ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


alt

Xarici müğənnilər Bakıda verdikləri konsertlərdən nə qədər qonorar alıblar?

Son illər Azərbaycanın paytaxtı Bakı şəhərində bir çox dünya ulduzlarının konsertləri təşkil olunub və bu ənənə davam etməkdədir. Amma bu müğənnilər Azərbaycanda konsert proqramı ilə çıxış etməyin müqabilində böyük miqdarda qonorarlar tələb edirlər. APA dünyanın bir sıra tanınmış müğənnilərinin Bakı səhnəsində çıxışları üçün nə qədər qonorar tələb etməsi ilə bağlı araşdırma aparıb. Araşdırmanın birinci hissəsində bu zamana kimi Azərbaycanda konsertləri təşkil olunan müğənnilərin aldıqları qonorarın, ikinci hissədə isə çoxlu qonorar istəməsi səbəbilə bu vaxta kimi Azərbaycan tamaşaçısı qarşısında çıxış etməyən ulduzların tələb etdikləri məbləği təqdim edirik.


İlk əvvəl qeyd etmək lazımdır ki, bu vaxta kimi Azərbaycanda verdiyi konsertin müqabilində ən böyük qonorarı Elton Con alıb. O, Bakı səhnəsində çıxış etmək üçün nə az, nə çox 2 milyon avro qonorar tələb edib. Elton Con məhz bu qonorarı aldıqdan və bütün istəklərinin həyata keçiriləcəyinə əmin olduqdan sonra Bakıda konsert vermək təklifini qəbul edib. Dünya ulduzunun tələb etdiyi qonorarla yanaşı, onun konsertində istifadə olunan texniki avadanlıq da bu zamana kimi Bakı səhnəsində qurulan ən bahalı avadanlıq olub. Bakı səhnəsində çıxış edən dünya ulduzlarından fransalı müğənni Patrisiya Kaas konserti üçün 100 min avroya yaxın qonorar alıb. İtaliyanın tanınmış sənətçisi Al Bano Bakıdakı konsertinə görə 200 minə yaxın qonorar alıb. Toto Kutunyo Bakıdakı konserti üçün 50 min dollar, keçmiş “Modern Talking” qrupunun üzvü Tomas Anders 40 min avro qonorar əldə edib.

Elə bu gün paytaxtımıza təşrif buyuracaq və vida turnesi çərçivəsində sabah Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək Rusiya səhnəsinin primadonnasının qonorarı 110 min avrodur. Araşdırma zamanı məlum olub ki, Alla Puqaçova Rusiya estradasında ən çox qonorar tələb edən müğənnidir. Bu sırada sonrakı yeri onun duet ortağı Maksim Qalkin tutur. Həm şoumenlik, həm də müğənnilik edən bu ulduz indiyədək bir neçə dəfə bakılı tamaşaçılar qarşısında çıxış edib. O hər çıxışı üçün 50 min avro qonorar tələb edib. Təşkilatçılardan eyni miqdarda qonorarı Rusiyanın xalq artisti Nikolay Baskov da tələb edir. Bu müğənni də bir neçə il bundan əvvəl Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib və 50 min avro qonorar əldə edib. Bakıdakı konsertləri üçün rusiyalı sənətçilərdən Dima Bilan 40 min avro, Valeriy Miladze 25 min avro, Anjelika Varum və Leonid Aqutin 25 min avro, “Lyube” qrupu 20 min avro, “Tatu” və “A studio” qrupları 15 min avro, Lolita 15 min avro, “Na-Na” qrupu isə 10 min dollar qonorar alıb. Bu günə kimi Bakıda konsert verməyən, lakin arzu olunan “Bi-2”, “Nepara”, “İvanuşki” qrupları isə cəmi 15 min avro qonorar tələb edirlər. Çox güman ki, adları çəkilən qruplar yaxın müddətdə Bakıya təşrif buyuracaqlar.

Təşkilatçılar üçün Türkiyə estradasında ən bahalı müğənni meqa-star Tarkan hesab olunur. Bu müğənni hər gəlişində Bakı tamaşaçısının böyük sevgisi ilə qarşılanır və konsertləri həmişə anşlaqla keçir. Maraqlıdır ki, Tarkanın Bakı səfərlərində tələb etdiyi qonorarın miqdarı həmişə fərqlənib. Onun əldə etdiyi ən yüksək qonorar 200 min avro olub. Bu vaxta kimi dəfələrlə paytaxt səhnələrində konsert verən türkiyəli müğənni İbrahim Tatlısəs isə hər gəlişində 120 min dollar qonorar tələb edib. Sezen Aksu və Ajda Pekkan Bakıda bir günlük konsertləri üçün 100 min avro qonorar alıblar. Bakıda konsert proqramı ilə çıxış edən Kayahan 70 min avro, Kənan Doğulu 60 min avro, Gülbən Ərgən 50 min dollar, Kibariyyə 30 min avro, Alişan 30 min dollar, Fərhad Köçər və Hadisə 30 min avro, Bengü 20 min avro, Kerem Cem 20 min avro, Azəri qızı Günel 15 min avro qonorar tələb ediblər və arzuladıqları məbləğdə pul alıblar. Bülənt Ərsoy isə bu zamana kimi Azərbaycana bir dəfə təşrif buyurub. Onun bu səfərini xalq artisti Aygün Kazımova həyata keçirib. Əldə etdiyimiz məlumata görə, Bülənt Ərsoy səfəri ərzində 50 min avro məbləğində qonorar əldə edib. Azərbaycanda ən çox konsertləri təşkil olunan məhz türk müğənniləridir. Bu vaxta qədər Azərbaycanda konsertləri təşkil edilməyən türkiyəli müğənnilər Murad Boz 20 min dollar, Funda Arar 30 min dollar, “Hepsi” qrupu isə 20 min avro qonorar tələb edir.

...Qaldı daha böyük məbləğdə qonorar tələb edən dünya ulduzlarına, onlar arasında ən yüksək qonorarı hazırda Madonna tələb edir. Dünyanın ən bahalı müğənnisi olan Madonna hansısa bir ölkədə səhnəyə çıxması üçün düz 4 milyon avro istəyir. Ötən il ərzində bu müğənniyə dünyanın müxtəlif ölkələrindən 400 konsert təklifi gəlsə də, Madonna onlardan yalnız səkkizinə razılıq verib. Təəssüfləndirici hal ondadır ki, 400 təklif arasında Azərbaycandan bir təklif belə yoxdur. Bu müğənni yalnız Sankt-Peterburqdan təklif gələn zaman tələb etdiyi qonorarın miqdarında endirim edir. Buna səbəb isə Madonnanın bu şəhərdə konsert verməkdən xüsusi zövq almasıdır.

Çoxlarının xəyalında yaşatdığı Sting isə bir konsert üçün 1, 5 milyon avro qonorar tələb edir. Dünya ulduzları arasında Cennifer Lopez və Jastin Timberleyk isə həmkarlarına nisbətən daha az - 1 milyon avro məbləğində qonorar tələb edirlər. Necə deyərlər, “çox aşağı” qonorar tələb edən dünya ulduzları sırasında isə Şakira 800 min avro, Beyons 800 min avro, Rikki Martin 600 min avro, Adriano Çelentano 50 min dollar, “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak isə 30 min avro qonorar tələb edir. Yerli təşkilatçılardan aldığımız məlumata görə, iyunun 25-də dünyasını dəyişən pop-ulduzu Maykl Ceksonla aparılan son danışıqlarda o, Azərbaycana gəlmək üçün 8 milyon dollar qonorar istəyib.

Yerli təşkilatçılarla söhbətdən belə nəticə çıxarmaq olar ki, adlarını çəkdiyimiz və çox yüksək qonorar tələb edən dünya ulduzlarının Azərbaycanda konsertlərini təşkil etmək hələlik qeyri-mümkündür. Təşkilatçıların sözlərinə görə, hər bir müğənninin istədiyi qonorar onların tək özləri üçün tələb etdikləri miqdardır. Yəni, bu məbləğə konsert salonunun texniki avadanlıqla təmin edilməsi, sənətçinin və özü ilə gətirdiyi nümayəndə heyətinin Bakı hotellərindən birində yerləşdirilməsi, avtomobillə və mühafizə xidməti ilə təminatı daxil deyil. Bu işləri görmək təşkilatçıların öhdəsinə düşür. Bu siyahıya müğənnilərin Bakıda konsert vermək üçün təşkilatçılar qarşısında irəli sürdüyü müxtəlif şıltaq tələblər də daxildir. Eyni zamanda bu sənətçilərin Azərbaycanda konsertlərinin təşkili üçün onların arzu etdikləri səhnəni qurmaq mütləqdir. Əks-təqdirdə isə həmin müğənnilər son anda səhnəyə çıxmaqdan imtina edirlər. Belə müğənnilərin qonorarı adətən konsertdən əvvəl nağd şəkildə ödənir ki, bu da Azərbaycan təşkilatçılarının büdcəsinə uyğun deyil.