ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Dünyaca tanınmış reper “50 Cent”lə Azərbaycanın “Dəyirman” qrupu eyni səhnəni bölüşəcəklər. Bu barədə “50 Cent”in aprelin 11-də “Buta Palace”da verəcəyi konsertlə bağlı keçirilən mətbuat konfransında məşhur reperin paytaxtımızda konsertini həyata keçirən təşkilatçılar məlumat verib.

Konsertin təşkilatçılığı həyata keçirən “Korsika Lounge” şirkətinin rəhbəri Aqşin Həbibov və Səlim Aslanov “Dəyirman” qrupunun bu konsertdə çıxışı ilə bağlı bir həftə müddətində danışıqların aparıldığını bildirib. S. Aslanov “50 Cent”in Azərbaycana səfəri üçün xüsusi tələbələr irəli sürdüyünü diqqətə çatdırıb:

“Sözsüz ki, hər bir məşhurun öz tələbələri var. Ancaq “50 Cent”in tələbləri jurnal qədər idi. Ancaq tələblər arasında elə məqamlar var idi ki, yaşadığımız ölkədə o tələblərin qarşılanması mümkün belə deyil. Biz vəziyyəti uzun müddət onlarla danışdıq və nəticə göz önündədir”. S. Aslanovun bildirdiyinə görə, həmin gün konsertdə “50 Cent” və “Dəyirman” qrupu ilə yanaşı Lloyd Banks, Tony Yayo rep-qrupu ilə dj Who Kidd də səhnəyə çıxacaq.

Aprelin 11-də ilk olaraq səhnəyə “Dəyirman” qrupu çıxacaq. “50 Cent”in Bakı səhnəsində çıxışı isə saat 21:30 üçün nəzərdə tutulur. Aqşin Həbibovun sözlərinə görə, konsertə tamaşaçıların ciddi marağı hiss olunur. Bu layihəni kommersiya məqsədi üçün həyata keçirmədiklərini açıqlayan təşkilatçı şirkət nümayəndələri “50 Cent”in Bakıya gəlişini Azərbaycan mədəniyyətində böyük hadisə hesab ediblər:

“Uzun danışıqlardan sonra, bu qədər əziyyətdən sonra biz istəyimizə çatmışıq. Konsert günü tamaşaçıları möhtəşəm bir şou ilə sevindirməyi və əyləndirməyi düşünürük. Artıq konsertin 500 manata satışa çıxarılan VİP yerlərinə bilet qalmayıb. “Dəyirman” qrupu ilə “50 Cent”in duet oxuması isə çox uzun məsələdir. Bunun üçün çox müddət gözləmək lazımdır. Ancaq biz buna da çalışacağıq”.

S. Aslanov deyib ki, “50 Cent”in Azərbaycan səfəri müddətində təşkilatçılar tərəfindən Bakını gəzinti proqramı da hazırlanıb: “Biz xüsusi proqram hazırlamışıq. 18 saat Bakıda olacaq “50 Cent”i İçərişəhərə, Qız qalasına aparacağıq”. “Mamedia” şirkətinin rəhbəri Mübariz Abdullayev deyib ki, “50 Cent”in konsertinin yerli televiziya kanalları tərəfindən yayımına hələlik icazə verilmir. Ancaq “50 Cent”in Bakı konsertinin çəkilişini məşhur MTV televiziyası həyata keçirəcək. Mətbuat konfransında iştirak edən “Dəyirman” qrupunun üzvləri Malik və Miryusif “50 Cent”lə bir səhnəni bölüşmələrindən məmnunluqlarını dilə gətiriblər.