ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Mərkəzi Bank tərəfindən fevralın 21-də manatın ABŞ dollarına nisbətdə məzənnəsində dəyişikliklə bağlı qərardan sonra mövcud kreditlərin qaytarlması ilə bağlı suallar geniş müzakirə olunur. Bu vaxta qədər banklarda dollarla krediti olan şəxslər bundan sonra hansı məzənnə ilə kreditlərin qaytarılmalı olmasını düşünürlər. Dollarla kredit götürüb manata məzənənsi ilə qaytaran şəxslərin 33 faizə yaxın artıq ödəmələr edəcəyinə dair iqtisadçıların mülahizələri həm də bir ajiotaj yaratdı. Ötən müddətdə həm iqtisadçı ekspertlərin, həm də bankların nümaynədələrinin mövzu ilə bağlı verdikləri açıqlamalar bu yönümdədir ki, dollarla kredit götürmüş şəxslər bundan sonra onun yeni məzənnəsi ilə ödənişlər etməlidirlər. İqtisadçılar, hətta, Mülki Məcələnin müvafiq müdəalarının da bunu tələb etdiyini deyirlər. Mərkəzi Bankın adından keçən həftə yayılan açıqlamada bu məsələyə hələ ki, aydınlıq gətirilmədiyi bildirilmişdi.

 

Analitik.az bu mövzuda hüquqşünas şərhini təqdim etmişdi. Lakin ötən müddətdə də göründüyü kimi, Mülki Məcəllənin 439-cu maddəsinin mənasına fərqli yanaşmalar mövcuddur. Ona görə də bu mövzuya bir daha qayıdaraq, mülki hüquq sahəsində tanınmış alim İbrahim Vəliyevin münasibətini almışıq. Yaranmış sualları Analitik.az-a şərh edən Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmlər üzrə fəlsəfə doktoru İbrahim Vəliyevin fikrincə, ümumiyyətlə, yaranmış şəraitdə bankların kredit ödənişlərini xarici valyutanın manata olan yeni məzənnəsi ilə tələb etməsi qanunun tələblərinə ziddir:  «Məlum olduğu kimi, banklar bir çox hallarda vətəndaşlara kreditləri xarici valyuta (dollar, avro) şəkilində veriblər. Bu isə vətəndaşlarla banklar arasında hesablaşmalarda ciddi problemlərin yaranmasına səbəb olub. Məndə olan məlumatlara görə, xarici valyutada kredit verən banklar hesablaşmanı valyutaya nisbətdə manatın yeni məzənnəsi ilə aparırlar. Banklar bu hərəkətlərini onunla əsaslandırırlar ki, vətəndaşlarla bağladıqları kredit müqaviləsində bu qayda nəzərdə tutulub (MM-nin 439.7-ci maddəsi).

Bankların, kreditləri xarici valyutaya nisbətdə manatın yeni məzənnədə ödənilməsini tələb etməsi qanuna birbaşa ziddir. Belə ki, MM-nin 439.1-ci maddəsinə görə, pul öhdəliyi (borc) manatla ifadə edilməlidir. Əgər müqavilə tərəflərindən biri xarici fiziki şəxs (vətəndaş) və ya hüquqi şəxsdirsə (təşkilat), tərəflər pul öhdəliyini (borcu), əgər bu qanunla (Mülki Məcəllə) qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Maddədə nəzərdə tutulduğu kimi, əgər tərəflərdən biri xarici fiziki şəxs və ya hüquqi şəxs deyildirsə, öhdəlik manatla ifadə olunmalı və deməli, manatla ödənilməlidir.

Ona görə də MM-nin 439.1-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan bankları, xarici valyutada (dollar, avro və s.) vətəndaşlara və ya hüquqi şəxslərə verdikləri kredit məbləğini, kredit müqaviləsinin bağlandığı anda mövcud olan valyutanın manata nisbətdə məzənnəsinə uyğun olaraq manata çevirməyə borcludurlar. Borc (kredit) alanlar isə həmin borc məbləğini kredit müqaviləsində nəzərdə tutulan məbləğlərdə banklara ödəməlidirlər. (MM-nin 439.7-ci maddə). Xarici banklardan alınan kreditlərin və onların faizlərinin ödənilməsi isə MM-nin 439.7-ci maddəsinin müəyyən etdiyi qaydada ödənilməlidir. Yəni, öhdəliyin ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir».
 
İ.Vəliyev hesab edir ki, hazırda banklar əvvəllər verilmiş kreditlərin xarici valyutanın (dollar, avro) manata nisbətdə yeni məzənnəsi ilə ödənilməsini tələb etməkdə haqlı deyillər:  «Banklar tələblərini onunla əsaslandırırlar ki, kreditin qaytarılması məqsədilə ödənişlər davam etdiyi üçün, hər ödəniş yeni öhdəlik yaradır. Ona görə də MM-nin 439.7-ci maddəsinə əsasən borclu ödənişi, öhdəliyin yarandığı vaxta, yəni, ödənişin edildiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.
 
Bankların kreditləri xarici valyutanın yeni məzənnəsinə uyğun qaytarılması haqqında tələbi aşağıdakı səbəblərə görə əsassız sayılmalıdır. Belə ki, borc (öhdəlik) - müqavilənin şərtinə görə ya tam, ya da hissə-hissə ödənilə bilər. MM-nin 432-ci maddəsinə görə, borclu, kreditorun (bankın) razılığı ilə öhdəliyi hissə-hissə qaytara bilər. Hər kəsə məlumdur ki, kredit alan şəxslər bankın razılığı krediti hissə-hissə ödəyirlər.
Borcun (kreditin) hissə-hissə qaytarılması, yəni, müəyyənləşdirilmiş müddətlərdə ödənişlər edilməsi yeni öhdəliyin yaranması deyil, əvvəlcədən kredit müqaviləsi əsasında yaranan və artıq mövcud olan öhdəliyin icrasıdır.
    
Kredit öhdəliyi tərəflərin (bankın və borclunun) bağladığı müqavilənin əsasında və müqavilənin qüvvəyə mindiyi an yaranır.
Bundan başqa, MM-nin 398-ci maddəsinə görə müqavilənin icrası müqavilə tərəflərinin razılaşdırılması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və MM-də nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. MM-nin 439.7-ci maddəsində isə borcun ödəniş qiymətinin (məzənnəsinin) dıyişməsi qaydası aşağıdakı kimi müəyyən edilib: "Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir.»
 
Beləliklə, əgər bankla kredit alan (borclu) arasında bağlanan müqavilədə ödənişin başqa qaydası nəzərdə tutulmayıbsa, borclu öz borcunu müqavilənin qüvvəyə mindiyi vaxtda mövcud olan məzənnə ilə ödəməlidir.»