ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


"Rəqsanə heç vaxt Hollivud ulduzu və zövqlü insanlardan olmayacaq"


- Samir, 2010-ci ildə şou-biznesdə baş verənlərə stilist gözü ilə baxsaq, nəyi necə görərik?

- Ala-bula keçdi bu il. Məsələn, ilin əvvəlində xalq artisti Aygün Kazımova çox şık görünürdü. Amma sonra əksinə oldu, pis görsəndi. Yay aylarının bir ayı ərzində Aygün çox dəyişdi. Sonra yenidən pis vəziyyətdə çıxdı. Arzu olunan simada deyil, zövqsüz geyinməyə başladı.

- Demək Aygün Kazımovanı bəyənmədin. Bəs kimləri bəyəndin?

- Bu il ən çox Röyanı bəyəndim. İlin əvvəlindən sonuna qədər çox gözəl göründü. Səbinə Babayeva və Sevda Yahyayevanı bəyəndim, bunlar çox gözəl və zövqlü görünürdülər. Mən axır vaxtlar dəlicəsinə Rəşidə Behbudovanı bəyənirəm.

- Səncə, müğənnilərin stilistə ehtiyacı varmı?

- Mütləq. Elə Aygün xanımın stilisdə böyük ehtiyacı var. Baxmayaraq ki, Zülfiyyə Xanbabayevanın öz zövqü var. Amma onun da ehtiyacı var. Zülfiyyə xanım 2-3 ildir ki, stilisdə müraciət etmir.

- Nədir Zülfiyyə xanımda çatışmayan ki, o, stilisdə müraciət etsin?

- Onun rənglə bağlı problemi var. Eyni rənglər, eyni geyimlər, eyni çəkmələr... Onun geyindikləri dünəninkidir. Baxın, çox bəyəndiyim Rəşidə Behbudova efirə az-az çıxır. Çıxan kimidə mən onun geyindiyi rənglərə fikir verirəm. O, çox diqqətlə rəngləri, bədəninə və yaşına uyğunlaşdırır. O, hər zaman fərqli görünür. Onun ayaqqabıları çox gözəl və bahalı olur. Səmimi danışaq, Nura Suri də çox gözəl geyinir. O da bahalı geyinir. Ümumiyyətlə, Nura, Röya, Sevda - bunlar gəncdirlər, nə geyinsələr də yaraşacaq. Onların formaları buna imkan verir. Yəgin ki, 30-35 yaşına qədər də bu, belə olacaq. Əsl zövq isə 35 yaşından sonra bilinir. Məsələn, illərlə zövqünü dəyişməyən Flora Kərimovadır ki, hər zaman onu formada görürsən. Flor xanım hər zaman zövqlə və özünə uyğun geyinir. Baxırsan ki, qıraqdan, ordan-burdan ətləri çıxmır. İlhamə xanım da həmçinin. Mən İlhamə xanımı çox bəyənirəm. O da çox zövqlü geyinir. Rəngli və güllü geyimlərə çox üstünlük verir.


"Nura, Röya, Sevda - nə geyinsələr də ..."


- Bax, Samir, özün dedin ki, uzun illərdir bu xanımlar zövqlərini dəyişmirlər. Səncə, bunun vaxtı yetişməyib? Bəlkə hər hansısa dəyişikliyə ehtiyacları var?

- Mən sizə İlhamə Quliyeva ilə Flora Kərimovanın fərqindən danışım. Flora Kərimovanın çox düzgün bədən forması var, İlhamə Quliyevanın isə çox güclü zövqü var. Məhz İlhamə xanımın geyimləri bu günün, hətta sabahın dəbidir. 2010 və 2011-ci illərdə güllü geyimlər çox dəbdədir. İlhamə xanım kök görsənməsin deyə, qara geyimlərə müraciət etmir. İlhamə xanım dəb siyasətini bilir. Amma mən bir məsələni də mütləq qeyd etməliyəm. Bizim müğənnilər biri-birlərinə baxıb geyinirlər. Yaraşdı, yaraşmadı, təkrarlayırlar. Əgər bu gün arıqlıq dəbdədirsə, onlar ancaq arıqlamaq haqda düşünəcəklər. Qısa ətəkli dəbdirsə, qısa geyinəcəklər. Tamaşaçılar yalnız müğənnilərin mahnılarına qulaq asa bilərlər, onlara baxmaq mümkün deyil. Mən baxıram onlara və eyni tip görürəm. Lalə Məmmədova, Röya Ayxan, Sevda Yahyayeva. Bax, bu 3 nəfər eyni formada, eyni saç düzümü və eyni makiyajdadırlar. Bədən quruluşları da eynidir. Mən hərdən onları görəndə, çaşıram, səhv salıran.

- Səncə, bu zövqlərin oxşarlığıdır, yoxsa, ğzlərini biri-birinə bənzətməkdir?

- Mən hesab edirəm ki, hər bir müğənnin öz stilisti olmalıdır. Bir stilist yalnız bir müğənni ilə işləməlidir. Bir stilist 5 müğənni ilə işləyəndə, oxşadırlar biri-birinə.

- Amma bildiyimiz kimi, sən də Samir Bağırov və “Next” qrupu ilə işləyirsən.

- Bəli, amma baxaq görək, “Next” qrupunun hansı üzvü Samir Bağırova bənzəyir? Mənim fantaziyam onları biri-birinə bənzətməməyə çatır. İndi stilistlər müğənnilər istəmədən belə biri-birinə bənzədirlər. Ledy Qaqa dünyanın ən zövqsüz insanıdır. Amma bu müğənni kontraktla işləyir. O, hər şey geyinə bilər. Ancaq Ledy Qaqa heç vaxt nə geyinəcəyini düşünmür. Onu geyindirən xüsusi brend şirkətləri var. Onun üzərində 5 stilist çalışır və bu gün o, bütün dünyada səs salıb. Mənim üçün isə heç bir müğənni maraqlı deyil.

- Niyə?

- Mənə bir çox müğənnilər müraciət etdilər, öz ideyalarımı verdim onlara. Amma onlar mənimlə razılaşmadılar. Dedilər ki, onlar toya da gedirlər axı. Onlar etiraf etdilər ki, verdiyim imic toy biznesindən uzaqdır. Məhz bu cür geyinən müğənnilər nə şou-proqramlara, nə də toylara gedə biləcəklər. Bu imic sırf Avropa üslubundadır və məhz Avropa səhnəsi üçün nəzərdə tutulub. Bizim müğənnilərdə qorxu var. Onlar toy itirməkdən qorxurlar. Həm də Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla işləyib, ondan pul qazana biləm.


"Xuraman Şuşalının birinci növbədə burnunu kəsdirərdim"


- Bəs Samir Bağırovla işləmək necədir? Axı sən onun imicində istədiyini edirsən.

- Əslində Samir Bağırov 5 ildir ki, öz imicini dayandırıb. Onu hər kəs ona görə fərqli və qeyri-adi adam kimi tanıyır ki, o, bu adı çoxdan öz üzərinə götürüb. Bu yaxınlarda bir tədbirdə baş verənlər mənim yadımdan çıxmır. Aparıcı danışır - indi isə gəlir, səhnəmizin esktravaqant müğənnisi Xuraman Şuşalı! Mən də elə bildim ki, Samir Bağırovu dəvət edir. Çox təəccübləndim. Bilmədim nə fikirləşəm.

- Demək sən onun görünüşünü bəyənmirsən?

- Əgər Xuraman professionallara müraciət etsə, bəyənərəm. Amma o insan nə oralıqdır, nə də buralıq. Fikrimcə, onu kimsə geyindirsə, o, özünü rahat hiss etməz.

- Maraqlıdır, Samir Xuramanın görünüşündə nəyi dəyişmək istərdi?

- Birinci növbədə burnunu kəsdirərdim. Üzündə bir az problemləri var ki, onları aradan qaldırardım. Fiqura belə də, hələ ki hamilədir.

- Bəs sənin fikrincə, Rəqsanənin imici necədir?

- Rəqsanə heç vaxt Hollivud ulduzu olmayacaq. O, heç zövqlü insanlar arasına da daxil olmayacaq. Amma onun geyimlərinə nəzər salsaq, görərik ki, çox bahalı və zövqlü geyinir. Amma..... (barmağı ilə üzünü göstərir) nədənsə o bahalı geyim onda görsənmir. Elə bilirəm ki, elə əvvəlki zövqsüz Rəqsanədir. Əməliyyat da edib, hər şey edib, amma ki... Məsələn, axırıncı dəfə İlqarəyə baxdım. Sadə, qara libasda idi, amma çox gözəl görsənirdi. İlqarə bunu təqdim edə bildi tamaşaçıya. Ancaq mən inanmıram, kimsə gəlib deyə ki, Rəqsanə, bu paltarı neçəyə almısan, mən də istəyirəm. Və ya kimsə gələ mənə deyə ki, məni oxşat Rəqsanəyə. Ömür boyu belə şey ola bilməz.

- Bəs ən çox kimə tələbat var?

- Nuraya, Röyaya və Səbinə Babayevaya.

- Bəs səncə, gözəl qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü necə görünür?

- Azərbaycan səhnəsində müəyyən kateqoriya var. Mən də istərdim ki, o xanımı müəyyən bir kateqoriya var, ora daxil edəm. “Toylar kraliçası” verilişinin ən zövqlü və ən gözəl xanımı məhz Gülbahar Şükürlü olardı. Amma məndən inciməsin. Mən onun adını, Rəşidə Behbudova, Röya, Flora Kərimova və s. xanımların kateqoriyasına daxil edə bilmərəm. Amma Könül Kərimova, Mətanət İsgəndərli, Vüsalə Ələsgərli, Məleykə Əsədova - bunlar haqda stilist yox, modelyerlər danışmalıdırlar.

- Amma o faktı da nəzərə al ki, bir çox hallarda modelyerlər ilk növbədə stilistin yanına göndərirlər.

- Çünki bu proses modelyer üçün daha asan olur. Əslində Azərbaycanda elə modelyerlər var ki, heç mən onları modelyer adlandırmıram. Sadəcə dərzi adlandırıram. Eynisini tikib verirlər. Çox zövqsüz modelyerlər ki, onlar heç nə edə bilmirlər. Bu sözümlə mən nə Səbinə Hüseynovanı, nə də Fəxriyə Xələfovanı nəzərdə tutmuram. Yeni çıxan və özünə modelyer adı qoyanları deyirəm ki, onların adı tez-tez hallanır, hər gün efirdədirlər. Ancaq əllərindən bir iş gəlmir. Amma bizim elə stilistlərimiz var ki, onların işi dünyaya çıxa bilər.

- Məsəl üçün?

- Anar Atakişiyev, Telman və son zamanlar plagiatlıq etməsinə baxmayaq Səma xoşuma gəlir. Adam gərək düzünü danışa.

- Səma plagiatlıq edir?

- Bütün geyimləri kopyalayır. Onun öz ideyaları yoxdur. Ümumiyyətlə, bizim adımız "top-stilistlər" gedir. Çünki biz hər şeyi özümüz edirik. Geyimi də, saçı da, vizajı da. Azərbaycanda 2-3 nəfərə stilist demək olar, çünki qalanları “parexmaxerdir”.

- Amma dərd budur ki, elə sən dediyin o “parexmaxerlər”, saç bərbərləri özlərinə stilist deyirlər.

- Hardadırlar bəs onlar? Gündəmdə yoxdurlar axı. İndi bəzi salaonda işləyən ustalar yalnız yaxşı pul qazanırlar. Amma əsas pul deyil axı. Məsələn, Şəfəq xanım, çox gözəl saç yığır, kosmetika vurur. Amma bu insanda zövq yoxdur. Ömür boyu Şəfəqə yaxınlaşıb deyə bilmərsən ki, mənə necə geyim məsləhət görərsən?

- Samir, müğənni Nazənin sənin yanına gəlib, onu dəyişməyini istəsə, edə bilərsən?

- Əgər Nazənin xanımın 10 il əvvəlinə baxsaq, görərik ki, indi çox dəyişib. Bizim stilistlər rekord vurublar. İnsan da 180 dərəcə dəyişə bilərmi? Görünür bilər! İndi Nazənin xanım, Rühəngiz Allahverdiyeva - bunların hər gün vurduqları kosmetikanı ildə bir dəfə Braziliya karnavallarında istifadə edirlər. Orada həmçinin transkarnavalları olur ("mavi"lərin paradı -red.), bax orada bu cür kosmetikadan istifadə edirlər.

- Bəlkə bir az da bizim kişi müğənnilərimizdən danışasan?

- Oy, mən bizim kişi müğənnilərimizdən iyrənirəm. İndi demək olar ki, bütün kişi müğənnilər saçlarını əkdirirlər. Saçlarına boya qoyurlar, amma boyanın rəngi onların alınlarında qalır, çox pis görünür, dərilərinə hopur və onlar elə o vəziyyətdə efirə çıxırlar. Amma estrada yaxşı geyinən kişilər də çoxdur. Faiq Ağayev, Samir Cavadzadə çox gözəl geyinirlər.

- Özü də xatırladaq ki, Faiq Ağayevin stilisti yoxdur.

- Xeyr, varıdır. Sadəcə gizlədir. Hər kəs bilir o, kimdir. Amma mən deyiləm! Mən bilirəm ki, Faiq Ağayevin çox zövqlü stilistləri var ki, onlar adi və heç də populyar insanlar deyillər.

- Bax, Azərbaycanda daha bir kişi brendi var, Hikmət Hüseynov. Bir çox kişi populyarlar məhz onun kişi obrazını mükəmməl şəkildə yaratdığını beyinlərinə həkk ediblər.

- Birdə görürsən ki, bizim kişi müğənnilərimiz adi bərbər yanına gedib, 3 dəfə artıq pul verirlər. Stilistə də az müraciət edirlər. Hikmət Hüseynov dərzidir. Mən hələ görməmişəm ki, onun kostyumlarını arıq adamlar geyinsinlər. O, ancaq kök adamlara kostyum verir.

- Niyə, Xəyyam Nisanov da ondan geyinir. Axı Xəyyam arıqdır.

- Amma bununla yanaşı Xəyyam başqa bir üsluba da müraciət edir axı. Baxın, Hikmət çox bahalı iş görür. Ümumiyyətlə, bizdə hər şey pulladır. Amma zövqü axı pulla almaq olmur.

- Amma bahalı geyinmək axı müğənnilər arasında dəbə minib.

- Bilirəm. Baxın, son zamanlar çox bahalı geyinən Ruhini bəyənirəm. O, indi özü geyinmir. Ona görə, onu bəyəndim ki, Ruhiyə məsləhət gördülər ki, çoxlu daş-qaşdan istifadə etmək olmaz. Bizim bəzi qadın müğənnilərimiz üstlərinə o qədər daş-qaş, zər vururlar ki, adamın gözləri ağrıyır.


"Kosmetikanı yaxırlar sifətlərinə, ucuz paltarlardan geyinib gedirlər toylara"


- İzzət Bağırov indi müasir dəbə uyğun geyinsə, səncə, camaat onu necə qəbul edər?

- Var maraqlı müğənni, var maraqsız. Çox adam deyir ki, İzzətin kifayət qədər pərəstişkarı var. Amma ən dəhşətlisi odur ki, sən 80-cı illərin fanatı olasan. Əgər bu gün bizim musiqidə yüksək zövqümüz yoxdursa, geyimdən nə anlayışımız olacaq ki? Biz hara gedirik axı? Bizim çox gözəl şəhərimiz var. Biz böyük məbləğlər sərf etmişik ki, digər ölkələrə gedəndə fəxr edək ki, bizim də gözəl ölkəmiz var. Bizim həmçinin gözəl brend dükanlarımız var. Biz niyə gedib ordan alış-veriş etmirik? Niyə gedib hansısa “tolkuçkadan” alıb, adını brend qoyuruq?! Baxın, bizim müğənnilərimiz bütün günü xəz dərilərini reklam edirlər. Gündə birini alırlar. Amma bütün dünyada buna qarşı aksiya keçirdirlər. Dünya heyvanlara qarşı bu addımın tərəfdarı deyil. Bizim efirlər isə yalnız xəz dəriləri göstərir.
Bəziləri təmizliyə riayət etmirlər. Kosmetikanı yaxırlar sifətinə, ucuz paltarları alıb, yollanırlar toylara.

- Bax bu gün Samir Bağırov həm kişi həm də qadınlar tərəfindən olduğu kimi qəbul olunub. O, əyninə adi bir qara xələt də geyinsə, hər kəs onun ekstravaqantlığından danışaşaq. Səncə, bu, Samirin yüksək zövqündən xəbər verir, yoxsa burda başqa səbəblər var?

- Yox, səbəb odur ki, Samir lap əzəldən necə olduğunu heç kimdən gizlətmədi. Zamanında Samir Bağırov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva - bunlar mübarizə apardılar ki, bizi qəbul edin. Bir çoxları onlardan üz döndərdilər, efirlərə, toylara çağırmırdılar. Çünki onlar bizim milli-mentalitetə uyğun geyinmirdilər. Amma onlar bu etapı keçdilər və indikilər onlardan öyrənirlər. İndi bu müğənnilər brenddirlər. Yadımdadır ki, 1980-cı illərdə mən rəhmətlik sənətkar Məmmədbağır Bağırzadəyə baxıb, düşünürdümki, insan necə zərli və qaşlı kostyum geyinə bilər? Amma o vaxtı bu normal qarşılanırdı. İndi isə hər hansı bir kişi müğənnisi o cür kostyumlar geyinsə, onun haqında artıq kəlmələr danışarlar. Deyərlər kişi hara, zər hara, kişi hara kosmetika hara, kişi hara parik hara. Amma Məmmədbağır hər kəsə sübut etdi ki, mən artistəm! O, insanların qarşısında qocalmaq istəmirdi. Səhnə təkrarlığı xoşlamır. Amma bizimkilər yalnız bununla məşğuldurlar.


"Zamiqin geyimindən dəhşətə gəldim"


- Gəl, ilin ən zövqsüz müğənnilərini tapaq. Sənin qənaətincə, onlar kimlərdir?


- Ən zövqsüz müğənniləri mən belə sıralayardım:
1. Xuraman Şuşalı
2. Könül Kərimova
3. Mətanət İsgəndərli
4. Nüşabə Ələsgərli
5. Şəbnəm Tapdığova

- Bəs ən zövqlü xanım müğənnilər kimlərdir?

- Xanımlardan ən zövqlü hesab etdiklərim bunlardır:
1. Röya və Sevda Yahyayeva ( geyim tərzləri eynidir)
2. Rəşidə Behbudova
3. Nura Suri
4. Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova (geyim tərzləri eynidir və özlərinə uyğundur)
5. Elza Seyidcahan

- Bəs kişilərdən? Əgər hər sahə üzrə fərqlənən 5 nəfər seçirsənsə, səncə, ən zövqlü və ən zövqsüz kişi sənətçilər kimlərdir?

- Zövqlü hesab etdiyim kişi müğənnilərin sırası belədir:
1. Samir Cavadzadə
2. Faiq Ağayev
3. Samir Bağırov
4. Rəhim Rəhimli
5. Elnur Hüseynzadə

Ən zövqsüz kişi müğənnilər isə bunlardır:
1. Zamiq Hüseynov
2. Əli Mirəliyev
3. Elariz Məmmədooğlu
4. Əlikram Bayramlı
5. Vasif Məhərrəmli

- Samir, amma Zamiq ilin ən reytinqli kişi müğənniləri sırasındadır. Üstəlik, geyiminə, imicinə görə də həmişə diqqət çəkir... Sən niyə onu bəyənmədin?

- Mən Zamiqi çox istəyirəm. O, mənim dostumdur. Amma mən yalan danışa bilmərəm. Zamiq geyimində rənglərdən düzgün istifadə etmir. Mən onun bütün çıxışlarına baxanda, özümə sual verirəm ki, bu zövqdə olan geyim haradan gəlib görəsən? Axı Zamiq ilin ən tələbatlı müğənnisidir. Amma onun geyimindən mən dəhşətə gəldim.

- Fikir verdinsə, müsahibə zamanı iki xanım müğənninin adı çəkilmədi ki, sənin onlarla problemin olmuşdu. Brilliant Dadaşova və Nazpəri Dostəliyeva...

- Mən ötən ildə demişdim ki, Nazpəri xanım 2009-cu ilin ən zövqlü xanım müğənnisidir. Bu il məni daha bir gənc xanım təəccübləndirdi. Bu, “Eurovision” namizədi Elyanə Əhmədovadır (adını çətinliklə yada saldı). Bu qız milli seçim turlarında elədiklərini heç Ledy Qaqa etməyib. Bu qız çox qeyri-adi obrazlarda göründü. Məni sözün əsl mənasında şoka saldı. Baxın, mən o qıza necə göz yuma bilərəm? Səbinə Babayeva da bəzən o cür obrazlar edir. Bəs hanı bizim müğənnilər, niyə belə obrazlarda görünmürlər?

- Samir, sənin son vaxtlar mətbuatda adın prodüser kimi də hallanır.

- Mən bu söhbətə son qoymaq istəyirəm. Dünyada prodüser sözü çox böyük səslənir. Azərbaycanda isə demək olar ki, prodüser yoxdur. Mən heç vaxt özümü prodüser hesab etməmişəm. Amma işim prodüserlərdən də çoxdur. Bunu isə jurnalistlər və ümumiyyətlə hər kəs sezdi. Hər kəs gördü ki, prodüser etmədiklərini mən etdim. Bunu o görə etdim ki, Samir mənim dostumdur. Mən gördüm ki, bu batır, uçuruma gedir və heç nə etmək istəmir. Nəticədə mən bütün işlərimi atıb, Samirdən tutdum və media nümayəndələri buna göz yuma bilmədilər.

Mələk



Stilist Samirin Məşhurlarımız haqqında şok rəyləri!