ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Samir Bağırov: “...50 yaşından sonra cinsi əməliyyat elətdirib, qadın olacam”

23 ildir səhnədə olan müğənni Samir Bağırov 2011-ci ildə ilk müsahibəsini Milli.Az xəbər portalına verdi.


"Necə deyə bilərdim ki, narkotik asılılığından müalicə almağa gedirəm?"


- Geridə qoyduğumuz 2010-cu ildən başlayaq. Yenidən səhnəyə qayıdan Samir Bağırov üçün il daha nələrlə yadda qaldı?

- Arxada qoyduğumuz ildə mən nəinki, səhnəyə, həyata qayıtdım. Mən sanki başqa bir dünyada idim. Həyat yanımdan keçib gedirdi, mən isə demək olar ki, yaşamırdım. Məhz 2010-cu il mənim üçün tək səhnəyə qayıdışdan ibarət olmadı. Mən indi həyatdayam. Normal insan kimi yaşayıram. Bu, çox böyük bir işdir.

- Ötən ili iki yerə bölək. İlin əvvəlində gözümüzün qabağına Samirin gedişi gəlir. O, qarışıq hava limanı, jurnalistlərin Samiri axtarmağı, Samirin isə heç nəyə baxmayaraq çıxıb getməsi. Özünüzlə nə apardınız?

- Mən gedəndə səbəbini heç kimə demədim, gizlədirdim. Axı necə deyə bilərdim ki, mən narkotik asılılığından müalicə almağa gedirəm? Mənim tamaşaçılara deyəcək sözüm olmadı. Amma eşitdim ki, gedişimə bir çox səbəblər bağladılar. Guya mən Rusiya şou-biznesini fəth etmək üçün vətənimi tərk etmişəm. Amma əsl həqiqət məndə idi, mənimlə bağlı idi. Mən isə bunu deyə bilmirdim.

- Amma arxanızca danışılan söhbətlər Rusiya şou-biznesi ilə bitmirdi. İnsanlar daha dəhşətli şeylər danışırdılar.

- Əsas odur ki, danışırlar (gülür). Danışmasalar daha da pis olar. Mən onsuz da gözləmirdim ki, yaxşı nə isə desinlər.


"İnsanları çağırıram, narkotikə qurşanmasınlar, bu, çox qorxulu şeydir!"



- Moskvada olan müddətdə müalicə dövründə nələrdən keçdiniz?

- Oy, dəhşət idi. Çox ağır günlər idi. Mən indi ona qayıtmaq istəmirəm, o günləri beynimdən silmək istəyirəm. Mən sadəcə insanları çağırıram ki, bundan canlarını qurtarsınlar. Narkotikə qurşanmasınlar. Bu, çox qorxulu şeydir!

- Siz gedəndə hər kəs, hətta efirlərdə belə həmkarlarınız sizin üçün göz yaşı tökürdülər. Burada Elnarənin, Brilliant Dadaşova, Lalə Məmmədova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayevin adını çəkmək olar. Aygün Kazımova isə bəlkə də depressiyaya düşdü. Siz elə bil onlara dediniz ki, silin göz yaşlarınız və gəldiniz. Bəs gələndə özünüzlə nə gətirdiniz?

- Təzə mahnı. Adı da “Son yarpaq”dır. Düzdür, təzə mahnı böyük bir şey deyil. Müğənni var hər gün bir mahnı yazdırır. Amma heç özüm də gözləmirdim ki, bu mahnı belə rezonans doğursun. Özüm belə unutmuşam ki, axırıncı dəfə hansı mahnım belə söz-söhbətə səbəb olub. Hər kəs deyirdi ki, çoxdandır belə mahnı oxumurdun.

- Mahnını Rəhim Rəhimlidən özünüz istədiniz ki, mənə məhz “Son yarpağ”ı gətir?

- Mahnı 4 il bundan qabaq yazılıb. Bu günlərə qismət idi.

- Siz hər zaman formada görünürsünüz. Səhnəyə çıxdığınız zaman elə bil deyirsiniz ki, mən səhnənin hakimiyəm. Bax, bunu necə bacarırsınız?

- Var yaradıcı insan, var yaradıcılıqda olan insan. Bacar ki, yaradıcı insan olasan. Amma digərləri sadəcə yaradıcılıqdadırlar. Onlar yaradıcılığa gəlib düşüblər. Amma yaradıcı insan olmaq çox çətindir.

- Maraqlısı odur ki, bu qədər həyatda zərbə almağınıza baxmayaq, siz ruhdan düşmürsünüz. Əksinə, bəlkə də olanlar sizə stimul verir.

- Həyatımdakı çətinliklər məni arıqlamağa məcbur edir. Ona görə də rahat oluram ki, arıqlayıram (gülür)


"Çoxları mənim taxtmı almaq istəyirlər"


- Səhnənin ekstravaqant müğənnisi adını daşıyırsınız. Bu titul ağır gəlmir? Bunun məsuliyyəti necədir?

- Çoxları mənim taxtmı almaq istəyirlər. Bəlkə də hər kəs ən ekstravaqant müğənni olmaq istəyir. Amma ala bilməyəcəklər. Qoy cürət edib, alsınlar görüm.

- Bu titulu əlinizdən almağa kimin gücü çatar?

- Mən hələ ki, belə bir adam görmürəm. İndi baxıram bu təzələrə və özüm üçün axtarıram. Görəsən, elə bir müğənni gələcək ki, Samir Bağırovu, Zülfiyyə Xanbabayevanı, Brilliant Dadaşovanı, Aygün Kazımovanı, Faiq Ağayevi əvəz edə bilsin? Yoxdur beləsi.

- Bir çox müğənnilər başlarına gələnləri hər zaman gizlədirlər. Tamaşaçıların gözündən pərdə asırlar. Amma Samirdə heç vaxt bu kompleks olmayıb. O, hər zaman olduğunu deyib. Haradandır bu ürək? Bu dürüstlük?

- Mən sadəcə səmimi insanam. Yalan danışmağı sevmirəm. Bəli, mən heç nəyimi gizlətmədim.

- İllər öncə Murad Dadaşovun sizin ad gününüzdə dediyi o sözlər hələdə mənim yadımdadır. O, dedi ki, Samir Bağırov yeganə insandır ki, kişilər öz arvadlarını ona qısqanmırlar.

- Amma bir çox hallar olub ki, qısqanıblar, özü də çox qısqanıblar.

- Amma əksəriyyəti deyir ki, təki arvadım Samir Bağırova qulaq assın.

- Axı mən mədəni və tərbiyəli insanam. O kişilər bilir ki, məndən heç vaxt pislik gəlməz. Ona görə mən heç vaxt heç nədən qorxmamışam. Yadımdadır, yerli kanalların birinə gedəndə, bizimlə zarafat etmək istədilər. Bizi qapıdan buraxmadılar. Dedilər ki, çantanı açın, yoxlayaq, sonra keçərsiniz. Mən çox rahatlıqla çantamın içində olanları açıb göstərdim. Yanımdakı Samir harasa zəng etməyə cəhd edirdi, mən qoymurdum. Onlar nəyi istədilər açıb görsətdim. Hər kəs şokda idi. Gizli kamera ilə çəkiliş edirdilər. Elə bilirdilər ki, indi mən dalaşacağam, qışqıracağam. Amma mən heç nə etmədim və buna görə də onlar dəli olmuşdular. Çünki mən içimdə çox mədəni insanam. Mədəni və tərbiyəli insan rolunu oynamıram. Mən elə beləyəm. Bax elə buna görə, mən özümə tay görmürəm. Məni heç kim əvəz edə bilməz. Qoy, onlar məndən 3 dəfə, 5 dəfə yaxşı oxusunlar. Amma daxili mədəniyyət başqa şeydir. Səviyyə məsələsi var. Mən taxta əyləşmişəm, onlar hələ ki yerdə oturublar.

- Amma bizdə milli mentalitet söhbəti də var axı. Nədənsə, bu söz Samir Bağırovu görəndə daha tez yada düşür.

- Hansı mentalitetdən danışırsınız? Kabel televiziyaları səhərə kimi porno filmlər nümayiş etdirirlər. Amma gözə girən elə mən oluram. Bu, sovet dövründən belə olub.


"Sponsor olsaydı, əməliyyat etdirib qadın olardım..."


- Bir zamanlar haqqınızda danışılanlar sizi məhkəməyə qədər apara bilərdi. Deyirdilər, guya Samir Bağırov cinsi əməliyyat keçirdib. Samir qadın olub, o, hətta dünyaya uşaq gətirə bilər... Maraqlıdır, bu söz-söhbətə niyə göz yumdunuz və onlara cavab vermədiniz?

- Mən nə deyim axı onlara? Danışırlar, əslində mənə xoşdur ki, danışırlar. Çünki var olduğumu xatırladırlar. Amma mövzuların haradan qaynaqlanmasını bilmirəm. Bəlkə də danışan şəxslər istəyirlər ki, mən əməliyyat olunum... Kim bilir, bəlkə də 50 yaşından sonra gedib əməliyyat elətdirib, qadın olaram, Bülend Ersoy olaram (gülür).

- Amma məncə qadın olmaq üçün elə qadın doğulmaq lazımdır.

- Təbii ki, bu, zarafatdır. İnanın ki, mənə indi həyatda qadın olmaq lazım deyil. Mən bəlkə də şou-biznes üçün belə bir proyekt işləyib, qadın olardım. Amma sadəcə bir proyekt!

- Bəs niyə bu günə qədər etmədiniz?

- Bəlkə də güclü bir sponsor olsaydı, vaxtında mən bu əməliyyata imza atıb, qadın olardım. Sənətim xətrinə bu sensassiyanı edərdim.

- Amma kimliyindən asılı olmayaq, kişiyə qadın sevgisi mütləq lazımdır.

- Fərqi yoxdur, kişi və ya qadın, insanda əsas qəlbdir. Qəlbin isə cinsiyyəti olmur. Əsası odur ki, insan olasan. Kişi ol, qadın ol, amma qəlbində insanlığın olsun.

- Samir, bəlkə də Allah sizə hər şey verib. Sizin bundan sonra dayanmağa ixtiyarınız yoxdur.

- Təbii ki, mən tamaşaçılarım üçün yenə də nələrsə edəcəyəm. Mən fərqli olmaq istəyirəm. Hazırda klip çəkdirmə hazırlaşıram, “Son yarpaq” mahnısına. Klipin rejissoru Zöhrəb Ağayevdir. Mən bu klipdə çox ciddi bir kişi obrazı alacam. Bəlkə də məni belə heç kim tanımayacaq.

- Yalnız klipdə əsl kişi obrazını aldığınız üçün tamaşaçıların sizi tanıya bilməməsi sizi məyus etmir?

- Yox, çünki mən yeniliyi sevən insanam. Mən dəyişmək istəyirəm. Mən hər cürə olmaq istəyirəm. Əsas faktor odur ki, kişilər kişi kimi, qadınlar qadın kimi yaşamalıdırlar. Amma mən hər ikisi kimi yaşaya bilirəm. Mənə belə daha maraqlıdır. Bunu mənə həyat bəxş edib. Mən bir anda həm kişi, həm də qadın ola bilərəm. Məni heç kim tanımayacaq.


"Ekstrasens mənə deyib ki, fəxri adı dalbadal alacağam"


- Samir, siz səhnəyə çıxanda deyirlər, Azərbaycanın ən ekstrovaqant müğənnisi Samir Bağırov. Sizə elə gəlmirmi ki, artıq deməlidirlər ki, Azərbaycanın xalq artisti Samir Bağırov?

- Bilirəm ki, günahların hər biri məndədir. Günahkaram, mən dövlət konsertlərinə belə getmirəm. Bu ad məndə çoxdan olmalı idi. Öz səhvim oldu. Bundan sonra mən bu günahımı düzəltməyə çalışacağam. Mənə deyiblər, fəxri adı dalbadal alacağam. Əməkdar, tez də xalq artisti olacağam.

- Kim deyib?

- Efirdə olan bir ekstrasens deyib. Adı yadımda deyil.

- Bəlkə bu Zirəddin Rzayev idi?

- Yox, onunla əlaqəm var. Tanıyıram onu. Bu, o deyildi. Veriliş bitəndən sonra, o qadın mənə yaxınlaşıb dedi ki, narahat olma, sənə ad veriləcək.

- Bəs caduya-fala inanırsınızmı?

- Mənim belə şeylərlə əlaqəm yoxdur. Amma qorxuram. Düzdür, həyat mənə çox şanslar verdi. Mən isə onlardan istifadə etmədim. Bəlkə də həyatımda hər şey yaxşı olsaydı, mən bu şanslardan istifadə edərdim. Amma heç vaxt heç nəyə görə peşman olmamışam. Əsası odur ki, qəlbimdə 24 yaşında olduğumu hiss edirəm.

- Kifayət qədər yaşınız var. Maraqlıdır, bu “Tənha Samir Bağırov” cümləsi hələ çox yazılacaq?

- İnanırsınız, içimdə özümü 24 yaşlı bir şəxs kimi hiss edirəm. Cavan qalmağın sirri ürəkdən qaynaqlanır. Gərək ürəyində kin, pislik saxlamayasan. Ürəyin təmiz olmalıdır. Təbii ki, imkan daxilində hər kəsi bağışlamağı bacarasan. Qoy, ətrafında neqativ insan olmasın. Yalnız pozitiv. Vəssalam.

- Mənə elə gəlir ki, elə indi sizin ətrafınız yalnız müsbət insanlarla əhatə olunub?

- Mən buna çalışıram. Neqativi özümdən uzaqlaşdırmağa cəhd edirəm.

- Bəs neqativlərdən necə qaçırsınız?

- Oy, mən bunu əla bacarıram. Yola verirəm. İstəmədiyim insanların əhatəsindən yoxa çıxıram. Telefonlara cavab vermirəm. Heç kimin üzünə demirəm ki, mənim səndən xoşum gəlmir. Hərəkətlərimlə başa salıram.

- Çox maraqlıdır ki, sizin ətrafınızda da elə özünüz kimilərdir. Stilistiniz Samir Əliyev bu sahənin ən ekstravaqant stilisti hesab olunur və o, məhz sizin yanınızdadır. Siz hər ikiniz yenilik gətirən insanlardansınız. Onun kimi imicli insanın yanınızda olması, sizin özəlliyinizdir?

- İnanırsınız, mən ona heç nə demirəm. Nə edirsə, özü edir. Mənə də məsləhətlər verir.

- Bax, kimdir Samir Əliyev sizin üçün? Prodüser, stilist, dost?

- Dostumdur!

- Yadımdadır ki, o zamanlar şayiə gəzəndə ki, Samir Bağırov kliniki ölüm keçirdi, Samir Bağırov rəhmətə getdi və s. kimi söhbətlər danışılanda özünü qabağa verən məhz Samir Əliyev olmuşdu. Sizin onu acılamağınıza baxmayaraq.

- Mən onda danışmırdım onunla, incimişdim. İstəmirdim ki, kiməsə nəsə desin. Mən ondan xahiş etmişdim ki, gedişimi heç kim bilməsin. Amma Samir məntiqlə davranırdı. Mənə deyirdi ki, sən axı elə-belə, boz siçan filan deyilsən ki, durduğun yerdə yoxa çıxasan.

- Deyirlər, dostu dar gündə tanı. Sizin də dar günləriniz çox oldu. Oralarda tənha qalanda buradakı həmkarlarınızdan mənəvi dəstək gördünüzmü?

- Mən bu haqda danışmaq istəmirəm. Bu çox ağır və həssas bir mövzudur.

- Samir Bağırov niyə tələb olunan müğənnidir?

- Çünki özümü hər yerə soxmuram. Tamaşaçıya imkan verirəm ki, mənim üçün darıxsın. Tez-tez hər yerə çıxmıram.

- Samir, ananız necədir?

- Yaxşıdır, danışırıq. İnşallah bu il də gedib görərəm onu. (kövrəldi). Hər zaman danışanda mənə yalnız ağıl verir. Deyir, gör neçə yaşın var, amma körpə uşaq kimi olursan.

- Samir, sonda etiraf edirsinizmi ki, siz Aygün Kazımovanı sevirsiniz?

- Bəli. Düz deyirsiniz, kim deyir ki, sevmirəm, sevirəm.

- Mən hətta deyərdim ki, siz onu insan kimi deyil, bir qadın kimi sevirsiniz. Kişinin qadına bəsləyə biləcəyi sevgi ilə sevirsiniz. Çünki siz ona elə bil ki, başqa gözlə baxırsınız. Hətta qısqanırsınız da.

- 1988-ci ildə mən ilk dəfə Aygün xanımı görəndə, hansısa magiya baş verdi. Elektrik aldım ondan. Və o gündən bəri mən onu özüm üçün ayırmışam. Amma hərdən həyat bizi biri-birimizdən uzaqlaşdırır. İndi də o anlardandır. Ancaq bizim duetimiz olmalıdır. Hələ ki gözləmə mövqeyindəyəm.

- Evlənərdiniz Aygün xanımla?

- (gülür) Biz dostuq! Amma həyatda hər şey ola bilər. Heç nəyi əvvəlcədən bilmək olmur. Amma bu hal da istisna deyil. Biz uşaq deyilik axı. Bəlkə də nə vaxtsa birləşib, birlikdə qocala bilərik.

Mələk