ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73



- İyunun 13-14 tarixlərində Yaşıl Teatrda verəcəyin konsertinə həmkarlarından heç kimi dəvət etməmisən. Bundan əvvəlki konsertlərində də belə bir addım atmışdım. Niyə onları konsertində görmək istəmirsən?

- Əslində, dəvətnamə verməməyim onları konsertimdə görməməyimə dəlalət etmir. Gəlsələr, daha yaxşı, sevinərəm. Sadəcə, mən son illər həmkralarıma dəvətnamə paylamıram. Kim konsertimin marağındadırsa, zəhmət çəkib bilet alıb, konsertə gəlsin.

- Yəni, onların kassaya xeyir verməsinin istəyirsən?

- Əslində, bunu xeyir kimi qəbul etmək də olar, etməmək də. Əgər mən onlar dəvətnamə verəsi olsam, qabaq sıraları nəzərdə tutmalıyam. Konsert zalında da ən bahalı yerlər irəli oturacaqlar sayılır. Onlar arxa sıralarda oturmağı qəbul etməyəcəklər. Ona görə də, ən yaxşısı budur ki, özləri kassaya yaxınlaşıb, seçimlərini etsinlər. Yeri gəlmişkən, 14 iyun günü mənim doğum tariximə təsadüf edir. Ola bilsin kimsə gül dəstəsi, parfum alıb məni konsertimdə təbrik etmək istəyəcək. Onlara tövsiyə edirəm ki, bunlara verdiyi pulu bilet üçün xərcləsinlər. Bax bu, mənim üçün əsil ad günü hədiyyəsi olar. Amma qeyd edim ki, səhnədə belə bir məhdudiyyət olmayacaq. Yəni, Samirə, Sevda Yəhyayeva, Elşad Xose ilə duetlərim nəzərdə tutulub.

- Bildiyimizə görə, prodüserin Kənan sənə sürpriz hazırlayır. Proqramdan kənar hansısa sənətçini səhnəyə çıxaracaq. Birdən bu, sənin xoşuna gəlmədi?

- Mən tamaşaçılara sürpriz hazırlayıram, bunlar da mənə. Bilmirəm söhbət kimdən gedir. Kənan xasiyyətimə bələd olduğundan, bilirəm ki, səhv addım atmayacaq.

- Vampir obrazda konsert anonsu kimin ideyası idi?

- Aqil M.Quliyevlə belə bir anons düşündük, hətta bunu səhnədə də göstərəcəyimi demişəm. Bu dəfə necə olacağımı, insanların necə "qanını içəcəyimi" həmin gün izələyə biləcəksiniz.


"Səsimin tonunu qaldıraraq, «nə baxırsınız, adam görməmisiniz?» dedim"


- Bu gün sənətdə ən gərgin qrafiklə işləyən sənətçi demək olar ki, sənsən. Yayın istisində bölgələri qarış-qarış gəzib konsertlər verəcəksən və s. Bunlar yaradıcılıq həvəsidir, yoxsa, özünü başqalarından fərqləndirmək istəyirsən?


- Qarşıma məqsəd qoymuşam ki, 40 yaşıma qədər bu templə çalışam. Bilirəm ki, 40-dan sonra fiziki gücüm tükəcənəcək. İstəmirəm ki, o yaşda oturub, özüm-özümü «niyə filan-filan işləri vaxtında görmədim» deyə, tənqid edim. Həm də ki bəlkə elə 40 yaçında ağlım başımda olmayacaq?

- Bu cür işləməklə səni həm də nümunəvi ana hesab etmək olar?

- İnanın Hüseyni bir-iki dəqiqə qoxlamaqla, bütün yorğunluğumu çıxarıram. Amma onun məndən nə qədər razı qaldığını deyə bilmərəm. Böyüyəndən sonra iradlarını bildirər (gülür). Hər səhər işə getmədən öncə onu bağrıma basıram. Evdən müsbət enerji ilə çıxıram.

- Evə bir də hansı saatda qayıdırsan?

- Əksər hallarda gecə saatlarında, o yatandan sonra qayıdıram. Konsert məşqlərinə görə, son həftələr evdə demək olar ki, tapılmıram. Hərdən özümə deyirəm ki, bu gedişlə uşaq böyüyəndən sonra bəlkə məni tanımadı? Bu cür fikirlər məndə stress yaradır. Bir gün əsəbiləşib, deyinməyə başladım: - tüpürüm pula da, işə də. Heç yana getmirəm. Son vaxtlar işimin çoxluğundan şou-proqramların sayını bir qədər azaltmışam. Çalışdığım qədər, övladımın xatiri üçün işlərimi yüngülləşdirirəm.

- Yəqin ki, bu qədər işin qarşısında sterssi tək övladına görə keçirmirsən. Yorğunluq özü də bir stress mənbəyidir.

- İşlərim qaydasında gedəndə, əsəbləşmirəm. Amma xırda məsələlər məni özümdən çıxarır. O vaxt nəinki hirslənirəm, hətta səsimi də qaldırmaqdan çəkinmirəm.

- Nə edirsən?

- Məsələn, gözəllik salonuna gedəndə, güzgüdən hiss edirəm ki, ətrafdakı qadınların əksəriyyətinin gözü məndədir. Bir-iki dəqiqə ancaq dözə bilirəm. Səsimin tonunu qaldıraraq, «nə baxırsınız, adam görməmisiniz?» deyirəm. Amma bir az keçmiş hirsim soyuyur və başımı qaldırıram ki, hamı öz işi ilə məşğuldur, mənə məhəl qoyan belə yoxdur. Sonra da pis oluram ki, mənə niyə məhəl qoyan yoxdur. Bu cür qəribə xüsusiyyətim var.


"40 yaşımdan sonra sənətdə qalmağı ağlımdan belə keçirmirəm"


- Bu gün yaşına görə, həddən artıq çılğınlıq göstərirsən, yaşlananda necə olacağını heç düşünürsən?

- Qadınlığımı qorumağa çalışam. Düzdür, 60-70 yaşında özümü böyük fanat ordusunun qarşısında hiss etmirəm. Amma baxımlı bir qadın olaraq, ailəm üçün formada qalmağa çalışacam. Mən Türkiyənin 73 yaşlı Ajda Pekanına baxanda həsəd aparıram. Türkiyədə olarkən, onu məclislərdə də görmüşəm. Bu insan ancaq özü üçün yaşayır. Heç bir yan təsirlərə baxmayaraq istədiyi vaxt istədiyi müdaxiləni özünə edir ki, gözəlliyini itirməsin.

- Bəlkə, tale səni də o yaşda səhnədən ayırmadı. Sən də bu cür ola bilərsən?


- Yox, inanmıram. Bu çılğınlıq məndə ki var, 40 yaşımdan o tərəfə sənətdə qalmağı ağlımdan belə keçirmirəm. Sözümü dedim, üstündə də dayana biləcəm.

- Eşitdim saç ustan bu günlərdə səni çıxılmaz vəziyyətdə qoyub. Saçlarını yaşıl rəngə boyayıb.

- Hə, bu günlərdə başıma belə bir iş gəlib. Getdim salona və ustaya dedim ki, fərqli bir saç rəngi istəyirəm. Köməkçim dedi ki, arxada bir neçə rəngi bir yerə qatıb nə isə hazırlayır. Mən də sevinirəm ki, salondan yeni görkəmdə çıxacam. Rəngi boyadı və bir az sonra yuyanda baxdım ki, saçımda yaşıl tonlar gözə dəyir. Dedi ki, qurudandan sonra başqa bir effekt verəcək. Səsimi çıxarmadım. Qurudanda baxdım ki, nə başqa effekt? Əməlli başlı yaşıl rəng hiss edilir. Dəli oldum, həmin an ağzıma nə gəldisə, ona deməyə başladım. Dəhşət içində idim. Yarım saat sonra çəkilişdə olmalı idim. Elə bu vaxt zəng gəldi ki, çəkilişə bir azdan start verilir və məni gözləyirlər. Heç düşünmədən efirə gələ bilməyəcəyimi bildirdim. Yenidən başqa ton seçib, saçlarımın rəngini dəyişdirdim.

- Bərk stress keçirdiyin anlarda qarşındakı adamı döydüyünü xatırlayırsan?

- Yox, adam döyməmişəm. Amma bərk hisrlənəndə ürəyimdən döymək, qadındırsa, saçlarını yolmaq keçir. Amma səbrimi basıram. Çünki bu, həmin adamdan çox mənim minusumdur.

- Bəs səni döyən olub?

- Hə, anam o qədər döyüb ki.

- Nəyin üstündə döyülmüsən?

- Sənətə ilk addımlarımı atdığım vaxtlarda ailəm mənim müğənni olmağıma icazə vermirdi. Əvvəlcə söz təzyiqləri ilə üzləşdim. Daha sonra anam tərəfindən bir neçə dəfə döyülmüşəm. Bunlardan biri isə küçədə, qonşuların gözü qarşısında baş verib.

- Sənətdə gəlməyinə niyə icazə vermirdi?

- Nə bilim. Qohum-qonşudan ayıb edirdi. Bəziləri kimi o da deyirdi ki, qız hara, oxumaq hara. O zaman mən Vaqif Gərayzadənin yanına təzə-təzə gedirdim. Anam eşitdi ki, mən inadımdan dönməyərək müğənni olmağa qərara vermişəm. Hətta müəllim yanına gedib, qrupda oxumaq fikrindəyəm. Arvad çox əsəbləşdi. Əlinə keçən oxlovla məni döyməyə başladı. Küçəyə qaçdım ki, bəlkə qonşulardan ayıb edib, üstümə gəlməz. Amma arvad o qədər hirsli idi ki, heç nə gözünə görünmürdü. Oxlovla məni yaxşıca əzişdirdi. Oxlovun ağrıları bir neçə gün çəksə də, müğənni olmaq həvəsindən daşınmadım. Döyülə-döyülə Vaqif müəllimin istedadlı tələbələrindən birinə çevrildim. Hərdən anam mənə xoş sözlər deyəndə, tez oxlov söhbətini yadına salıram. Bunlar hamısı keçmişdə qalıb, seçdiyim sənətə görə peşiman deyiləm. Baxmayaraq ki, mənə çox təzyiqlər, təpkilər göstərənlər olub. Amma inadımdan döndərə bilməyiblər…