ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:


BAKU.WS представляет новость на азербайджанском языке! 

BAKU.WS-in araşdırması dərman bazarındakı şok faktları ortaya çıxardı 

Son günlər Bakı apteklərində Fransa istehsalı olan "Lamiktal-100” adlı  dərman yoxa çıxıb. BAKU.WS-in  redaksiyasına şikayət edən Cavid Babayev adlı oxucu əvvəllər bu dərmanı xəstə anası üçün aldığını bildirib. Oxucumuz  son bir neçə həftədə paytaxtın əksər apteklərini ələk-vələk etdiyini, ancaq həmin dərmanı tapmadığını bildirib. 


BAKU.WS-in bunun səbəbini öyrənməklə bağlı dərman bazarında apardığı araşdırma isə şok faktları üzə çıxarıb. Məlum olub ki, əslində aptektlərdə "Lamiktal-100” adlı preparat satılır. Ancaq bu preparat nisbətən aşağı keyfiyyətlidir və Türkiyə, Hindistan kimi ölkələrdə istehsalı olandır. Qiymət isə Fransa istehsalı olan "Lamiktal-100”lə eynidir-42 manat. Demək dərman işbazları burda da bir güllə iki dovşan vurublar. Yəni maya dəyəri nisbətən baha olan Fransa istehsalı keyfiyyətli dərmanın əvəzinə maya dəyəri aşağı olan keyfiyyətsiz dərmanı ölkəyə gətirərək eyni qiymətə satırlar. Bununla da dərman satışından götürdükləri qazancı bir qədər də artırırlar. 


Elə dövlət başçısı İlham Əliyev də bir neçə gün əvvəl Nazirlər Kabinetində təşkil etdiyi iclasda dərman bazarındakı özbaşınalığa toxunmuşdu. 

Prezident görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməli olduğunu bildirmişdi.  Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda deyib. 

Prezidentin sözlərinə görə, bazarın hər şeyi tənzimlədiyi hesb edilirdi. Lakin sonra məsələni dərindən təhlil edilərkən görünüb ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. 

"İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib".

İclasda çıxış edən dövlət başçısı İ.Əliyev deyib ki, İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğul olunur. Prezident hesab edir ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. 

"Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. 

Prezident qəti şəkildə bildirib ki, bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaq. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. 

Bəli dövlət başçısının yerində dediyi kimi bu hələ məsələnin çox az bir tərəfidir. Azərbaycan Dəmir Yolu Xəstəxanasının şöbə müdiri, elmlər namizədi Kərimov da Azərbaycan dərman bazarındakı daha bir fırıldaqçılığın üstünü açmışdı. O bildirir ki, Almaniyada olarkən əczaçı şirkətlərdən birinin rəhbəri Azərbaycandan heç bir şəxslə işləmədiyini deyib. "O, mənə bildirdi ki, Azərbaycandan gələn adamlar mənə preparatın tərkibinə 5 parametr əvəzinə bir parametri əlavə edərək ucuz satmasını təklif edirdilər. Həmin alman həkim bildirdi ki, mən o azərbycanlıları qovdum. Dedim ki, siz millətinizin düşmənisiniz. Siz burdan dərman aparıb adamlarınızı qırırsınız. Mən sizə bu şərtlər altında dərman satmayacam”, - deyə şöbə müdiri bildirib. 

Ümumilikdə bu gün Azərbaycanda dövlət qeydiyyatından keçən dərmanların sayı 4300-dən çoxdur. Onların çoxu isə Avropa istehsalı olan dərmanlar. Avropa dərmanların ölkəmizdə satış qiyməti çox baha olsa da keyfiyyəti aşağı səviyyədədir. 

Tibb eksperti, professor Adil Qeybulla Baku.ws-in müxbiri ilə söhbətində dərmanların keyfiyyətini yaxşılaşdırılması üçün ilk növbədə nəzarətin gücləndirilməsinin vacibliyini bildirib. O deyib ki, dərmanların keyfiyyətinə şəffaf nəzarət etmək üçün ixtisaslaşmış müəssisələr-dövlət farmokafedraları yaradılmalıdır. Ekspert bundan sonra dərmanın keyfiyyətinin artacağında danışmağın mümkün olacağını bildirib. 

Yuxarıda qeyd etdiyimiz kimi dövlət başçısı İlham Əliyev dərman bazarındakı özbaşınalığın aradan qaldırılması üçün nazirlərə sentyabradək vaxt verib. Sentyabrda məsələyə qayıdaraq məmurların dövlət başçısının tapşırığını necə icra etdikləri və nəticələr barədə yenidən material hazırlayacağıq.
 
Elnur Hacı
BAKU.WS