaxt sərf olunur. O, 6,75 litr həcmə və 505 at gücünə malik V8 mühərriki və 8 pilləli avtomat transmissiya ilə təchiz olunub.Bu avtomobil reytinqdə istisna təşkil edir, belə ki, onun qiyməti hələ elan olunmayıb. Satışda 2012-ci ildə peyda olacaq bu avtomobilin premyerası gələn ilin yanvarında Detroyt avtosalonunda baş tutacaq.

3.Reytinqin “bürünc” mükafatçısı Ferrari 599 GTB Fiorano modelidir. Onun qiyməti 300 min dollar həddini keçərək 310 min dollar təşkil edir. Bu avtomobilə 620 at gücündə olan V12 mühərriki quraşdırılıb. Avtomobilin 100 km/saat sürət yığmasına 3,7 saniyə tələb olunur.

2.Reytinq siyahısında ikinci yeri Rolls-Royce Phantom Drophead Coupe tutur. Onun kapotunun altında 453 at gücünə malik olan 12 silindrli mühərrik quraşdırılıb. Bu mühərriklə avtomobil 5,7 saniyəyə 100 km/saat sürət göstəricisinə nail olur. Avtomobilin dəyəri 445 min dollardır.

1.Reytinqin lideri isə Maybach 62S MSRP modelidir. Alıcılar onun üçün 450 min dollar ödəməli olacaqlar. Mühərrikinin gücü 604 vahid təşkil edən bu avtomobil 5,2 saniyəyə 100 km/saat sürət yığır. Avtomobilin salonunda ayaqlar üçün altlıqlarla təchiz olunmuş maili arxa kreslolar, hərəkət edən masa, DVD və digər avadanlıqlar quraşdırılıb.