ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


«Qoy sənə desinlər ki, «köpək qızı» oxuyur da»...


- Poeziyaya vurğun müğənnisiniz. Amma bu barədə çox danışmırsınız. Vaxtilə verilişlərin birində səsləndirdiyiniz Əli Kərimin şeiri və bu mövzuda geniş fikirlər söyləməyiniz sizin ədəbiyyata vurğunluğunuzu açıq şəkildə tamaşaçıya göstərib. Yəqin, müğənnilikdə ayrı dəsti-xətti olan Xumar xanım bizə məlum olmayan bir çox şeirlərin də müəllifidir.

- Əslində məni bir az yaxından tanıyan insanların əksəriyyəti bu fikirdədir. Amma qətiyyən belə deyil. Bəlkə də, şeir yazmaq istedadı məndə var. Mən onun arxasınca getməmişəm. Mahnı bəstələməyimdə poeziya vurğunu olmağımın rolu böyükdür. Hansı mahnını bəstələmişəmsə, buna səbəb həmin şeir parçası olub. Hərdən bəzi şeirlərə kiçik müdaxilələr edərək, sözü dəyişmişəm də.

- Bu həvəs sizdə hardandır? Məsələn, bəzi sənət adamları nisgillərini, sevgilərini şairlərin dili ilə ifadə edirlər. Bəzisi isə gendən gələn istedaddan bəhrələnir.


- Burada mühitin və zəmanənin də rolu ola bilər. Amma məndə bu həvəs gendən gəlir. Biz əslən irəvanlıyıq, amma Qazaxa köçüb orada yaşamışıq. Atam adətən Aşıq Ələsgərin şeirləri ilə ruhunu qidalandırır, dincəlirdi. Hərdən mənə deyirdi ki, «oxu, onun şeirlərinə sənin səsinlə qulaq asım». Bu alışqanlıq məni bir az da poeziyaya yaxınlaşdırıb. Burada xarakterin də rolu böyükdür. Onun romantik, yaxud pis adam olmağında, duyğulu, yaxud da duyğusuz olmağında xarakterin rolu danılmazdır. Elə insan var ki, gözüyumulu pislik edə bilir.


“İnsanları necə başa salasınız ki, Xumar sevgidən ölüb”


- Sizin xarakteriniz poeziyada nəyi fadə edir?

- Mən həmişə deyirəm ki, «sevgisiz ölərəm!». Bu həyatda sevgi mənim müşayiətimdir. Hərdən yarızarafatla deyirəm ki, «təsəvvür edin ölmüşəm. Soruşsalar, Xumar nədən ölüb? İnsanları necə başa salacaqsınız ki, sevgidən ölüb». Kənardan bu bir qədər gülməli görünə bilər. Həmçinin də indiki zəmanədə. Amma neyləyim ki mənim naxışım belədir. Hərdən istəyirəm ki, mən də başqa xarakterdə olum. Amma mümkün deyil.

- Əgər poeziyanın təsiri altındayıqsa, sualımı da bu yöndə davam etdirmək istəyirəm. Adətən yazı adamlarının sevgi obyektləri əllə toxuna, gözlə görünə biləcək varlıq olmur. Sizdə necədir?

- Əslində mənim sevgimin dərinliyində də bu məntiq dayanır. Amma söhbət konkret kişi-qadın münasibətlərindən gedirsə, məsələyə bu cür yanaşmaq istəyirəm. Ola bilər ki, konkret toxuna bildiyin bir adam yoxdur, amma sən aşiqliyi sevirsən. Daxilən bu sevgini daşıyırsansa, zamanından, məkanından asılı olmayaraq sən sevəcəksən. Yəni, sən sevgini sevirsənsə, deməli sən insanı da sevəcəksən. Nə zamansa, real varlığın olmaması isə mümkün deyil. Bəli, bu gün mən sevirəm, özü də ürəkdən sevirəm.


“Sevdiyim insana güvənirəm”


- Sevdiyiniz şəxs sizin aşiqliyinizə qarşılıq göstərə bilən adamdır?


- Mütləq. Bu barədə Tanrımdan razıyam. Həmişə sevilən qadın olmuşam, bu gün də sevilirəm. Hətta o qədər sevilən qadın olmuşam ki, bu, məni bir qədər şıltaq edib, ərköyünləşdirib. Heç sevgimi itirmək qorxusunu da hiss etmirəm. Çünki qarşımdakı insana inanır və güvənirəm.

- Bunu necə dərk edirsiniz?


- Hissiyatlı qadınam. Yəni, sadəcə sözlə özümü aldatmıram. İnsanlarda səmimiyyətsizliyi görə bilirəm. Ümumiyyətlə, insanlarda sevmədiyim ən ali xüsusiyyət qeyri-səmimilikdir. Bu gün belə insanlara çox rast gəlirəm. İnsan acı olsun, amma dürüst olsun. Mənim şüarım budur - ağ-qara, ya hər şey – ya heç nə. Kimisə sevirəm, kimisə sevmirəm. İkililiyi, oynamağı qəti sevmirəm. Ola bilər ki, bu xüsusiyyətim məni geri salır. Yenə də, mən beləyəm.

- Sizin dilinizi başa düşmək asandır, yoxsa çətin?


- Dərin düşüncəyə malik insanlar məni başa düşürlər, hətta sözlərimdən zövq alırlar. Amma əks tərəfin adamları məncə, çətin başa düşərlər. Beyni, ruhu olmayan insan qarşısındakını necə başa düşə bilər? İstəməsə belə, yanındakı insanın nə dediyini özü necə qavrayırsa, elə başa düşəcək. Amma mən o deyiləm. Mən özümü belə insanlara qısqanıram. İstəmirəm ki, mən onun təfəkküründəki məntiqə uyğun başa düşülüm.


«Ayrılıq» mahnıma qulaq asıb deyib ki, «İtin qızı necə oxuyub»


- Sizin bəzi fikirlərinizi şou-biznes adamları ironiya ilə qarşılayır. Hətta ağızdan-ağıza ötürərək, əyləncə obyektinə çevirirlər də. Reaksiya verirsiniz?


- Desinlər. Qətiyyən, onlara fikir vermirəm. Bir az əvvəl dedim ki, məni başa düşən insanlar başqadır. Onlarki məni duyurlar, bu, mənə bəsdir. Gəl mən sənə sual edim. Manqurt, düşünməyən bir beyinin, duymayan bir insanın səni başa düşməyi sənə lazımdır? Məsələn, mənim bir xüsusiyyətim var. Mənim populyar bir müğənni kimi təriflənməyimə ehtiyac görmürəm. Bu, mənə lazım deyil. Məni əvvəlcə duy və sonra tərif elə. Mən onda sözdən zövq alıram. Elə insanlar var ki, məşhurlaşmağa, adının dillər əzbəri olmağına meyl göstərirlər. Əgər insanların beynini qidalandıra bilmirsənsə, lap dünya ulduzu ol, xeyri oxdur. Rəhmətlik atam mənə deyirdi ki, «Oxuyanda sənə desinlər ki, «köpək qızı» oxuyur da». Bir dəfə yaxın rəfiqəm dedi ki, «söz demək istəyirəm, amma inciyərsən. Filankəs sənin «Ayrılıq» mahnına qulaq asıb deyib ki, «İtin qızı necə oxuyub, ruhumu titrədib». Düzdür, ifadə özü bir qədər pis səslənir. Amma ailə, qohum arasında bunun öz şirinliyi olur. İnsanı duymayanın heç sevgisi də lazım deyil.


“Səsi min səsdən biridir, amma özü birincilərdəndir”


- Qeyri-səmimi təriflər çox eşidirsiniz?


- Çox olur. Adını çəkməyəcəm. Pərəstişkarlardan biri mənim ruhuma yaxın olmayan, səsi min səslərdən biri sayılan və özü birincilərdən olan bir insanla mənim adımı eyni çəkərək, bir onu, bir də məni sevdiyini deyir. Nəzakət xətrinə ona təşəkkürümü bildirmişəm. Amma içimdə o insana gülmüşəm.

- Bu sözü deyən adama gülmüsünüz, yoxsa sizinlə adı bir çəkilən sənətçiyə?

- Söz deyənə. Çünki onun nə mənə, nədəki həmin insana qarşı olan sevgisinə səmimi baxmamışam. Əgər o, hər ikimizi eyni sevgi ilə istəyirsə, deməli, onun sevgisində bir şübhə var. O müğənni ilə mən ayrı dünyanın adamlarıyıq. Söhbət həm səsdən, həm daxili aləmdən, həm də hissiyyatdan gedir. Həmin adam çox məşhurdur.

- Sizin xarakteriniz şou-biznesin tələblərinə uymur. Eyni xarakterlə səhnədə ola bilirsiniz, yoxsa dəyişmək məcburiyyətində qalırsınız?


- Qarşıma bir məqsəd qoymuşam. Məkanından asılı olmayaraq hər yerdə olduğum kimiyəm. Kimin nə deməyindən, nə düşündüyündən asılı olmayaraq, mən olduğum kimiyəm. Bir az əvvəl mənim işlətdiyim ifadələrdən, fikirlərdən söz salmışdınız. Bunlardan «Kərtənkələ mənim adım, sürünürəm sadəcə»ni misal çəkim. İfadədə nə qədər gözəllik yatır. Bu fikrə ironiya ilə yanaşan insanlar mahnını bir az dərindən dinləyib, görsün orada nələr var. Bu, elə-belə deyilən söz yığını deyil. Kimsə özünə populyarlıq qazanmaq, reklam etmək üçün özünü nəyəsə oxşadar. Burada sənət üçün kərtənkələyə dönülür. Mən necə varamsa, yoluma elə də davam edirəm.

Üzdən ağlamağım yadıma gəlmir,
Ağlasam, göz yaşım ürəkdən gəlir.
Sözüm də, sevgim də, məhəbbətim də,
Nə varsa beşikdən, bələkdən gəlir.

Zəlimxan Yaqubun bu şeirində mən özümü görürəm və ifadə edirəm.


“Qazaxlıyam, amma bir misra da şeir yaza bilmirəm”


- Bizdə normal estrada müğənnisinin yetişməsi üçün nə tələb olunur?

- Mənim üçün peşəsindən asılı olmayaraq, hər bir insanda istedadın olmasını vacib hesab edirəm. Qeyd etdiyim kimi mən qazaxlıyam, amma bir misra da olsun şeir yaza bilmirəm. Yalandan özümü şair adandıra bilmərəm. Çünki içimdə Allah vergisi yoxdur. Neçə-neçə universitetlər bitirim, yenə də inanmıram ki, şeir yazmaq istedadı məndə alınacaq. Bu səbəbdən sənətə gələn insanda mütləq isteded olmalıdır. Əgər bu yoxdursa, məktəb boş şeydir. Hərdən deyirlər, filankəs dəsti-xətti, filankəs məktəbi. Heç də gözəl deyil. Boğazdan yuxarı və şablon fikirdir. Çoxları eyni tərzdə oxuyur, maneralar eynidir, adını da məktəb qoyur. Məktəb o insana lazımdır ki, o, istedadı ilə dəsti-xəttini yaradır.

- Öz ifa üslubunuzu necə adlandırırsınız?


- Mənim ifa tərzimə Türkiyədə fantazi janrı deyilir. Yəni, yenilikçi, bir başka deməkdir. İstər muğam, xalq mahnısı, istərsə də, öz bəstəm olsun. Nə oxuyuramsa, ora bir Xumar qatıram. Söhbət tək özümdən getmir, əgər bir ifanı həsrət çəkə-çəkə ikinci dəfə dinləmək istəyirsənsə, budur dəsti-xətt.

- Sizin musiqidə dəsti-xəttinizin olduğu danılmazdır. Özünüzə məxsus ifa tərziniz var. Başqa kimin adını çəkə bilrsiniz ki, onu da bu cür tanıyırsınız?


- Ad çəkərdim. Amma tam qəbul etmədyim üçün deməyəcəm.

- Konkret nəyi qəbul etmirsiniz? İfasını, yoxsa, insani keyfiyyətini?


- Bu barədə heç nə demək istəmirəm. O insanın aşiqi deyiləm. Amma seçilir. Ad çəkib, inciklik yaratmaq istəmirəm. Məni kimsə müzakirəyə qoyub, arxamca danışanda, qətiyyən cavab vermirəm.


“İnsanları heyrətə salan yeni mahnı təqdim edəcəm”


- Sənətdə kiminləsə yaxın dostluq etdiyiniz adam var?


- Əksəriyyəti ilə münasibətim var. Amma sirdaşım yoxdur. O, insan yalnız bacımdır. Sənətçi dostlarımdan heç birinin pis gününü istəmirəm. Hamısının özlərinə, balalarına uğurlar arzu edirəm. Bizim müğənnilərin bəzi xüsusiyyətləri var, biri-birilərinə pislik etmək istəyirlər. Hətta mənə də qarşı pislik edirlər. Amma bunlar lazım deyil. Mənim kiməsə pislik etmək ağlımdan keçmir. Mən öz dünyamda daha rahat oluram. Bu dünyada məni rahat edən insanlar var. Amma hər adam o dünyaya daxil ola bilməz.

- Sizdən xalq üslubunda da ifa eşitmişik, rok üslubunda da. Yeni nə gözləyək?


- Rok, ozan-türk qarışığında bir üslubda oxumuşdum. Sırf rok üslubunda da oxumaq istəyirəm. Bir neçə günə insanları heyrətə salan yeni bir mahnımı təqdim edəcəm. Çox maraqlıdır, lirik əsərdir. Burada Xumarın bir başqa tərzdə ifasını eşidəcəksiniz. Hələlik müəlliflərin də adını sirr saxlayıram. Hazır olan kimi xəbərin təfərrüatını sizinlə bölüşəcəm.

Xədicə