КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

alt

“Ərdəyəm, ana olmağa hazırlaşıram, artıq mən də çıxıb başqaları kimi “əxlaq” dərsi verə bilərəm”

Müğənni Röya ana olmağa hazırlaşır. Azərbaycan şou-biznesinin və estrada səhnəsinin bu qalmaqallı təmsilçisi ailə qurduqdan sonra həyatının ən böyük hadisəsini gözləyir.

- Ana olacağınızı uzun müddət gizli saxladınız. Niyə bu qədər susurdunuz? 

- Fevral ayından hamiləyəm. Biləndə ay yarım keçmişdi. Ondan başqa, anam da yuxuda görmüşdü. Dedi, sənin yanında körpə uşaq gördüm, günəş kimi yanır! Yaxınlaşdım uşağı əlimə götürəm, bir qadın yaxınlaşıb dedi, əl vurma ona, o Röyanındır. Anam deyir, mən də dedim ki, yox ey, ola bilməz, o təzə ərə gedib. 

Anam tapşırdı, bu haqda bir neçə ay kimsə bilməsin. Mən belə şeylərə inanan adamam. Çünki məni nə qədər istəyən varsa, bir o qədər də istəməyən var. Nəyə görə balam gözə gəlsin? Ona görə də üç ayı yola verdlik, keçdi. Həm də o vaxta qədər çox şey ola bilərdi. İtirə bilərdim, Allah qorusun, çox şey ola bilərdi. Onda faciəni özüm yaşaya bilərdim. Bunun heç kimə dəxli yox idi. Bir də açığı, bu il gözləmirdik. Gələn il üçün planlaşdırırdıq. 

- Uşağın dünyaya gələcəyi xəbəri yaradıcılıqdan soyutmadı ki? Elə rəfiqəniz müğənni Elnarəni misal gətirim. Ailə qurandan sonra həyatında yeni səhifə açıldı. İndi onun ən böyük layihəsi övladıdır. 

- Mənim başqalarından fərqim odur ki, dinc dayana bilmirəm. Əşyalarımı yığıram, gedirəm dincələm, ekrandan, mətbuatdan bir müddət uzaq qalam, bir həftə keçir, görürəm, işsiz-gücsüz darıxıram. Hardasa Elnarəni başa düşürəm, lakin bütövlükdə onu qəbul edə bilmirəm. Hər dəfə söhbətimizdə də ona deyirəm ki, bu qədər də olmaz. Beş ildə istədiyim pilləni tutdum. Mənə arzulamırdılar ki, ulduz olasan, bircə arzu edirlər ki, ailə qurasan. 
O da oldu. Böyük sevgi ilə ailə həyatı qurdum, birlikdə bütün sınaqlardan keçdik. Bizim sevgimiz əsl, təbii sevgi idi. Hamının gözü önündə yaşadıq. İndi ikimizi birləşdirən üçüncü var - övladımız dünyaya gələcək. Bilmirəm, dünyaya gətirəcəyim uşaq məni hansı tərəfə çəkəcək. Amma əmin olduğum bir şey var, mən səhnəsiz qala bilmərəm. Mən o adam deyiləm, ki, gedim evdə oturum. Otura bilərəm, bir müddət... 

- Yeri gəlmişkən, ictimaiyətin spesifik yanaşma tərzi var: müğənni subaydır və göz önündədir - o qədər də əhəmiyyət kəsb etmir, ailə qurandan sonra bütün günahları və savabları ilə bağışlanır və evimizin müğənnisinə çevrilir. Bunu siz özünüzdə hiss edə bildiniz? 

- Tamamilə razıyam. Mən əvvəl bunları başa düşmürdüm, indi başa düşürəm. Əvvəl mənə çatmırdı, nə fərqi var ki? Sonra gördüm ki, yox, qız vaxtı başqa cür başa düşürdülər, ailə qurandan sonra, ana olandan sonra tamamilə ayrı cür qəbul etməyə başlayırlar. Bizim elə müğənnilərimiz var ki, iyirmi il bundan əvvəl elə hoqqalardan çıxıblar ki, mən elə şeylər etsəydim, daşa basardılar. Görün, mən o variantlarda olsaydım nə olardı... Hərdən ağızdolusu danışanlara baxıram, fikirləşirəm, bunu məktəbdən filan söhbətə görə qovmuşdular, filan vaxtı belə etmişdi... Baxıram, deyirəm, gör neçə il keçib üstündən, gör kiminsə yadına düşür? Mən gördüklərim mənim yadımda qalacaq, mənim balam görməyəcək axı? Desəm biləcək, deməsəm yox. Allah ağlımı əlimdən almasın, nə ayrılıq olsun, nə pis hadisə baş versin, mən o əməl sahiblərindən də hörmətli olacam. İndi ərdəyəm, ana olmağa hazırlaşıram, artıq mən də çıxıb başqaları kimi “əxlaq” dərsi verə bilərəm. Bəzilərinin yadından çıxacaq ki, mən də cavanlıqda çimərlikdə şəkil çəkdirmişdim... İndi mənim öz insanlığımdır ki, sabah kimsə mən səhnəyə təzə çıxında etdiklərimi etsə, ona dərs keçib, ağıl öyrətməyim. 
Nə qədər məriftədən, mentalitetdən də danışsaq, səhnəyə get-gedə daha çox müasirlik, açıq-saçıqlıq gələcək. O vaxt mən çıxıb desəm ki, “ayıbdır, mentaliteti gözləyin”, mənim nəsil insanlar deyəcək, buna bax, sən özün şəkil çəkdirməmişdin? 

- Ailə qurandan sonra sevənlərin sayı çoxalıb, yoxsa sevməyənlərin? 

- Gözü götürməyənlər həmişə olub, elə onlar olub məni Röya edən. Hamı sevsəydi, nə olardı? Rəqabət, yol kəsdi, ay bu buradadı, ona imkan verməyin mənimlə birlikdə çıxış etsin və s. Bunlar həmişə olub və davam edir.

- Həyatınızın bütün pis və yaxşı məqamlarını səhnədə yaşadığınıza görə peşman deyilsiniz? 

- Qətiyyən.

- Amma şəxsi həyatını geri planda saxlayan və yaşadıqları gerçəklər ancaq dedi-qodu və şayiə şəklində mətbuata sızan həməkarlarınızın haqqınızda bir çox iddialı açıqlamalar etməsi sızı qıcıqlandırmır? 

- Təxminən başa düşdüm. Kim nə deyirsə-desin, öz mərifətini göstərir. Biz danışanda elə səhv buraxmayaq ki, nəinki müğənnilər, adi adamlar bizə gülməsin. Bütün sevıb- qovuşanların əksəriyyətinin valideynləri narazı olub. Bayaq da dedim, milyonçunun qızından da, nazir balasından da söhbət gedə bilər. Allah ailənin sonunu yaxşı yazsın. Əvvəli hər şey demək deyil. Allah hamının ailəsini xeyirli etsin. Unutmaq da lazım deyil ki, Azərbaycanda neçə sevgi və məhəbbətlə qurulan ailələrin aqibəti pis sona çatıb. O qədər dappadurupla ərə gedib, səssiz qayıdan olub ki! Min cür bahalı əşyalar gedib, hamısı ana-ata evinə qayıdıb. Ona görə də heç kimin şəxsi həyatına toxunmaq lazım deyil. Bu söz mənə yox, bütün sevgisi uğrunda mübarizə aparan gənclərə toxunub. Şəhərdə bu müsahibə çox ajiortaj yaradıb. O müsahibə bilmirəm kimə ünvanlanmışdı, amma açıqlama verən insanın əleyhinə yönəldi. Çünki sadə insanlar hamısı incidi.
O vaxt məni tanımırdılar. Haqqımda nə düşünürdülərsə, normal idi. İndi mən xoşbəxt bəndəyəm. Həyatımda hər şey düzəlib. İndi qayınanam deyir, “ay qız, az danış da, belə danışırsan, sonra heç kimin ağzını yığışdırmaq olmur”. Deyirəm, yaxşı da, mamoçka.. Qaynınam deyir, mən qız istəyirəm, oğlandı, yoxsa qız? 

Bizim toyumuzdan bir həftə sonra hər şey qaydasına düşüb. Hətta toyumda taxılan qızıllar oğlan evi tərəfdən göndərilib. Toyun xərci, hər şey oğlan evindən idi. Sadəcə, Azərbaycanda ilk dəfə idi ki, tanınmış müğənni sanballı ailənin oğluna qismət olmuşdu. Bakıda barmaqla sadalanan beş kişi varsa, onun biri də mənim qayınatamdır. Biri iranlıya ərə gedə bilər, biri türkə, biri xarici vətəndaşa. Amma sən çalış ki, öz vətənində beş kişidən birinin oğluna ərə get. Bundan sonra ən əlli il də oxumaram. Biləm ki, mənim yaşamağa şəraitim var, hörmətim var. Ona görə belə boş-boş şeylərə baş qoşmuram. Allah danışanın qarşısına çıxarsın. Hamımızın gələcəkdə övladı olacaq. Bilmək olmaz, onların taleyi necə olacaq. Ailə söhbətini heç kim ortaya çıxarmasa yaxşıdır, Allah yenə də hamının ailəsinə xoşbəxtlik versin. 

- Beş kişinin oğlundan birinə ərə getmək gələcəkdə tez-tez gündəmə gəlmək üçün bintə sarılıb yorğan-döşəyə uzanmaqdan, süni qalmaqallardan sığortalaya bilib? On ildən sonra sizdən belə hadisələr görmək mümkün olacaq? 

- Qətiyyən (Gülür). Nə danışrısınz, mən deyirəm, on ildən sonra Azərbaycanda barmaqla göstərilən qadın olacam. Allah hamının arzusunu yerinə yetirsin, deyəndə ki, iki il mənə vaxt verin, ulduz olacam. Mən kimisə keçəcəm, sözünü deməmişəm, qələt eliyərəm, Allah məni vurar, indi də eşidir. Gözləmirdim a, mən deyəcəklər bir nömrə. Nə bilirdim ki, o onluqda üçlükdə yer tuta bilərəm? Bax, bura mənim həyat yoldaşımındırsa (məkanı göstərir), əminəm ki, on il sonra beş qatı mənim olacaq. Özüm müğənnilərə kömək edacam. Orami-buramı sarıqlamaq nəyimə lazımdır? 

- Ailə qurandan sonra xarakter dəyişir. Deyirsiniz ki, dəyişmisiniz. Ana olandan sonra geyiminizdə dəyişiklik olacaq? 

- Ailənin də burada rolu var, yaş da öz təsirini göstərir. Bağda uşaqlarla danışırdıq. Paltarlarıma baxıb deyirəm ay Allah, vaxt var idi, bu geyimləri geyirdim. İndi mən öldür, istəmirəm. Deyim ki, Anar mənə qadağa qoyub, yox. Başa düşürəm, elə bir ailədəyəm ki, mənim hər addımım onların ailəsi üçün vacibdir. Mənim həyatımın yarısı dolu, yarısı boş idi, bir yarısında yazılar var idi. Kişi o adama deyirəm ki, yazılan yazıları bir gündə pozsun. Allah elə adamları cənnətə salır. Düşünürəm ki, mənə, və insanlara etdiklərinə görə mənim həyat yoldaşımın yeri cənnətlikdir. 

- Qardaşlarınız ailə qurmaq istəsə, müğənni və haqqında müxtəlif söz-söhbətləri dolaşan bir xanımla ailə qurmağını istərdiz? 

- Bundan əmin deyiləm. Bir söz deyim. Daxili kirli olmasın, əməli pis olmasın. Hər insanın həyatında özünə aid yaşadıqları var. Pul xatirinə min əməl sahibi olmasın. Nə demək istədiyimi başa düşə bilirsiniz? Barmaqlarını kimə uzatsalar, sevirlərsə, onu da alacam. Amma öz oğlumu deyə bilmərəm. (Gülür). Şəxsən bizim birlikdə olmağımızda qayınanamın böyük rolu olub. 

- Ailənizin dağılmasından qorxmursunuz? 

- Ailə o halda dağıla bilər ki, namus-qeyrət məsələsi olsun. Ayağım burxula, namus-qeyrət məsələsi ola. Hə şey məndən asılıdır. Mən onu etməsəm, kim nə edəcək? Cadu edəcəklər?

- Yeri gəlmişkən, şou-biznesin özəyi, dərmanı - cadu ilə aranız necədir? 

- Mən bədbin insan deyiləm. Hər bir işdə də özümə inanıram. Caduya inanan adam üçün bəlkə əhəmiyyəti var, amma mənim üçün yoxdur. Sənət yoldaşlarıma, dostlarıma da yalvarıram ki, getməyin, Allaha xoş getmir. 

- Populyarlığınız var, ailəniz var, inşallah, yaxında ana olacaqsınız. Bircə qalıb fəxri ad... 

- Dövlət tədbirlərinə, yığıncaqlara gedəndə, Allaha and olsun, mən utanıram. Mən səhnəyə çıxanda insanların reaksiyasını görürəm, o fəxri ad alanlara verilən reaksiyanı da görürəm. Mən çəkilib kənarda durub özüm deyirəm ki, qoy filankəsdə, o da, bu da oxusun, çünki mən oxuyub səhnədən enəndə onlar məni elə nifrətlə yola salırlar ki, mən özüm pis oluram. Mənim üçün fərqi yoxdur. Fəxri ad, yoxsa Röya... Hərdən zəng vurub deyirlər, təbrik edirəm, sizin adınız siyahıdadır, deyirəm nə ad. Mənim salonumu yaşlı insanlar doldurur. Əgər məni bütün yaş qrupunda olan insanlar sevirsə, bundan artıq nə istəyə bilərəm? Bu, mənim üçün bütün adlardan əzizdir... 

Lalə Yusifqızı