ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Elnarə: "Röyanın etdiyi hərəkəti heç vaxt etmərəm"

- Keçmiş “W-trio” qrupunun üzvləri Röya, Elnarə və Natavan. Keçmiş üzvlərinin sonrakı fəlaiyyətinə nəzər salsaq, yalnız Röyanın və Natavanın ulduzu sizdən fərqli olaraq, daha çox parladı. Maraqlıdır, bunun səbəbi nədir?

- Məncə bunun səbəbi çox aydındır. Əslində, diqqqətlə bizim həyat və yaradıcılığımızı izləyən tamaşaçı bunu açıq-aydın görməlidir. Röya da, Natavan da məktəbi bitirdikdən sonra mən biləni heç biri müxalif təhsillə məşğul olmayıblar. Mən biləni deyirdilər ki, Röya Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Amma sonra nələr baş verdiyini bilmədim. Ümumiyyətlə, mən iki dəfə ali təhsil almışam. Həm Xarici Dillər Universitetinin bakalavr və magistr dərəcəsini, həm də Azərbaycan Milli Konservatoriyasını bitirmişəm. Üstəlik daha erkən ailə həyatı qurmaq və dünyaya iki övlad gətirmək... Daha çox ailə, məişət məsələlərinə vaxtımı sərf etdiyim üçün mahnı oxumağa, klip çəkdirməyə kifayət qədər vaxt ayıra bilmədim.

- Nəzərə alın ki, səs imkanları, görkəm baxımından heç də Röyadan geri qalmırsınız..

- Bilirsiniz necə? Söhbət geri qalmaqdan getmir. Onun da mənim də ifa etdiyim mahnıların janrları tamam başqa janrlardır. Şəxsən nə mən onun, nə də o mənim oxuduğumu oxuya bilməz.

- Maraqlıdır ki, siz ifa etdiyiniz janrda çox da uğur qazanmamısınız.

- Mən istədiyim uğuru başqa sahədə qazandım. Hətta, konsert verəndə belə... Ömür boyu klublarda, dəniz kənarlarında konsert vermişəm. Çünki ifa etdiyim mahnıların kontingenti klublarda yığışır. Hətta, toylara da ayda, ildə bir dəfə gedirəm. Əslində, 1-2 mahnı istisna olmaqla, ifa etdiyim mahnılar toy auditoriyası üçün nəzərdə tutulmayıb. Amma digər ifaçıların repertuarına baxsaq, həddən artıq kütləvi mahnılardır. Məndə isə məqsəd əvvəlcədən başqa cür olub. Daha çətin yolu seçdiyimdən istəmişəm ki, dünya musiqisinə yaxın oxuyum, dünyaya çıxım və s. Yəni Azərbaycan stereotiplərindən uzaq olmuşam. Bunu həyata keçirmək də qat-qat çətindir. Azərbaycan estrada musiqisini ifa etməyə nə var ki?

Azərbaycan estrada musiqisini ifa edənlər çoxdur. Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Lalə Məmmədova, Tünzalə Ağayeva, İradə ibrahimova, Roya, Nata və başqaları. Çoxdurlar. Saymaqla da bitməz. Belə oxumaq çox rahatdır. Amma mən cazla başlamışam. Sonra R&B ilə, replə müəyyən sintezlər etmişəm. Hətta, texno musiqi də oxumuşam və həmin mahnıya da klip çəkdirmişəm. Məsrəflərimi elə xərcləmişəm ki, əvvəlcədən kütlə tərəfindən qəbul edilməyəcəyini bilirdim. Camaatın yalnız bir faizi “Yuxulu şəhər”in istər klipini, istərsə də mahnısını qəbul edib. “Yuxulu şəhər” mahnısının əvəzinə beş Azərbaycan pop musiqisi ifa etsəydim, hazırda Röya kimi çox populyar idim.

- Amma sizin yadda qalan mahnılarınız elə də çox deyil.

- Sizinlə razı ola bilməyəcəyəm. Yadda qalan mahnılarım çoxdur. Çünki İsraildən, Londondan, Moskvadan, Sankt-Peterburqdan zəng edib konsertlərimi təşkil edən insanlar var. Hətta, onlar repertuarımı məndən yaxşı bilirlər və məndən konkret olaraq ifa edəcəyim mahnını da söyləyirlər. Yenə də deyirəm, mən əvvəlcədən başqa auditoriya üçün oxumuşam.Sırf Azərbaycan auditoriyası üçün mahnı oxumamışam. Dünyanı nəzərə almaq istəmişəmsə də, bu o qədər də məndə yaxşı alınmayıb. Bunu etmək çox çətindir. Mən təkəm! Bunu etmək üçün camaat Beyons, Britniy Spirs kimi ulduzlara milyonlar sərf edirlər. Axı, mən onu sərf edə bilmirəm. Azərbaycan daxilıində nə isə etmək istəyirəm. Amma bu işi dünya çapında etmək istəyirəm. Gec... Sürətim azdır. Ola bilər ki, mahnılarım konseptual baxımından, kanta, ümumiyyətlə, fikir, ideya etibarı ilə hamının yadında qalmaya bilər. Mənim ifa etdiyim mahnıları hamı ifa edə bilməz. Çünki həmin mahnılar mətn, kanta və melodiya baxımından çox çətin mahnılardır. Heç vaxt asan mahnı dalınca qaçmamamışam. Demək istəyirəm ki, həmişə kütləvi mahnılar oxumamışam. Əksəriyyət vaxtlarda kütləvi olmayan mahnılar oxumuşam. Kütləvi olan mahnılar hansı mahnılardı? Kütləvi mahnılar hit olmağa məruz qalan mahnılardır. Onlar populyar pop musiqisidir. Biz ona “papsa” deyirik. Yəni, həmin mahnılar 3-5 notdan ibarət, çox asan, fırlanan-dolaşan, tez yadda qalan mahnılardılar. O cür mahnıları 3-5 dəfə eşitdikdən sonra insana tez təsiri olur. Və hamı onun hay-küyünə qalxır. Mənimsə ifa etdiyim musiqi həmişə pop musiqisi olmayıb.

- Hər il ölkədə yerli müğənnilərin konsertləri olur. Həmin konsertlərdən pul qazananlar da və qazana bilməyənlər də olur. Siz niyə konsert proqramı ilə çıxış etmirsiniz?


- Çünki bilirəm ki, konsertdən pul qazana bilməyəcəyəm. Son 5 ildə mənə elə bir müğənni adı çəkin ki, konsertdən pul qazanıb? Heç bir müğənni deyə bilməz ki, mən konsert verməklə pul qazanmışam. Ömür boyu Röya konsert verib, ondan bir il sonra da 60-70 min borcunu verib. Mənim 60-70 min verməyə halım və niyyətim yoxdur. Pul qazanmaq istəyirəm. Röya sənətinin o dərəcə vurğunu və aşiqidir ki, evini, maşınını, sonuncu pulunu xərcləyir ki, konsert versin. Mən belə hərəkəti heç vaxt etmərəm.

- Siz də konsertinizi etmək xatirinə edirsiniz də...

- Yox. Mən gördüyüm işdən pul qazanmaq istəyirəm. Mən axmağa oxşayıram? (gülür) Sərf etdiyim vaxta və enerjiyə hər yerdə pul tələb edirəm. Gördüyüm işin dəyərini 2-3 dəfə artıq görmək istəyirəm ki, borcu-xərci ödəyə bilim.

- Yəni risk etmərsiniz?


- Heç vaxt! Bir işdə ki, pul qazanmaramsa, heç vaxt o işə girişmərəm. Konsert etmək, hay-küy salmaq xatirinə konsert etmərərm. Bilsəm ki, konsertdən pul qazanmayacağam, heç vaxt onu keçirmərəm. 2 il bundan əvvəl Sankt-Peterburqda İbrahim Borçalı ilə birgə konsert verdiyimi deyə bilərəm. Çünki oradakı konsertdən pul qazanmışdım. Mənim harada çıxış etdiyimi görsəniz, bilin ki, oradan pul qazanıram. Bəlkə də, elə ona görə az-az görsənirəm. Elə ifaçılar var ki, haradasa nə isə olsun deyə, özləri pul xərcləyirlər. Şəxsən mən bugünki gündə onu etmərəm. Nə vaxtsa işlədiyim şirkət pul xərcləyibsə, bunu etmək lazım idi. Niyə? Çünki Elnarəni Elnarə etmək lazim idi. Amma hazırda adımdam pul qazanmaq vaxtımdır.

- Hər halda, elnarəsevərlər var ki, Elnarədən solo konsert gözləyirlər.

- Bu yaxınlarda kiçik bir yer olmasına baxmayaraq, çox prestijli olan “Face” klubda konsertim oldu. Amma kiçik yer olmasına baxmayaraq, orada hər müğənninin “duxu” çatmır ki, konsert versin. Hətta, müğənninin özü ağırlığında da pul versələr, orada həmin müğənninin konsertinə imkan verməzlər. Birincisi, mən həmişə kəmiyyət deyil, keyfiyyət dalınca qaçmışam. İkincisi isə mənim ifa etdiyim musiqi, toyda oxuyub-oynayan auditoriya üçün nəzərdə tutulmayıb. Bunu bilərəkdən etmişəm. Çünki mənim ağlım var və ümidim var ki, nə vaxtsa dünyaya çıxacağam. Toy repertuarı və Azərbaycan kütləvi mahnı repertuarı ilə dünyaya çıxa bilmərəm.

- Bildirisiniz ki, kəmiyyəti deyil, keyfiyyəti üstün bilmisiniz. Bəs onda qazancınız haradandır?

- Qazancım həmin o az-az görsəndiklərimdən, konsert verdiklərimdən və çıxış etdiklərimdəndir. Əgər çox qazancım olsa, siz məni böyük konsert salonlarının səhnəsində görərsiniz.

- Siz arabir toylara və şou-proqramlara da gedirsiniz.

- Toylara və şou-proqramlara az gedirəm.

- Toy və şou-proqrama neçəyə gedirsiniz?

- Biznes sirridir. Deyə bilmərəm.

- Bundan əlavə, siz aparıcısınız. Aparıcılıq fəaliyyətinizdən, yoxsa müğənnilik fəaliyyətininzdən aldığınız qonarar - hansı sizi daha çox qane edir?

- Bəli, “ANS-ÇM” 102 FM radiosunda yayımlanan “Qadın vaxtı” verilişinin aparıcısıyam. Həftənin 6 günü efirdə yayımlanan veriliş saat 10:00 -13:00 arası dinləyicilərə təqdim olunur. Veriliş əsasən evdar xanımlar üçün nəzərdə tutulub. Burada müxtəlif mövzulara toxunuruq. Qonaqlarımız da psixoloqlar, ginekoloqlar, seksopotoloqlar, aftolmoloqlar və mövzu ilə əlaqədar qonaqlar olur. Ümumiyyətlə, veriliş əyləncəli olmasına baxmayaraq, maarifləndircidir. Qaldı ki, aparıcılıq fəaliyyətimdən olan qazancıma, buradan olan maaşım məni çox qane edir. Müğənnilik fəaliyyətimə gəldikdə isə demək olar ki, Azərbaycan məkanında müğənnilik fəaliyyətimiz 8 ay çəkir. Çünki 2 ay Məhərrəmlik ayı, bir ay may ayı və bir ay da Orucluq bayaramı olur. Bununla belə, toya dəvət olunanda da toyun auditoriyasını nəzərə alıram və 3 gün fikirləşirəm, 3 gün də naz edirəm (gülür), sonra gedirəm. Ümumiyytlə, kütləvi mahnılar oxuyan müğənnilərlə müqayisədə, bir o qədər də çox qazancım yoxdur. Amma şükür Allaha, təzə mahnı yazdırmağa, təzə paltar almağa və sairə bu kimi məsələlərdə hərəkət etməyə qazandığım pul kifayət edir.

- Müğənni aparıcıdırsa, deməli o savadlıdır?

- Mən ancaq özümə cavabdeh ola bilərəm. Öz savadıma yüz faiz əminəm.

- Hər halda, müğənnilərin aparıcı olduqları verilişləri izləyirsiniz.

- İzləyirəm. Amma tamaşaçılar da izləyir. Hər halda, bəyənilirsə, baxılırsa, deməli belə məsləhət biliblər. Deməli insanlara belə xoşdur. Bu, artıq kəmiyyətdir, hələ də keyfiyyət deyil. Əksəriyyət belə istəyirlərsə, deməli belə də olmalıdır. Amma mən heç vaxt bu cür keyfiyyətsiz işin dalınca qaçmaram. Mənim öz cığırım var. Aparıcı fəaliyyətim haqqında onu deyə bilərərm ki, bu barədə 17-18 il radio və televiziyada çalışan peşəkarlarla söhbət etmişəm. Onlar deyirlər ki, aparıcılıq fəaliyyətin qənaətbəxşdir. Düşünürəm ki, hələ mənim öyrənəcəyim çox şeylər var ki, onlar da qarşıdadırlar.

- Ailədə hər şey öz yerindədir?

- Hər şey normaldır. Həyat yoldaşım, iki övladım...

- Uşaqlarınız sizi incitmirlər ki?

- Uşaqlarımı görürəm ki? (gülür). Oğlan diş çıxardır. Amma incitmirlər.

- Bəs uşaqlara kim baxır?

- Nənələri baxır.

- Qayınatanızla, qayınananızla aranız necədir? Məsələn, qayınananız sizi müğənni olduğunuz üçün incitmir ki?

- Qayınatam rəhmətə gedib. Allah rəhmət eləsin!
İncitməyi isə yox. Müğənni olduğumu bilirdilər də... Heç vaxt elə bir hərəkət etmərəm ki, ailəmə, valideynlərimə, yaxud hər hansı bir ailə üzvlərimə söz gəlsin.

- Həyat yoldaşınız Rövşənlə aranızda qarışılıqlı qısqanclıq problemləri olmur ki?

- (gülür) Yox. Bir yerdə Türkiyəyə getdik, gəldik. Heç bir problem yoxdur. Hər şey normaldır.

- Elnarənin kişi pərəstişkarları da var?

- (gülür) Kişi deyəndə, əks cinsin nümayəndəsini nəzərdə tutursunuz. Elnarə səhnədə dəli deyil ki, öz-özünə oxusun. Təbii ki, həm qadın, həm də kişi pərəstişkarlarım var. Və Rövşən bütün bunları bilib, nəzərə alıb. Rövşənin də qadın pərəstişkarları var. O, hərbi verilişin aparıcısıdır. O, əsl Azərbaycan kişisinin obrazını yaratmaqdadır. Artıq o, 15 il olacaq ki, bunu edir. Hətta, yadıma gəlir ki, Rövşəngil bizə elçi gələndə, xalam onun həmin pərəstişkarı olduğu aparıcı olduğunu biləndə dedi ki, mən onun bütün verilişlərini izləyirəm. Bu da çox normaldır. İstənilən Azərbaycan anası, ümumiyytlə, Azərbaycan qadını ona pərəstiş edə bilər. Mən bunu çox normal qəbul edirəm. Qarışılıqlı qısqanclıq yoxdur. İş işdir, ev evdir. İşdə belə şeylər mümkündür və qəbul olunandır. Elnarə ondan ötrüdür ki, Elnarə diqqət mərkəzində olsun, ona baxsınlar, pərəstiş etsinlər və sevsinlər.

- Siz qarışılıqlı olaraq bir-birinzi sevib, ailə qurmusunuz?

- Bəli.

- Sonradan bu sevgi soyumayıb ki?


- (bir anlıq qulaqlarını çəkir, divara tərəf yaxınlaşır, üç dəfə əlini divara vurur) Allah eləməsin! (gülümsəyərək) Elə sual verdiniz ki, özüm də şühbə elədim.

- “Eurovision”a niyə getmirsiniz?

- Gərək göndərən olsun ki, gedim. Mənim bir milyonum var ki?!


- Məgər Elnur, Samir, Aysel və Safuranın pulu var idi? Azərbaycanın təşkilat komitəsi onları seçib, özlərinin və müəyyən sponsorların hesabına “Eurovision” mahnı müsabiqəsinə göndərdi. Vaxtilə onlar da iştirak etmək üçün müraciət etdilər, seçildilər və “Eurovision”da ölkəni təmsil etdilər.

- Elə mən də onu deyirəm də, gərək göndərən olsun. Yadıma gəlir ki, Aysel gedən ərəfədə Ukraynanı təmsil edən xanım Lorak bütün səhnənin, dekorasiyanın qurulması üçün maşınını, hətta evini satmışdı. Sonda da yeddincimi, səkkizincimi yerə çıxdı. O biri qızları göndərdikləri kimi, məni də göndərsələr gedərəm. Onu da gözləmək lazımdır. Yəqin ki, onun da vaxtı var. Amma bir məsələni də deyim ki, mənim kimi insanların “Eurovision”da iştirakı çox qorxuludur.Məsələn, Alla Puqqaçova və Patrisiya Kaasın iştirakı. Heç kəs üçün sirr deyil ki, onlar dünyada kifayət qədər öz sözlərini deyən insanlardır. Dünya məkanında onların konsertləri keçirilir və dünya bazarında albomları saysız-hesabsızdır. Amma onların “Eurovision”dakı çıxışı onların reputasiyasına heç də yaxşı təsir göstərmədi. Ora gərək məşhur olmayan ifaçı getsin ki, ordan qayıdan kimi ulduza çevrilsin. Amma artıq populyar ifaçının ora getməsi çox təhlükəlidir, çünki onu Alla Puqaçova, yaxud Patrisiya Kaasın aqibəti gözləyə bilər.

- Siz Azərbaycanın “Eurovision” təşkilat komitəsinə müraciət etmisiniz?

- Yox, müraciət etməmişəm.

- Gərək müraciət edəsiniz ki, onlar da ifanıza görə sizi ya məqbul, ya da qeyri-məqbul hesab etsinlər.

- Demək olar ki, hər il bu “Eurovision” söz-söhbəti başlayanda birinci mənim adım hallanır. Deyirlər ki, bu il Elnarə gedəcək, ay nə bilim sorğular, yaxud statistik göstəricilər və s. Görsəm ki, məni layiq görüblər, mən də öhdəliyimə düşəni edə bilərəm. Yenə də deyirəm, inanmıram ki, özüm təşəbbüs göstərəm.

- Bu yaxınlarda “Türkçe vizyon” mahnı festivalından qayıtmısız. Bir qədər səfər barədə danışın.

“Türkçe vizyon” beynəlmiləl mahnı festivalı Trt və Dənizli bələdiyyəsinin təşəbbüsü ilə hər il keçirilən festivaldır. Keçən il 16 ölkə iştirak edirdisə, bu dəfə 25 ölkə iştirak edirdi. “Eurovision”da məqsəd ingilis dilinin təbliğatı olduğu kimi, “Türkçe vizyon” festivalında da məqsəd türk dilinin təbliğatıdır. Əlcəzair, İordaniya, Makedoniya, Gürcüstan, İraq və s. ölkələrdən olan iştirakçılar türk dilində danışa bilməsələr də, məcbur idilər ki, türk dilində mahnı oxusunlar. Sözüm ondadır ki, həmin festivaldan mənə təklif gəldi və qatıldım. Bilirsiniz, dünyada nə qədər, saysız-hesabsız yarışmalar, festivallar var? İstədiyin yarışmaya müraciət edib, qatıla bilərsən. Gərək imkan və məsləhət ola.

- “Eurovisin”un qayda və qanunlarına əsasən, gərək iştirak edən şəxs müraciət etməlidir. Heç kimə komitə tərəfindən təklif olunmur.

- Bilirəm. Amma mən bu müsabiqədə Alla Puqaçova, Patrisiya Kaasın aqibətini yaşamaq istəmirəm. O qorxu məndə var.

- Deməli, siz özünüzü Alla Puqaçova, Patrisiya Kaas kimi müğənnilərlə müqayisə edirsiniz?

- Niyə etməməliyəm? Çünki onların yaşına çatanda, onlar kimi dünyaşöhrətli müğənnilərdən ola bilərəm. Kifayət qədər şansım var. Və mənim ona savadım da, ifa mədəniyyətim də çatır. Konkret olaraq, söhbət müraciət etməkdən gedirsə, mən heç vaxt müraciət etməyəcəyəm. Çünki mən də hələ o qorxu var. Bu günə qədər qəpik-qəpik yığdım hörməti, ümumiyyətlə, hər şeyi bir gündə “Eurovision”a qurban vermək istəmirəm. Qoy cavanlar getsin, qoy onlar məşhur olsunlar! Mən gözü tox adamam. Ayselin və Safuranın adına çox sevinirəm. Safuraya “Şərq ulduzları”nda 3 il dərs demişəm. Onların bir ildə etdiklərini, mən 10 ildir ki, edirəm.

- Şou-biznesdəki qadın və kişilərin kütləvi evlənib və boşanmalarının səbəbi nədir? Ümumiyyətlə, sizin bu məsələyə münasibətiniz necədir?


- Bu tendensiya tək şou-biznesdə və Azərbaycanda deyil, bütün dünyada baş verir. Yəqin ki, bunu zamanın nəbzi ilə, sürəti ilə, texnalogiyanın inkişafi ilə, kosmosla, itlə, pişiklə hər şeylə bağlamaq olar. Amma ömür boyu bu cür evlənib, boşanmalar normal hal olub. Məsələn, Elizabet Teylor 5 dəfə ərə gedib. Elə bizim özümüzdə də 5 dəfə ərə gedənlər çoxdur. Səbəblərinə gəldikdə isə, cavab verməkdə çətinlik çəkərəm. Çünki burada fərdi münasibətlər var. Bundan əlavə, obyektiv və subyektiv səbəblər də var. Amma münasibətim yaxşı deyil. İstəmirəm ki, heç bir ailə dağılsın. Boşanma hallarının azalmasının tərəfdarıyam.

- Hətta, boşanmadan sonra ailə münasibətləri uşaqlarada təsir edir. Bəs bu bardə nə deyə bilərsiniz?

- Mən özüm də ailəliyəm. İstəyirəm ki, hamının ailəsi olsun və ailəsi xoşbəxt olsun. Hamı nəvə-nəticə görsün. Bu cür xoş sözləri tək şou-biznes nümayəndələri daxil olmaqla, bütün insanlara şamil edirəm.

- Sizcə, bu cür boşanmalara səbəb savadsızlığın təsiri ola bilərmi?

- Düşünmürəm ki, savadsızlığa görə boşanmalar olsun. Ta qədim zamanlardan evlənənlər də, boşananlar da olub. Əksinə, qədim zamanlarda insan daha çox savadsız olub. Hazırda isə qadınlar daha çox koreyerist, savadlı, sərbəst olurlar və kişidən asılı olmurlar. Və düşünürlər ki, həyat yoldaşından boşansalar sərbəst yaşa bilərlər. Xaricdə bu cür məsələlərə çox rast gəlmək olar. Azərbaycanda Avropaya inteqrasiya edir. Məsələn, Azərbaycan “Eurovision”da iştirak edir (gülür). Bu baxımdan da xaricdə ki, mənfilər də, müsbətlər də ölkəmizə siraət edir.

- Azərbaycanda Elnarəni sevməyən müğənnilər var?

- Mən heç kimin müsahibəsini oxumuram, yaxud efirdəki çıxışlarını izləmirəm. Buna görə də deyə bilmərəm ki, hansı müğənni Elnarəni sevmir. Bir də ki, mən 100 dollarlıq əskinas deyiləm ki, hər kəsin xoşuna gəlim! Əlbəttə ki, kiminsə də xoşuna gəlmirəm. Bu da normaldır. Müğənni olmaya da bilərəm ki, məni sevməsinlər və xoşlamasınlar.

- Sizin necə, sevmədiyiniz müğənnilər var?

- O qədər (gülür). Belə deyək də, mənim də sevdiyim ifa tərzi, sevdiyim məktəb var. Yerdə qalanları isə sevmədiklərimdir.

- Çıxışlarının birində qeyd etmisiz ki, müğənnilik sizin üçün xobbidir. O halda bele çıxır ki, Elnarə müğənnilik sənətinə ciddi yanaşmır?

- Ailədən, uşaqlardan sonra müğənnilik haradsa, ikinci, üçüncücü və hətta, beşinci yerdə durur. Niyə? Çünki düşünürəm ki, Azərbaycan məkanında nəyə əlim çatıbsa və nəyə imkanım çatıbsa, edə bilmişəm. Hazırda məqsədim isə dünyaya çıxmaqdır. Hazırda toylara getmək, kiçik klublarda konsert vermək, hər hansı bir televiziya verilişlərinin restorandakı çəkilişlərində iştirak etmək və sairə bu kimi məsələlər məni yorur. Əvvəllər məni restoran səhnəsində tez-tez görərdinizsə, hazırda bunu minumuma endirmişəm. “Ledoviy saray”da 17 min tamaşaçı qarşısında konsert vermişəm. 2000 yaşı olan Amfiteatrda mahnı ifa etmişəm. Bu da hər bir ifaçıya nəsib olmur. Çalışıram ki, böyük səhnələrdən səsim gəlsin.

- Ehtimal var ki, müğənnilik sənətinə son qoyasınız?

- Azərbaycanda qalsam, bəli... Həmişə deyirəm ki, ömrümün sonuna qədər, yəni 70-80 yaşıma qədər oxumaq fikrində deyiləm. Azərbaycannda qalsam 40-50 yaşımdan sonra ola bilsin ki, müəlliməlik fəaliyyətimə başladım. Çıxıb getsəm, haradansa, ordan-burdan səsimi eşidərsiniz.

- Rəhmətlik Mirzə Babayev ömrünün sonuna qədər oxuyurdu. Hazırda da Zeynəb Xanlarova da oxuyur.

- Onlar sənətinin peşəkarları və vurğunudurlar. Demək istəmirəm ki, mən peşəkar deyiləm. Artıq konservatoriyanı da bitirdim. Diplomuma baxsanız görərsiniz ki, mən muğam və vokal dərsi deyə bilərəm. Hər bir ifaçını tənqid edə bilərəm. Bunu ona görə etmişəm ki, heç kim mənə bir söz deyə bilməsin. Mən kimə lazım olsa, öz sözümü deyə bilim. Bunun hamısını Azərbaycan üçün etmişəm. Mən musiqişünasam, pedaqoqam, filoloqam və dilçiyəm. Bu mənim ilk peşəmdir. Müğənnilik burada mənim üçün xobbidir. Və getdikcə də xobbiləşməyə doğru gedir. Restoran səhnələrindən, ümumiyyətlə, şou-biznesdəki can-fəşanlıq etməməyim hiss olunur. Amma böyük səhnələrdən kənarlaşmayacağam.

- Azərbaycan şou-biznesində hansı problemlər var ki, sizin sənətinizə, yaradıcılığınıza birbaşa təsir edir?


- Problemlər çoxdur. Hazırda klipi efirdə yayımlamaq, klipi çəkməkdən bahadır. Nə edirəm ki, həmin o klipi çəkim və həmin klip evimdə rəfdə qalacaq? Bü cür problemlər var. Özəl telekanallarda zəncilərin boş-boş kliplərini verməkdənsə, hər hansı Azərbaycanın səviyyəli kliplərini versələrə daha yaxşı olar.

- Amma nəzərə alın ki, bizim klplərdə də müəyyən problemlər var.

- Əlbəttə ki, bizim kliplərdə də problemlər var. Kimsə mebelini, yaşadığı evini, fəvvarəsini klipdə göstərmək istəyir. Nə yazıq ki, hazırda televiziya məkanında həmin o mebelli, fəvvarəli və göydələnli klipləri də görmək olar. Keyfiyyətsiz işə daha çox rast gəlmək olar. Özəl telekanallarda pulunu verib, həmin klipləri nümayiş etdirirlər. Ona görə də, bu cür işlərin arasında gördüyümüz işlər görsənmir, itir. Amma tək kliplər deyil, konsertlərdə də, albomlarda da problemlər var. Albom buraxmağın o qədər çətinlikləri var. Bugünkü gündə heç bir müğənni deyə bilməz ki, mən albom çıxartmaqla pul qazana bilmişəm. Ziyana düşüblər, amma Almaniyada, nə bilim haralardasa albom çıxartdıblar. Mən isə bir dəfə albom çıxartmışam, onun da hüququnu satmışam. Çünki bilirəm ki, albom satışından pul qazana bilməyəcəyəm. Sabahları hər hansı şirkət mənə müraciət etsə ki, sizin albomunuzu çıxartmaq istəyirik. Eyniylə, müəyyən qonararımı alıb, albomun hüququqları ona satacağam.

Fuad Mədətov