ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


"Avtoşluq" edən Azərbaycan müğənniləri kimlərdir?

Şou-biznes əhli təkcə qalmaqalları və səhnə fəaliyyətləri ilə rəqabət aparmır. Onlar tez-tez bahalı, son model avtotomobilləri ilə də gündəmə gəlirlər.

Bəs sənətçilərimiz yol təhlükəsizliyi qaydalarına nə qədər əməl edirlər? Yol polisləri onlarla necə davranır?

BaKu.ws-in sənətçilər arasında apardığı sorğu bir çox maraqlı məqamları ortaya çıxardı. Məlum oldu ki, müğənnilər yol hərəkəti qaydalarını tez-tez pozur, bəziləri isə hətta bunu bilərəkdən etdiyini bildirir. Hətta 13 ildir avtomobilini sürücülük vəsiqəsi olmadan idarə edən müğənnimiz də var. Amma... əksər hallarda yol polisləri onları bağışlayır. Bunun nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirməyi oxucunun öhdəsinə buraxırıq.

İndi isə sənətçilərimizin "yol əhvalatlarını" öz dillərindən eşidin:


Flora Kərimova: "Saxlayıb deyirlər ki, bizə yazığınız gəlsin"

Xalq artisti Flora Kərimova: "Sürücülük vəsiqəm var. Amma içərisində bal yoxdur. Şükür Allaha ki, polislər mənə balları "hədiyyə" verməyiblər. Bu günə qədər heç olmayıb. Ancaq o ballar yazılası olsaydı, mən indi onların içərisində batmışdım. Amma yol polisləri mənimlə ballar arasında kişi kimi dayanıblar, “qoymarıq” deyirlər (gülür). Dövlət Yol Polislərinin hamısına hörmət edirəm, amma etiraf edim, birdən bilmədən və ya qanmadan qaydanı pozuram. Lakin çox sağ olsunlar ki, bunu mənə keçirlər. Saxlayıb deyirlər ki, Flora xanım, bizə yazığınız gəlsin. Bəlkə də yol polisində məndən palaz-palaz dosyelər var. Yenə də çox sağ olsunlar, hörmət edirlər. Görünür mən o hörməti zərrə-zərrə, əziyyətlə qazanmışam. Çalışıram o hörməti itirməyəm."

Nadir Qafarzadə: "Qaydaları bilərəkdən pozmuşam"

Müğənni Nadir Qafarzadə: "Sürücülük vəsiqəmi 2002-ci ildə almışam. Buna baxmayaraq ilk illərdə maşını özüm idarə etməmişəm. Mənim üçün sürücülər idarə ediblər. Amma 2004-cü ildən özüm sürürəm. Düzdür, bu günə qədər əzmişəm də, vurmuşam da, amma deyə bilərəm ki, 80% peşəkaram. Lakin qaydalarla bir az problemim var. İndi mən sizə yalandan deyim ki, mükəmməl bilirəm, sonra isə yalanım çıxsın!? Qaydaları pozuram, amma bunu bilərəkdən etmişəm. Mən hər zaman gecikirəm. Lakin heç nəyə baxmayaraq, Dövlət Yol Polisləri ilə münasibətim çox gözəldir. Sevinirəm ki, sənətimizə bir az da olsa, hörmət var. Bilmirəm, bir insan kimi, bir şəxsiyyət və ya bir sənətçi kimi hörmət edirlər, amma çox sağ olsunlar. Əsası odur ki, yolda bu sənətin varlığı mənim köməyimə çatır. Olub ki, saxlayıblar, sonra təklif ediblər ki, uşaqlarının toyunda oxuyum, mən də getmişəm. Mənim bu düzgünlüyüm bəzi “qayişniklərə” xoş gəlib və məni görəndə deyiblər ki, bu kişi adamdır! Vəsiqəmdə balım olub. Axırıncı dəfə 3 balım var idi, amma bir il keçdi və o silindi, getdi. Bu yaxınlarda bir dəfə yazmaq istədilər, məndə yoldaşımın sürücülük vəsiqəsini verdim, yazdılar (gülür)".

Samira: "Canımda qorxu var"

Müğənni Samira: "Mən maşın sürmürəm. Allah bu xoşbəxtliyi və həvəsi mənə verməyib. Bir-iki dəfə çalışdım öyrənəm, amma gördüm ki, canımda qorxu var. Qorxudan əlavə insanda həvəs olmalıdır. Məndə o yoxdur. Həyat yoldaşım və qardaşım mənə deyir ki, öyrən, sür. Amma mən istəmirəm. Maşınsızlıq mənə heç bir maneçilik törətmir. Hara lazımdırsa qardaşım və həyat yoldaşım aparır".

Sevda Yəhyayeva: "O qəzadan sonra sükan arxasına əyləşmirəm"

Müğənni Sevda Yəhyayeva: "Avtomobil qəzası keçirdəndən sonra mən sükan arxasına əyləşmirəm. Çünki o qəzada mən demək olar ki, ikinci dəfə həyata gəldim. Məhz o qəzadan sonra fikirləşdim ki, daha avtomobil sürməyəcəyəm. Hazırda isə mənim sürücüm var və mən hər yerə onunla gedirəm. Amma sürücülük vəsiqəm var və mənim orada balım olmayıb. Qayda isə pozmuşam, ancaq ciddi bir qayda olmayıb. Maşın sürəndə çalışırdım ki, qaydaları pozmayım, amma pozanda da çox sağ olsun yol polisləri, mənə hörmət edirdilər".

Zamiq Hüseynov: "Bir vətəndaş kimi cəriməmi almalıyam"

Müğənni Zamiq Hüseynov: "Qaydanı pozanda polislər saxlayır. Bu yaxınlarda isə mənim sürücülük vəsiqəmi alıb yazmışdılar. Mən də çox pis oldum. Amma qayda pozduğum üçün heç nə eləmədim. Verdim vəsiqəmi və onlar mənə bal yazdılar. Əslində mən qayda pozuramsa, bir vətəndaş kimi cəriməmi almalıyam. Bundan əvvəl də belə hallar çox olub. Demirəm mən göydən düşmüşəm, amma onlar biz sənətçilərə hörmət etməlidirlər. Hər şey qarşılıqlı olmalıdır. Olub ki, mən onların toyuna getmişəm və onlardan heç bir manat da pul götürməmişəm. Düzdür, bu onların haqlarıdır. Demirəm hər bir qayda pozuntusuna görə bizi bağışlasınlar. Amma dövlət tədbirlərinə gedəndə olur ki, biz gecikirik və birdən onlar boş bir şeyin üstündə saxlayırlar bizi. Deyir qoşa xətti keçmisən. Olur da belə hallar. Bilirsiniz ki, Bakıda hamı yaxşı maşın sürə bilmir".

Azəri Günel: ""Avtoşluq" edirəm"

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova: "Maşın sürürəm, özü də dəli kimi. Maşınım var idi, satdım. Amma almağı düşünürəm, inşallah. Mən iki qapılı maşınları daha çox sevirəm. Çünki idman üslubunda olan maşınlarda "avtoşluq" edə bilirəm (gülür). Sürməyi isə qardaşımdan öyrənmişəm. Şəhərdə maşın sürəndə görürəm ki, məni sıxışdırırlar, keçirəm qabaqlarına, deyirəm “Nədi? Nə istəyirsən məndən?”. Allah qoysa, maşını burda deyil, İstanbulda alacam. Sürücülük vəsiqəmi isə 17 yaşımda almışam. Amma Dövlət Yol Polislərinin əməkdaşları hər zaman mənə hörmət edib, bal yazmayıblar. Qaydaları isə mükəmməl şəkildə bildiyimi desəm, yalan olar. Əslində qaydalar onları pozmaq üçündür (zarafat edirəm). Amma burdan da bütün sürücülərə qayda pozmadan maşın sürməyi tövsiyə edirəm. Çünki təhlükəlidir".

Natəvan Həbibi: "Adamın gərək adamı olsun"

Müğənni Natəvan Həbibi: "Mən bir ildən artıqdır ki, maşın sürmürəm. Amma sürücülük vəsiqəm var, özü də çox yaxşı vəziyyətdədir. Bu günə qədər mənim vəsiqəmdə bal olmayıb. Çünki adamın gərək adamı olsun (gülür). İndi də tələsəndə mən özüm oturub sürürəm. Görürəm ki, hə, hələ də qayda pozuram. Məsələn, dönmək qadağandır, amma mən dönürəm. “Qayılarla” isə münasibətim yaxşıdır. Çünki hər zaman mənə hörmət ediblər. Əslində məni çox nadir hallarda saxlayıblar, onda da sağ olsunlar ki, hörmət ediblər. Yol polisləri bir çox müğənniləri saxlayanda toylarında, xeyir işlərində oxumağı xahiş edirlər, onlar da razılaşır. Amma mənim belə şey heç başıma gəlməyib".

Lalə Məmmədova: "Mənə sürücülük vəsiqəsini vəzifəli şəxs hədiyyə etdi"

Müğənni Lalə Məmmədova: "Mənim sürücülük vəsiqəmin çox maraqlı tarixçəsi var. Bir gün vəzifələri şəxslərdən birinin məclisində iştirak etdim. Mahnılarımı oxuduqdan sonra həmin şəxs mənə yaxınlaşıb təşəkkürünü bildirib, hədiyyə verəcəyini dedi. Ancaq mən başa düşmədim bunu mənə nə mənada deyir. Bir aydan sonra o mənimlə görüşüb sürücülük vəsiqəmi verdi. Çox təəccübləndim, çünki gözləmirdim. İndi isə mənim vəsiqəm də var, maşın da sürürəm. Yol Polisləri ilə də ciddi problemim yoxdur. Çox sağ olsunlar ki, güzəştə gedirlər".

Rəhim Rəhimli: "13 ildən artıqdır avtomobil idarə edirəm, sürücülük vəsiqəm yoxdur"

Müğənni Rəhim Rəhimli: "Mənim heç bir zaman sürücülük vəsiqəm olmayıb. Baxmayaraq ki, 13 ildən artıqdır avtomobil idarə edirəm. Ancaq sürücülük vəsiqəm yoxdur. Düzdür, ona sahib olmaq o qədər də çətin iş deyil, ancaq nədənsə heç zaman vəsiqəm olmayıb. Mütləq vurğulamalıyam ki, mən nadir hallarda özüm maşın sürürəm. Hər zaman sürücüm olub. Bəlkə elə bu səbəbdəndir ki, sürücülük vəsiqəsi almağa ehtiyac duymamışam. Əksər hallarda gecə gəzintilərinə çıxanda avtomobili özüm idarə edirəm. Heç vaxt Dövlət Yol Polisləri ilə çətinliyim olmayıb. Əgər onlar məni saxlasalar, simamdan tanıyırlar. Axı mən məşhur adamam və bu üzdən yol polisləri hər zaman mənə hörmət edirlər. Onlar maşınımı saxlayıb, məni görəndə cərimə etmədən buraxırlar. Bəlkə də onların heç ağlına gəlmir ki, Rəhim Rəhimli avtomobili sürücülük vəsiqəsiz idarə edir...".

Mələk