ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

Futbol üzrə milli komandamız tarixi qələbə qazandı

Oktyabrın 12-də futbol üzrə Azərbaycan milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə millisini qəbul edib.

Baş məşqçi Berti Foqts start heyətində 3 hücumçuya şans verib. Mərkəz hücumçusu mövqeyində oynayan Fərid Quliyevə cinahlardan Vaqif Cavadovla Vüqar Nadirov dəstək verib. Mərkəz müdafiəçiləri qismində çıxış edən Rəşad Sadıqovla Saşa Yunisoğludan əlavə cinahlarda Elnur Abdullayev və Rail Məlikov yer alıb. Ruslan Abışov dayaq yarımmüdafiəçisi qismində sınanıb. Cinahlarda isə Mahir Şükürov və Rahid Əmirquliyev yer alıb. Qapını isə Kamran Ağayev qoruyub.

Cari seçmə tsikldə ilk ev oyununa çıxan komandamız tribunaları tam dolduran azarkeşlərin dəstəyilə oyuna fəal başlayıb. Bir neçə təhlükəli vəziyyət yaradan yığmamızın ən real qol imkanını Vaqif Cavadov əldən verib. 10-cu dəqiqədə Volkan Dəmirəllə təkbətək çıxan Cavadovun zərbəsi qapıdan azacıq aralı keçib.

Tədricən “ay-ulduzlular” oyunu bərabərləşdirməyə müvəffəq olublar. Həmin bölümdə komandamızın qapıçısı Kamran Ağayev məharətini göstərib. Ağayev Hamit Altıntop və Gökhan Gönülün qüvvətli zərbələrini dəf edib. Bir epizodda isə Altıntopun uzaqdan zərbəsi qapı tirinə tuş gəlib.

39-cu dəqiqədə isə millimiz hesabı açıb. Mahir Şükürovun yerinə yetirdiyi künc zərbəsindən sonra ənənəvi taktikadan yararlanan futbolçularımız topu mərkəzdə zərbə mövqeyində Rəşad Sadıqova buraxıblar. Sadıqov isə topa dəqiq zərbə endirib.

45-ci dəqiqədə isə baş məşqçi Berti Foqts məcburi dəyişikliyə əl atmalı olub. Foqts zədəli müdafiəçi Rail Məlikovun yerinə Aleksandr Çertoqanovu meydançaya buraxıb. Amma Çertoqanovun ayağı topa dəyməmiş rumıniyalı baş hakim Aleksandru Dyakonu ilk yarının başa çatdığını bildirib.

Fasilədən sonra Türkiyə millisində dəyişiklik baş verib. Özər Hurmacının əvəzinə Nihat Kahveci meydançaya daxil olub. Komandamız isə ilk hücumdaca qol vurmaq imkanı qazanıb. Lakin Ruslan Abışovun zərbəsu qapıdan azca aralı keçib.

53-cü dəqiqədə Aleksandr Çertoqanov Elnur Allahverdiyevin başlatdığı hücumdan sonra qapı qarşısına ötürməni tamamlaya bilməyib. Son anda Volkan topu uzaqlaşdırıb.

Bundan 4 dəqiqə sonra meydançada kiçik toqquşma baş verib. Abışov zədələnərək yerdə qalsa da, qonaqlar oyunu davam etdiriblər. Komandamız təhlükəni sovuşdurduqdan sonra Mahir Şükürov Hakan Balta ilə kəllə-kəlləyə gəlib. Onları komanda yoldaşları araladıqdan sonra hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Bundan sonra Hiddink Tuncay Şanlını oyundan çıxararaq, Sərcan Yıldırıma şans verib. Amma yenə komandamız meydançada daha fəal təsir bağışlayıb. 65-ci dəqiqədə Vüqar Nadirov rəqibin cərimə meydançasına daxil olsa da, ötürmə əvəzinə qeyri-dəqiq zərbəyə üstünlük verib.

68-ci dəqiqədə Fərid Quliyevin əvəzinə Rauf Əliyev meydançaya daxil olub. Hücumlarını davam etdirən komandamız 75-ci dəqiqədə daha bir real qol imkanı əldə edib. Cavadovun zərbəsini Volkan çətinliklə qaytarıb. Özünü yetirən Abışov isə topu qapıdan azacıq aralı vurub.

80-ci dəqiqədə Səlcuk İnanın əvəzinə Halil Altıntop da oyuna daxil olub. Millimiz isə son dəyişikliyi 85-ci dəqiqədə edib. Vaqif Cavadovun əvəzinə müdafiəçi Vurğun Hüseynov oyuna daxil olub.

Qalan dəqiqələrdə də sayıqlığı əldən verməyən millimiz qələbəni təmin edib. Beləliklə, yığmamız tarixi uğura imza atıb. Türkiyə ilə 6-cı matçında ilk qələbəsini qazanan millimiz 3 xala sevinib. Bu, həm də Berti Foqtsun gəlişindən sonra komandamızın rəsmi matçlarda öz meydançasında əldə etdiyi ilk qələbə olub.

Elşən Məmmədov


[media=http://www.youtube.com/watch?v=fiAMA-f88-g]