ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Murad Arif: ""Maestro" Ceyhun İsmayılov mənim ayaqqabılarımı güldürməsin!"

- Murad, son zamanlar yaman qalmaqallı açıqlamalarla çıxış edirsən. Nə baş verir?

- Deməzdim son zamanlar. Mən son iki il ərzində mahnı yazıram və bu müddət ərzində yazdıqlarım hər zaman müzakirə olunub. Mən isə o mahnılarla bağlı cavablar verirəm. Artıq iki ildir ki, bu ənənə davam edir. İndi gördülər ki, bu selin qabağını almaq mümkün deyil. Bu gün fəaliyyətimi xırda-xırda hissələrə bölüb araşdırmırlar, indi Murad Arif faktorunu müzakirəyə alıblar. Mən inanıram ki, iki ildən sonra bəlli olacaq ki, bu da faydasızdır. Çünki insanlar var danışır, insanlar var öz daxili aləmlərini araşdırırlar, bununla da özlərinin daha nə bacardıqlarını üzə çıxardırlar. Amma deyim ki, onlar iki ildən sonra bu barədə danışmaqdan bezəndə, mən onlara başqa bir mövzu verəcəyəm. Məsələn üçün, Murad Arifin buraxdığı təzə roman və ya Murad Arifin sərgisi... Yəni, bütün bunlara hazır olsunlar.

- Dediyin müzakirələr səni bezdirməyib?

- Yox. Əslində onlar məni ödənişsiz, menecersiz və prodüsersiz gündəmə gətirirlər, “promo” edirlər, çox sağ olsunlar (gülür).

- Amma sənin özündə də az yoxdur...

- Bəli. Mən səmimiyəm, ona görə də məndəki də az deyil. Artistlik etməyə vaxtım yoxdur. Gündəlik rejimim çox çətindir. Radioda və efirdə verilişlər aparıram, müəyyən şirkətlərlə əməkdaşlıq edirəm, mahnı yazıram, müğənni Xəyyam Nisanovun musiqi prodüseriyəm. İndi Xəyyamı “Evrovisiona” hazırladığımız üçün başım qarışıqdır. Bu üzdən qeyri-səmimi olmağa zamanım qalmır (gülür). Etiraf edim ki, bir gün qərara gəldim ki, Murad, sən açıqlamalarında qeyri-səmimi olsan, səni sözündən tutub asacaqlar. Yaxşısı budur ki, ürəyinə və ağlına nə gəlirsə, onu da deyərsən. Mən də bundan qaynaqlanıb səmimi oluram ona görə də bu cür söz-söhbətlər yaranır.

- Murad, sən bayaq insanları iki katiqoriyaya böldün. Danışan və işləyən. Maraqlıdır, Murad Arif hansına aiddir?

- Ay Allah, mən əslində o qədər sadə və səmimi insanam ki, bunu deməkdən artıq bezmişəm. Çünki heç kim inanmır. Heç kimi inandırmaq fikrim də yoxdur. Nəzərə alsaq ki, Murad səhər saat 8-dən gecə saat 2-yə qədər çalışır, onda mən işləyən katiqoriyaya aid olaram. Danışmağı da sevirəm, amma vaxt tapanda, gördüyüm nəyə münasibət bildirərkən facebook-daki statuslarımı dəyişirəm.

- Bayaqdan sadalayırsan ki, aparıcı, tamada, bəstəkar, musiqi prodüseri və s... Bəs bir insan bu qədər iş-gücün öhdəsindən necə gəlir?

- Çox gözəl, baxın bazar ertəsindən cümə gününə qədər efirdə oluram. Şənbə günü radioda veriliş aparıram. Toylarda tamadalıq axşama düşür. Toylarım olan gün isə studiyaya iş salmıram. Bax, bu şəkildə həftəni yola verirəm. Allah telefonun “zametka” hissəsini çıxardanın canını sağ eləsin. Mənim telefonum itsə, bilin ki, Murad Arif işsizdir.

- Amma səmimi danışsaq, hərdən səni qınayırlar. Bu qədər iş gördüyün halda, digərlərinin ağlına “yarımçıq papaqçılıq” gəlir.

- Vaxtı ilə onu Nizami deyib ki, yaxşı da deyib. Bəlkə də Nizamiyə görə, yaxşı palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Amma əslində o Nizaminin dövrü idi, yəni dahilərin zamanı idi. İndi isə burda nə mən, nə də başqa birisi dahi deyil. Murad Arif yarımçıqdırsa, digərləri bəyəm bütövdür? Yox, sadəcə olaraq Murad hər şeyi çatdırır, başqaları isə bəlkə də çatdırmır. Özümdə isə heç bir zaman yarımçıqlıq hiss eləməmişəm. Tutalım ki, mənim 7 mahnım var, əgər onlardan heç olmasa 4-dü tanınmasaydı, 2-si tutsaydı, o da dostlarım tərəfindən sevilsəydi... onda düşünərdik ki, bu insanların sözlərində həqiqət var və bir azca az danışardım, utanardım. Amma görürəm ki, mahnıların hər biri satılır və hit olur. Xalq artistləri, ulduzlar və ümumiyyətlə, keyfiyyətli insanlar tərəfindən sifarişlər dayanmır. Yəni sifariş gəlir, yazıram. Axı heç kim işimi siğortalaya bilməz ki, 2012-ci ildə Murad Arif mahnı yaza biləcək. Niyə, nəyə görə öz fəaliyyətimə son qoymalıyam? Kimin sözünə görə dayanmalıyam? Kimdir bu dəqiqə hakim? Murad Arifi analiz etmək hüququnu kim öz üzərinə götürüb, hansı dahi musiqiçi?


"Ceyhunun mahnısını bir dəfə eşitdikdən sonra, ikinci dəfə dinləmək istəmirəm"


- Murad, çox maraqlıdır, Azərbaycana fəaliyyət göstərən bütün prodüserlər özlərini sadəcə prodüser adlandığı halda, sən özünə musiqi prodüseri deyirsən.

- Mən bu fəaliyyətlə məşğulam, amma əslində tam mənada özümə musiqi prodüseri deyə bilmərəm. Çünki mane olan şeylər var. Ən əsas faktor isə Azərbaycan şou-biznesinin bugünkü durumudur. Ümumiyyətlə, mənə görə şou-biznes yoxdur. Bir sahədə ki oxuyanlar, yazanlar və onu yayımlayanlar, yəni hər üç tərəf yalnız toylara işləyirsə, burada musiqi prodüseri olmaq üçün dahi olmaq lazım deyil. Bunun üçün nə lazımdır, müğənni üçün yaxşı toy mahnısı tapırsan, oxudursan. O müğənni toylara da, səhnəyə də o mahnılarla çıxır, vəssalam. Bu gün Azərbaycanda özünə prodüser deyən bir çox insanların bu sahədən başı çıxsa da, bunun adı başqa cürdür axı.

- Nədir bunun adı?

- Bu, əslində toy maklerliyidir. Mən buna belə deyirəm.

- Bəs sən onlardan deyilsən?

- Niyə deyiləm ki? Amma indi bu dəqiqə yox, onlardan deyiləm. Çünki mən çalışdığım müğənnini toya yox, “Evrovision”a hazırlayıram. Mən Xəyyamın nə toyu, nə də şou proqramı ilə maraqlanıram. Mən heç bilmirəm ki, onun ayda nə qədər toyu olur. Amma mən musiqi prodüseri olaraq bilirəm ki, Xəyyam indi İsmayıl Əsədovun “Ağ mələyim” mahnısının promosunu edir. Bilirəm ki, haradasa 10 günə klipi çıxacaq. Mən onu da bilirəm ki, 2 aydan sonra biz Vaqif Gərayzadənin mahnısı ilə çıxırıq. Musiqi prodüseri olaraq deyə bilərəm ki, yanvar ayında Xəyyam Vaqif Gərayzadənin mahnısı ilə çıxırsa, artıq mart ayında o mənim mahnımı yazdırır. Bax, mənim fikirlərim və fəaliyyətim budur. Amma adını çəkmədiyim o insanlar bu barədə fikirləşmirlər. Onlar 10 dənə mahnını alıb, hansını harada istəyirlər, orada da oxudurlar. Onların vaxtları yalnız müğənnini toylarda və şou proqramlarda müşahidə etməyə sərf olunur. Amma işinə mənim kimi yanaşan insanlar var. Onların sırasında Yalçın və Nigar var.

- Bu prodüser aləmində “disk daşıyan” adına münasibətin necədir?

- Ümumiyyətlə, Azərbaycanda prodüser aləmi yoxdur, prodüser var. Burada sadəcə prodüser işini, onun nəzəriyyəsini bilən var. Məsəl üçün, Zülfiyyə Xanbabayevanı keyfiyyətli şəkildə təqdim edən Nigar var. Amma mən inanıram ki, onların özləri ilə danışsanız, deyəcəklər ki, bu, ciddi sahə deyil. Çünki şou-biznes, şou-biznes kimi deyil. Bura belə olmalı deyil. Buranın öz qayda-qanunları var. Bu sahədə gəlir səhnədən olmalıdır. Bizdə isə yalnız toydandır. Toyda isə “bərk gedən” müğənni olmaq üçün güclü prodüserə ehtiyac olmamalıdır. Abbas Bağırova prodüser lazım idimi? Yox, Abbas bu gün səs imkanları və repertuarına görə ən “bərkgedən” toy müğənnisidir. Ola bilsin Anar Mədətov və Namiq Qafarov çox yaxşı prodüserlərdilər. Amma vaxtında və lazımı yerdə doğulsaydılar. Azərbaycanda onların yaxşı prodüser olmağı heç kimə lazım deyil. Eltona bu dəqiqə Maks Fadeyev kimi prodüser lazım deyil. Eltona lazımdır ki, çıxıb 8-10 dənə mahnı oxusun ki, toya aparsınlar. Məhz bu baxımdan mən özünü prodüser adlandıran insanların fəaliyyətini ciddi qəbul etmirəm. Çünki şou-biznesimiz ciddi deyil. Bu sahənin adını dəyişməyi məsləhət görürəm – “Toy biznesi”. Məndən heç kim inciməsin.

- Sən “Olduğu kimi” verilişində açıqlama vermisən ki, qollarını çirmələyib gəlsən bütün prodüserlərdən yaxşı prodüser. Bu açıqlama bir neçə prodüseri özündən çıxartdı. Anar Mədətovu, Namiq Qafarov, Ronal, hər üçü qeyd etdi ki, bacarırsa gəlsin...

- Bəli, mən məsələnin nəzəriyyə tərəfini deyirəm. Musiqi prodüseri olaraq mən öz yazdığım mahnılarla isbat edə bilərəm ki, müğənnini repertuarla gündəmdə saxlamaq nə deməkdir.
Mən həmin üç nəfərin sözlərinə şərh verməyəcəyəm. O verilişə də böyük məmnuniyyətlə baxdım. Məncə arif insanlar mənim fikirlərimi diqqətlə dinləyib nə demək istədiyimi anladılar. Orda iştirak edən prodüserlər isə necə yozdular və nələri özlərinə problem etdilərsə, özləri bilərlər. Onlar dedilər ki, Murad gəlsin, nəyisə eləsin, nə bilim nə. Mən qeyd edim ki, Murad Arif hara gələcək, hansı işi görəcək, bunu yalnız Murad özü biləcək. Mən heç kimin təkliflərini qəbul etmirəm. Mənə hər zaman gülməli gəlir ki, heç kimin adını 1 dəqiqə belə tutub danışmıram. Amma bəzi insanlar mənə saatlarını ayırırlar, bu mənə çox qəribə gəlir. Elə burdan o insanlara demək istəyirəm ki, mənim onlara qarşı heç bir qərəzim yoxdur. Etdikləri sərt və gülməli açıqlamalara görə də heç birindən incimirəm. Bu, onların fikridir.

- Bəs elə həmin verilişdə Maestro Ceyhunun verdiyi açıqlama ilə tanışsan?

- Mən maestro adını qəbul etmirəm. Xahiş edirəm, Ceyhun İsmayılov daha düzgündür. Vasif Adıgözəlovun oğlu çox gözəl bir bəyanatla çıxış etdi ki, biz İtaliyada yaşasaydıq və ustad olaraq müraciət etmək qarşısında qalsaydıq, maestro sözündən istifadə edərdik. Nəzərə alsaq ki, bura Azərbaycandır və burada "maestro" bir titul kimi qəbul olunur. Bu titul isə Niyaziyə daha çox yaraşır.

- Xəbərin varmı Ceyhun tələb edir ki, sən ona yazdığı mahnıların yaranmasını göstərəsən. Yəni, royal arxasına keçərək mahnını necə yaratdığını sübut edəsən.

- Ay, xahiş edirəm, Ceyhun İsmayılov mənim ayaqqabılarımı güldürməsin! Mən durub ona nəyisə sübut etməliyəm? Rica edirəm, lütfən, güldürməsin ayaqqablarımı. Mənim Ceyhun İsmayılova nəyisə sübut etməyə vaxtım yoxdur. O mənim mahnılarımı dinləsə, onların effektini hiss etməmiş olmaz. Ceyhun üçün mən plagiat müəllifəmsə, çox gözəl. Onun bu fikrinə mən qətiyyən arıqlamıram. Onun bu fikri hətta mənim onun haqında olan fikrimi belə dəyişmir. Mənim o insanlarla mehriban münasibətlərim davam edir. Necə ki mən onu verilişlərimə dəvət edəndə istedadlı musiqiçi olduğunu vurğulayırdımsa, bundan sonra da belə edəcəyəm. Rahat olsun. Onun mənim mahnılarıma bu şəkildə münasibətinə mən yalnız gülə bilərəm.

- Deyir ki, heç kimə inanmıram, çünki mahnı yanımda istehsal olunmayıb.

- Çox gözəl, Bethovenə də inanmasın, çünki o da Ceyhunun yanında mahnı istehsal etməyib. Ələkbər Tağıyevə də inanmasın, çünki o da Ceyhunun yanında yazmayıb. O zaman bizim bəzi məmurlarımızın var ki çox gözəl mahnılar yazırlar, hansını ki adını çəkməyə Ceyhun qorxur, onlara da inanmasın, çünki onlar da Ceyhunun yanında olmayıblar. Özü bilər!

- Bir bəstəkar kimi onun fəaliyyətini necə qiymətləndirirsən?

- Mən bəstəkar olmadığım üçün, onun fəaliyyətini yalnız mahnı müəllifi kimi qiymətləndirə bilərəm. Normal!

- Amma qeyd edim ki, Ceyhun da özünə bəstəkar yox, mahnı müəllifi deyir.

- Əla, bəstəkar demir ki?! İnsanda sağlam düşüncə yaxşı şeydir. Mən onu alqışlayıram. Düz deyir, o, bir mahnı müəllifidir. Normalda hər birimiz yaradıcı insanlarıq. Savadlı-savadsız, diplomlu-diplomsuz, bahalı və ya ucuz maşınla, biz yaradıcı insanlarıq. Mənim fikrimcə, ən böyük ədəbsizlik bir yaradıcı insanın digər yaradıcı insanın daxili aləmini araşdırmaqdır, analiz etməkdir. Əsl yaradıcı insan gözəl bilir ki, yaradıcılıq qayda-qanun, tabel, cədvəl tanımır. Mən də yaradıcı insan olaraq deyirəm ki, Murad Arifin heç bir zaman, həyatın heç bir anında, nə sevincli nə də kədərli vaxtında ağlından Ceyhunun mahnılarını dinləmək keçməyib. Mən o mahnılarla tanış olub, bir dəfə eşitdikdən sonra, ikinci dəfə dinləmək istəməmişəm. Onlar mənim zövqümdə deyil. Ancaq mən Ceyhunun fəaliyyətinə hörmət edirəm. Ona da deyirəm ki, yazsın, yaratsın və heç bir tənqidə fikir verməsin. Nə Murad Arif kimi balaca insanların, nə də başqa böyük insanların fikrinə önəm verməsin, öz işində olsun. Maestro Ceyhun yazıb, yazır, yazacaq və yazmalıdır.

- Murad, bax özü dedin, Maestro Ceyhun?

- Bəli, sən haqında danışdığın Ceyhun (gülür). Əslində mən "maestro" sözünü dırnaq arasında dedim, yəni “Maestro” Ceyhun! Qoy o nə edirsə ürəklə eləsin. Və ürəklə desin ki, “Mən hitmeykerəm”. Əlbət ki, bu söz ona uyğun gələr.

- Gəlir ki?

- Mənim üçün yox, amma yəgin ki, Ceyhunun dinləyiciləri üçün o, hitmeykerdir. Niyə də yox? Mən ikibaşlı danışmıram, səmimi sözümdür. Məni də tənqid etməkdən qorxmasınlar. Çünki onların tənqidinə görə, mənim keyfiyyətim nə azalandır, nə də artan. Mən tez-tez Anar Mədətovla, Ceyhun İsmayılovla üz-üzə gəlirəm, mən tərəfdən heç bir problem yoxdur. Burdan səslənirəm ki, bacardıqları qədər çox danışsınlar. Çünki onlar çox danışdıqca, mənim də müzakirə vaxtım uzanır. Qoy onlar danışsınlar, danışsınlar, mən də öz işimdə olum da. Amma bəzən danışılanlara qulaq asıram.


"Psixi çatışmazlığım var"


- Bir nəticə çıxarırsan?

- Çox pis xasiyyətim var. Mənimlə bacarmaq çox çətindir. Mən nəticə çıxarda bilmirəm, dostlar məndən inciyə bilərlər, amma bacarmıram. Baxıram, verilişlərə çıxıb əsəblərini korlayırlar, danışırlar, danışarkən boğazlarında damarları çıxır, mən isə onlardan bir nəticə çıxara bilmirəm. Onlar belə etdikcə mən də əziyyət çəkirəm. İstəyirəm həm onları sakitləşdirəm, amma sonra düşünürəm ki, yox, qoy danışsınlar.

- Amma sən onların damarlarının çıxmasını məcbur edirsən.

- Mən nə edim ki, yazmaya bilmirəm. Bağışlasın məni Ceyhun İsmayılov da, Anar Mədətov da, amma mən yaradıcı insanam. Əlimi-qolumu bağlasalar da, yazacağam. Bu, mənim özümdən asılı deyil. Bəlkə də psixi çatışmazlığım var. Mütləq həkimə müraciət etməliyəm. Əslində məni qıcıqlandıran bir çox məsələlər var. Məsələn son zamanlar özümə qarşı plagiat sözü ilə daha tez-tez rastlaşıram. Amma bir kişi oğlu tapılmadı ki, efirdə çıxıb plagiat sözünü deyib, notla onu sübut eləsin. Çünki hamı bilir ki, Beynəlxalq Bəstəkarlar və Müəlliflər Konvensiyasının qərarına görə, bir melodiyada ardıcıl gələn 7 not, digər melodiyanın eyni ilə ardıcıl gələn 7 notu ilə tam şəkildə üst-üstə düşürsə, bu mahnını plagiat adlandırmaq olar. Əgər mahnıların ritmi, harmoniyası, mətnlərinin mövzusu eynidirsə, bunlar plagiat deyil. Murad Arifdən bir maarifləndirmə dərsi olmasın, amma hər halda bu qaydanı yaxşı-yaxşı öyrənsinlər. Və sonra fikirləşsinlər ki, nə əcəb mən Muradın mahnısına plagiat dedim?


"Xəyyam, Elton, Ayaz ulduz deyillər!"


- Murad, deyirlər ki, Ayazın “qalxmasında” sənin heç bir rolun olmayıb.

- Onlar belə qəbul etmək istəyirlərsə, eləsinlər. İstəyirlər hətta onlar üçün bunu etiraf da edə bilərəm. Amma əgər onlar əllərində “Azəri Star” mahnı müsabiqəsini bayraq kimi tutublarsa, qeyd edim ki, o müsabiqədə Ayazı turdan-tura keçməsində, uğurlu repertuar seçməsində, geyimindən tutmuş səhnə duruşuna qədər mənim rolum olub. Yəni, “Azəri Star”da mən artıq onun yanında idim. Bilmirlərsə, eybi yox, cavanlıqlarına bağışlayıram.

- Bəs səncə Eltonu Anar ulduz edib?

- Mən bir söz deyim ki, nə Xəyyam, nə Elton, nə də Ayaz ulduz deyillər. Azərbaycanda ulduz Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya, Natəvan Həbibidir və indi-indi Zamiqlə Elnur onlara çatmaq üzrədirlər. Yuxarıda adını çəkdiyim dostlarımız da çox istedadlıdırlar. Öz üzərində işləsələr, mənim və ya Mədətovun köməkliyi ilə yəgin ulduz olarlar, Allah yollarını açıq eləsin. Mən Ayaza kömək eləmişəm, indi Xəyyama kömək edirəm. Amma prodüser sözündən utanıram. Çünki bu gün Azərbaycan mediasında hər disk daşıyana prodüser deyirlər. Mən utanıram və xahiş edirəm mənə prodüser deməsinlər.

- Müsahibənin əvvəlində dedin ki, mənə keyfiyyətli insanlar müraciət edir. Maraqlıdır, görəsən keyfiyyətli insan necə olur?

- Mənə görə keyfiyyətli insanlar, mənə qarşı münasibətlərində dürüst olanlardır. Musiqilərimin effektinə inananlardır. Həmin o mahnıların musiqi tərəfini öz nəfəs və səsləri ilə yaşada bilən və fanatlara çatdıran insanlardır. Yaxşı qonorar verənlərdir.

- Bilirsənmi ki, səni həm də qeyri-təvazökar olmaqda ittiham edirlər?

- Uşaq səmimiyyəti ilə bir açıqlama eləmək istəyirəm. Məni qeyri-təvazökar adlandıranda, pis oluram. Deyirlər ki, Murad özünü çox tərifləyir. Axı bu, belə deyil, mən danışanda sadəcə ürəklə danışıram. Çalışıram onlara ən səmimi təriflərimi yağdıram. Heç vaxt deməmişəm ki, mən bəstəkaram, demirəm ki, mahnılarım “Oskar” mükafatı ala bilər, heç vaxt deməmişəm ki, mənim o mahnılarım xaricdə kiməsə lazımdır. Sadəcə olaraq faktlara əsaslanmışam. Demişəm ki, bu balaca ölkədə camaatın bu mahnıya marağı var. Mənə bir dəfə hitmeyker dedilər, durub baxdım, ikinci dəfə dedilər, güldüm, üçüncü dəfə isə elə ləzzət elədi ki... (əlini sinəsinə çəkir). Gördüm ki, mahnılarım hamısı “tutub” və dedim, bəli, mənəm də hitmeyker, bəs kim olmalıdır? Amma bu, o qədər də böyük titul deyil ki. Uğurlu mahnıların müəllifi olmuşam. Heç vaxt nə Qara Qarayevin, nə Fikrət Əmirovun yerinə iddialı olmamışam. Deyiblər not bilmirsən, razılaşmışam. Deyirlər, instrumentdə ifa edə bilmirsən, demişəm bilmirəm. Hər zaman təvazökar olmuşam, niyə mənə əksini yaraşdırırlar? Həmişə demişəm ki, mən savadlı, ziyalı, qrammatik cəhətdən düzgün, Azərbaycan dilində danışıb fikrimi bildirirəm və belə aparıcılar da çox deyil. Mən faktı demişəm, deməmişəm ki, mən bir nömrəli aparıcıyam. Xahiş edirəm, bu gündən sonra bütün media desin ki, Azərbaycan səhnəsinə gəlib getmiş ən təvazökar və başıaşağı insan, Murad Arifdir!