ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73



Sosial şəbəkələrdə yol polisinin qanunsuz əməldə ittiham edən daha bir video paylaşılıb. 

ANS PRESS-in məlumatına görə, videoda göründüyü kimi, yolda "Niva” markalı, 10 10 YP 777 dövlət nömrə nişanlı avtomobildə yol polisi tərəfindən radar quraşdırılıb. Radar vasitəsilə ərazidəki avtomobillərin hərəkəti izlənilir və sürət həddini keçən avtomobillər qeydə alınır.

Videonu çəkən şəxs həmin yol polisini qeyri-qanuni əməllərdə ittiham edir. 

ANS PRESS olaraq məsələyə aydınlıq gətirmək istədik. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. 

Polis rəisi ANS PRESS-ə açıqlamasında bildirib ki, Yol Hərəkəti Haqqında qanunun 50-ci maddəsində radarların harada qoyulması konkret olaraq yazılmayıb. Sadəcə qeyd olunur ki, yaşayış massivinə 200 metr, yaşayış məntəqəsindən min metr aralıda, ya radarın qoyulması barədə xəbərdarlıq nişanı, yaxud da, maksimal sürət həddini göstərən nişan qoyulmalıdır.

"Ola bilər ki, maksimal sürət haddi qeyd olunsun. Bu zaman həmin ərazidə radar qoyula bilər. Burada heç bir qanun pozuntusu yoxdu”, - deyə K.Əliyev bildirib.

Kamran Əliyev yollarda gəzən radarlar tərəfindən qeydə alınmış sürücülərin cəriməsinin yerində "silinməsi”nə aydınlıq gətirərək bildirib ki, heç bir halda sürücü yol polisinə nağd pul verməməlidir.

"Sürət həddini aşan sürücüyə yol polisi yerində sürücünün razılığı ilə qərar çıxara və o da POS-terminal vasitəsilə cəriməni ödəyə bilər. Burada söhbət yol polisinin sürücüdən pul alıb buraxmasından getmir. Yol polisinin radara düşən sürücüdən pul alıb buraxmaq ixtiyar yoxdur. Bu cinayətdir”, - deyə K.Əliyev vurğulayıb.

İdarə rəsmisi deyib ki, sosial şəbəkələrdə paylaşılan həmin video polis tərəfindən araşdırılacaq. Əgər həqiqətən də. Həmin hadisədə yol polisi qanun pozubsa, həmin əməkdaş cəzalanacaq.