ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

Əsl adı Məmmədəli Məmmədov olan DJ Fateh Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. "ANS" Şirkətlər Qrupu, "AB Standard" Şirkətlər Qrupu və "Promo-Vision" PR agentliyində çalışıb. Hal-hazırda "Media FM" radiostansiyasının səhər aparıcısı və baş prodüseridir.

- Necə oldu ki, radioya gəlib çıxdın? Hardan haraya... 


- Mən radioya 1999-cu ildə işə düzəlmişəm. Bu, Rahib Azərinin təklifi və dəvətilə ANS-ÇM radiostansiyası oldu. O vaxt orta məktəbi bitirirdim və işdən dərsə, dərsdən işə gedə-gedə 600-dən çox balla Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldum. Sonra başa düşdüm ki, radio mənə daha yaxındır. Nomenklatur iş təbiətimə uyğun deyil. Yəni statistik və statik əmək məni yorur, amma indi məşğul olduğum iş daha ekspressiv olduğundan ürəyimcədir. Odur ki, kiçik fasilələrlə 13 ildir ki, təxminən eyni işlə məşğulam. Bir də etiraf etmək lazımdır ki, hamı radioda işləmək istəyir. Danışmağı, bölüşməyi sevən xalqıq.

- Məmmədəli adına görə kompleks yaşayırdın? 

- Bunu hamı soruşur. İlk baxışdan elə gəlir ki, efir üçün Fateh adını seçmişəm ki, bu adla məni çağırmasınlar. Əslində, heç vaxt belə kompleksim olmayıb. Loru dillə desək, mənə elə kişinin adını qoymayıblar ki, buna görə utanım. Sadəcə, efir üçün DJ Məmmədəli adı ürəyimcə deyildi. Ona görə daha qısa ad üzərində fikirləşirdim. Fateh ləqəbini Rahib Azəri təklif etdi. Xoşuma gəldi və bu günə kimi də könlümə xoşdur. Amma bir məsələ də var ki, istənilən yerdə mənə Məmmədəli deyə müraciət edəndə, özümü evdəki kimi hiss edirəm.

- Hərdən mənə elə gəlir ki, radionu əsasən, internet istifadə etməyən, kitab oxumayan, bütün günü evdə boş-bekar oturan qızlar, oğlanlar dinləyir. Səncə, mən nə qədər haqlıyam? Dinləyicilərin, əsasən, kimlərdir? 

- Bilirsən, 3 il bundan əvvəl radionun auditoriyası məhz nəzərdə tutduğun qədər azalmışdı. Televiziya, mp3 - pleyerlər və internet insanları radiodan usandırmışdı. Bundan başqa, radioda qulaq asılası veriliş də, demək olar, yox idi. Məncə, indi işlədiyim Media FM radio bazarına yeni üslub gətirməklə, radionu yenə dəbə saldı. Radioya operativlik qayıtdı, verilişlərin eksklüzivliyi yarandı. Bir növ radio bazarı daha ambisiyalı oyunçunun oldu. Başqa sözlə, biz elə bir şey ortaya qoyduq ki, insanlar onu ancaq bizdən eşidə biləcəklərini anladılar. Beləcə, radio əvvəlki auditoriyasını özünə qaytarır. Şəxsən mənim verilişimə səhər dərsə, ən çox da işə gedən adamlar qulaq asır. "Pomidor-Yumurta" elə bir səhər şousudur ki, ondan sonra işə üzün gülə-gülə gedirsən. Bir şey də əlavə edim. Bir də, gəlin, radioya zəng edən və onu dinləyən insanları bir-birinə qatmayaq. Bu, fərqli insanlardır.

- Sənə zəng edənlərin intellektual səviyyəsi qaneedicidir? 

- Mənə zəng edənlərin intellektual səviyyəsi bizim cəmiyyətin orta intellektual səviyyəsini tam əks etdirir. Zəng edib öz məişətini həvəslə bölüşən də var, ağlı ilə 2000 manatlıq hədiyyə qazanan da. Bir də görürsən, kiminsə fikrinə və düşüncə darlığına görə məyus olursan. Amma onun ardınca səni iti zəkası və səlis məntiqi ilə sevindirən adam zəng edir. Bəzən mənə elə gəlir ki, həyatda ətrafıma necə adamları yığmışamsa, efirim də eyni sosial qruplardan olan dinləyiciləri toplayır.

- Səncə, bizim radiolarda ən yaxşı DJ-lər kimlərdir? Konkret adlar... 

- Əfsuslar olsun ki, bizim işdə nə dinləyicilərin sayı, nə aparıcının bacarığı, nə də başqa hansısa göstərici kiminsə yaxşı və ya pisliyinə dəlalət etmir. Mənə görə, dinləyici ürəyi ilə seçir. Bu mənada mən də dinləyici olmağı sevirəm. Odur ki, kimin ən yaxşı olduğunu deyə bilməyəcəm. Amma kimin səsini eşidəndə kanalı dəyişmirəm - bax bunu deyə bilərəm. Birmənalı olaraq, Rahib Azəri (Radio Lider), Emin Musəvi (Azad Azərbaycan) və İlahəylə Gülnar (Space) aparan verilişləri eşidirəmsə, adətən "sözlərini yarımçıq kəsmirəm". Öz radiomuzu isə bütün günü dinləyirəm. Gördüyün kimi, stolumun üstündəki radio həmişə Media FM-ə köklənib.

- Sən həm də aparıcı olmusan. TV-də işləmək asandır, yoxsa radioda? 

- Radioda. Bizim işdə belədir ki, hər şey sənin əlindədir. Verilişi istədiyin tərəfə və tərzə yönəldə bilirsən. İşıqçının işə çıxmaması, səs rejissorunun mikrofonu gec açması və ya efir rejissorunun yuxuya getməsi sənin işinə zərrə qədər də təsir etmir. Hansısa bir material hazır olmayanda belə, mikrofonu açıb danışa, ya da mahnını qoşub susa bilərsən və hamı da elə biləcək ki, belə də olmalıydı. Televiziyada isə "İndi isə növbəti reportajımız" sözündən sonra video-material getmirsə, kirpiklərini döyə-döyə ekrana baxmalı və tamaşaçı ilə səssiz dialoqa daxil olmalısan.

- Bizim TV, radio aparıcılarımızda hansı qüsurlar var, səncə? Niyə onlar bu qədər tənqidə məruz qalırlar? 

- Mən radio barədə deyə bilərəm. Radio - sahibkarlıq fəaliyyətinin bir növüdür. O da biznes qanunları ilə işləyir. Emosiyalar və sentimentallıq burda heç nəyə yaramır. Ya güclü olub, bazarın böyük payını ələ keçirirsən, ya da zəiflik göstərib xırda bir seqment üçün işləyirsən. Bu mexanizmin düzgün işləməsi üçün bizim radiostansiyaların hər bir imkanı var. Avadanlıq, kadrlar, pis-yaxşı reklam bazarı, işlək qanunverici baza və nəhayət, ayda bir dəfə profilaktika edən ötürücü qüllə. Yeganə və ən ciddi problem idarəetmə üsulunun dəyişməz qalmasıdır. Menecment bir dəfə yazılmış bədii əsər deyil ki, ona redaktə olmasın. Bu, daim yenilənən biliklər bazası olmalıdır. Bizim radio rəhbərləri isə radiostansiyaları açdığı gün özü üçün yazdığı qaydalarla işlədir. Heç kəs anlamaq istəmir ki, işçidən iş tələb etmək üçün onu həvəsləndirmək lazımdır. Özü də, ancaq maddi yox! Mənim kimi motivasiyası olsa idi, bir çox aparıcılar bu saat başımı yemişdi. Xoşbəxtlikdən onlar öz rəislərinin qurbanlarıdır. O rəislər də heç cür başa düşmür ki, radionu qabağa apara bilən yeganə qüvvə, motivasiyası olan peşəkar kadrlardır.

- Bir dəfə TEDx-da demisən ki, insan fərqli olanda uğur qazanır. Bizim toplumda fərqli olmaq nə qədər asandır? Bizim adətlər, mentalitet bunun qabağını alırmı? 

- Biz tənbəlik. Özü də bunu başa düşmək üçün fikirləşməyə ərinəcək qədər tənbəlik. Əslində, bizim toplumda fərqli olmaq daha asandır. Çünki daha çox adam eyni şeyi eyni cür edir. Bəzi hallarda, bu, cəsarət tələb edən addımdır. Bir çox hallarda isə adamdan 20-30 illik ömrünün üstündən xətt çəkməyi istəyir. Amma bir şey dəqiqdir ki, o addımı atmamış, dəyişməmiş deyə bilməzsən ki, bu düzdür, ya səhvdir. Odur ki, sözümün üstündə dururam. İnsan fərqli olub uğur qazanır. Mənim üçün bunun praktik faydası o oldu ki, birinci növbədə, ünsiyyət zəncirini qırdım. Yəni daha ünsiyyətcil oldum. Bu barədə bir az əvvəl istinad etdiyin TEDx çıxışımda da danışmışam.

- Aparıcılara müsahibələrimizdə ənənəvi suallarımız olur. Onlardan biri də kitablar haqdadır. Kitab oxuyursanmı? Kitablar sənin həyatında hansı yeri tutur? Evində kitab rəfin varmı? Sonuncu oxuduğun kitab hansıdır? Hansı janrı sevirsən? Gənc yazarlarımızdan kimləri bəyənirsən? 

- Şübhəsiz ki, oxuyuram. Hətta bunu çox vacib hesab edirəm. Bəzən deyirlər ki, bizdə oxumaq da dəb xatirinədir. Mən, tam səmimi deyirəm, dəb naminə oxumağı belə, yaxşı hal hesab edirəm və arzumdur ki, bu dəb qalıcı olsun. Çünki kitab oxumaq qədər faydalı ikinci iş yoxdur. Bu yaxınlarda rastıma çıxan bir ifadəni bu mənada çox uğurlu hesab edirəm: "Həmişə kitab oxuyanlar televizora baxanları idarə edəcək".

Valideynlərimin yığdığı kitabxanaya daha az müraciət edirəm. Sevdiyim yazıçılara gəlincə isə, otağımdakı rəfdə onların hamısını yığmışam. Bu, birinci növbədə Dovlatovdur. Bizim yazarlardan indi Əli Əkbəri, Seymur Baycanı, Pərvizi oxuyuram. Onlar mənə həm də dilimi mükəmməlləşdirməyə kömək edirlər. Slava Seni kəşf etmişəm. Gülməli və çox kreativ yazır. 

- Bəs qəzet alırsan? 

- Yox. Xəbər saytı, RSS və fərdi bloqlarda oxuduqlarım mənə kifayət edir. Qəzet müəlliflərinin bir çoxu dostumdur və hər hansı məqaləsinə diqqət cəlb etmək istəyəndə yazını elektron poçtuma yollayırlar.

- Sənin üçün istirahət nə deməkdir? 

- Cümə günü, işdən sonra yaxın dostlarıma Şəkiyə getməyi təklif edirəm. Hamı razılaşır və təxminən saat 7-də yola çıxırıq. Mən sürücünün yanında, qabaqda əyləşirəm, amma nəyə görəsə arxa oturacaqdakı dostumun sözü keçir və biz Qəbələ-İsmayıllı yolu ilə yox, Ağsu tərəfdən gedirik. Bu arada Xaldanın təmir edilən yollarına düşürük və tozlu yolda, saatda 30 km sürətilə 1 saat yol gedirik və sonra bütün həftəsonu buna görə dostumuzu qınayırıq. Şəkidə bütün bildiyimiz yerləri gəzirik, amma hər dəfə özümüz üçün yeni nəsə kəşf edirik. Bütün bunlar qastronomik təcavüzlə müşahidə olunur və məntiqi sonunu onda tapır ki, bazar günü geri qayıdanda "Şəkiyə sonuncu səfərimizdir" qənaətinə gəlirik. Hamı da bilir ki, uzağı bir aydan sonra yenə, cümə günü axşam hamıya məndən "Bəlkə Şəkiyə gedək?" SMS-i gələcək və hamı da işdən bir az tez çıxmaq üçün icazə alacaq. Bu, mənim ideal istirahətimdir.

- Nə qədər çox qazansaq, həmişə azdır. Sənin qazandığın pul ürəyincə yaşamağına bəs edirmi? 

- Açığı, mənə ürəyimcə yaşamaq üçün pul və onun miqdarı vacib deyil. Düzdür, işim elədir ki, daha çox pul qazanmaq üçün daha çox işləməli oluram. Pulum olanda, daha çox istirahət edə bildiyim üçün daha çox işləməli oluram.

- Kulis.az oxucuları üçün (radioda) başına gələn gülməli, maraqlı əhvalatlardan birisini danışa bilərsənmi? 

- Bir nəfər var, "Pomidor-Yumurta"da nə müsabiqə varsa, hamısında nəsə qazanıb. Bir dəfə hədiyyə dalınca gələndə, soruşuram ki, sən necə edirsən ki, SMS-in birinci çatır, nə telefon işlədirsən? Telefonunu göstərəndə ağzım açıq qaldı. Birincisi, QWERTY klaviatura deyil. İkincisi də, telefonun 12 düyməsindən üçü sınmışdı. Mənə görə, bu, insan iradəsinin kiçik təntənəsi idi.

- Ən çox sevdiyin 3 film, 3 kitab, 3 musiqiçi? 

Filmlər: Kinoman olsam da, indi cavab verməyə çətinlik çəkirəm. Ağlıma ancaq Mixalkovun "Утомленные солнцем" filmi gəlir. Yəqin çoxdan baxmadığım üçün. 

Kitablar: Seyid Əzim Şirvaninin qəzəlləri, Dovlatovun "Наши" və yəqin ki, Hüseyn Cavidin bütün külliyatı.

Musiqi: Morcheeba, Sade və bacım qızının mızıldanmağını bəyənirəm.

Mənbə: kulis.az