ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73



"Bir gündə 6-7 çörək yeyirdim"


- Sizinlə bu dəfə yaradıcılıqdan kənar söhbət etmək istəyirik. Yəni, özünə qulluq sirləri, məişətdə rolunuz və s. Ana olan ərəfələrdə çəkiniz gözəçarpacaq qədər artmışdı. Bir müddət bundan əziyyət çəkdiyiniz hiss olunurdu. Amma bir neçə aydan sonra sürətlə arıqladınız. Bunun sirrini öyrənmək istəyirik.

- Əslində nə estetik əməliyyat etdirmişəm, nə də ki pəhriz saxlamışam. Çəkimin məni narahat edəcək qədər artıq olduğunu görüb, qarşıma məqsəd qoydum - mütləq arıqlamalıyam. Bu qətiyyəti beynimə yeridib, başladım az qida qəbul etməyə. Sizə bir sirr açım. Əslində, hamilə olduğum son aylarda mən həddindən artıq çox qida qəbul etmişəm. Bəlkə, çoxları üçün təəccüblü görünər. Günə təkcə 6-7 çörək yeyirdim. Bu orqanizmdə bir tələbat olaraq yaranmışdı. Ona görə də sürətlə kökəlməyə başladım. Arıqlamaq qərarını verəndən sonra yeməyə tələbat yarandığı vaxtlarda başladım daha çox maye qəbul etməyə.

- Yəni, su ilə qidalanırdınız?

- Ən yaxşı vasitə kofedir. Xanımlara da tövsiyə edirəm ki, arıqlamaq üçün bundan gün ərzində istifadə etsinlər. Amma kofeni həddindən çox qəbul etmək də olmaz. Günə bir fincan yetər. Əvvəllər günə bir neçə dəfə qəbul edirdim. Sonradan öyrəndim ki, çox kofe içmək üzdə qırışlar əmələ gətirir.

- Arıqlamaq üçün insan təkcə maye ilə qidalana bilməz. Bu, orqanizmdə bir çox mineralların azalmasına gətirib çıxarır. Bu cür təhlükələrdən qorxmursuz?

- Əslində, mənim orqanizmim aclığa öyrəşib. Bu qədər işlər görürəm. Onları çatdırmaq üçün səhərdən axşama kimi çalışıram. Yalnız gecə saatlarında qidalanmağa vaxt tapıram. Bu, insanlara bir qədər qəribə görünə bilər. Amma mən ancaq səhər saatlarında normal qida qəbul edirəm.

- Sonrakı saatlarda isə maye ilə qidalanırsız?

- Bəli, belə demək olar. Mənim gün ərzində evə qayıtmağım ən tezi saat 22:00-a təsadüf edir. Evə çatan kimi Hüseynlə (oğlunu nəzərdə tutur - red.) məşğul oluram. Yorğunluğumu çıxarıram. Daha sonra yemək yadıma düşmür. Bir başa yatağa yollanıram. Saat 24:00-da yatıram və səhər saat 6-da oyanıram. Başlayıram həmin saatdan düz evdən çıxana kimi, pis də çıxmasın, «eşşək kimi» yeyirəm.

- Sübh çağı oyanmağa səni yemək vadar edir?

- Əslində, buna vərdiş deyərdim. Oyanıram, evdə bir az gəzişirəm. Yemək yeyib, təzədən yatıram. Çox vaxt saat 10-da oyanıram. Lap gec yatanda isə oyanmaq vaxtım maksimum 12-yə çəkir. Yenidən yemək yeyib, evdən çıxıram. Amma bu səhər yeməyə vaxtım qalmayıb. İşlərimin çoxluğu üzündən evdən ac çıxmışam. Bilirəm ki, gecə saatlarına kimi yenə ac qalacam.

- Bildiyimə görə, bir dəfə plastik əməliyyat keçirmisiniz. Burnunuzu nəzərdə tuturam. Üzünüzə diqqətlə baxanda burnunuzun kənarlarında əməliyyatın tikişi açıq-aydın hiss olunur. Bunu aradan qaldırmaq fikriniz var?

- Hərdən əməliyyat keçirən sənətçilərdən danışanda mənim adımı ön sıralarda çəkirlər. Amma sizin sözünüzün təkrarı olmasın, mən həqiqətən də bir dəfə burnumdan plastik əməliyyat keçirmişəm. Dediyiniz nüans məni çox narahat edir. Bu problemi tezliklə aradan qaldıracam.

- Hansı üsulla?

- Təbii ki, lazer üsulu ilə. Yəni, buna görə yenidən əməliyyata girməyə ehtiyac yoxdur. Lazer üsulu da bir qədər uzun prosesdir. Amma real variant kimi onu seçmişəm.

- Son aylar kosmetik vasitələrdən az istifadə etdiyiniz diqqətdən yayınmır. Bəzən umumiyyətlə istifadə etmirsiz. Yalnız böyük səhnələrə çıxanda sizi makiyajda görə bilirk. Amma bir vaxtlar hər gün makiyajda görünürdünüz.

- Makiyajdan bir az yorulmuşam. Yalnız gözlərim çəkici olsun deyə boyayıram. Amma kosmetik vasitələrdən bacardığım qədər uzaq oluram. Xüsusi günlərdə istifadə etmək məcburiyyətindəyəm. Amma dəriyə mütləq qulluq edirəm. Buna ehtiyacım var.

- Dərinizdə hansısa problem var?

- Gün ərzində müxtəlif hava şəraitində, mühitdə oluruq. Yorğunluq, stress mütləq dəridə öz xoşagəlməz təsirini buraxır. Buna görə də mütləq kosmetoloq xidmətindən istifadə edirəm. Ümumiyyətlə isə mənim dərim ləkəyə meyillidir. Bir az gün şüası olsun, mütləq dərimdə xoşagəlməz ləkələr əmələ gəlir. Buna görə də, nəzarətdəyəm. Bir də mən hər ay «çistka» deyilən kosmetik xidmətdən, təmizlənmədən istifadə edirəm. Dərimin buna ehtiyacı var. Bir-iki gün ötürəndə, özümü narahat hiss edirəm.

- Əgər gün işığına qarşı həssaslıq varsa, onda yəqin ki, dərinizi süni şəkildə qaraldırsınız.

- Solyariyə müraciət etdiyim vaxtlar çox olub. Amma hazırkı dərimin rəngini günün işığında qaraltmışam. Bağ evimizdə hovuzda çiməndən sonra günəş şüası qəbul edirəm. Ləkəyə qarşı isə vasitələrdən istifadə edirəm.

- Sizə oynaq xarakterli müğənni deyirlər. İnsanlara münasibətdə hansı əhval-ruhiyyədə olduğunuzu göstərə bilirsiniz. Gərgin vaxtlarda stresi atmaq üçün ən real vasitə kim və ya nədir?

- Yalnız və yalnız oğlum. Evə çatıb, onu öpəndən sonra hər şeyi unuduram. Amma bu, bir öpüşlə bitmir. Başından ayağına kimi öpürəm onu. Ta ki, gün ərzində olan xoşagəlməz vəziyyətləri unudana kimi.

- Mətbəxdə varsınız?

- Özü də necə.

- Adətən nə bişirirsiniz? Evdəkilər sizin hansı bişirdiyiniz yeməyi daha çox bəyənirlər?

- Daha çox sobada yeməklərə üstünlük verirəm. Toyuq qızardıram. Anar (həyat yoldaşı- red.) mənim kartof qızartmamı xüsusilə bəyənir. Həftədə bir neçə dəfə onun üçün bu yeməkdən bişirirəm. Ürəyi gedir kartof qızartmamdan ötrü. Bir də görürsən mətbəxdəki yeməklərin hamısını bir kənara qoyub, köməkçinin yox, mənim bişirməyimi istəyir. Yorğun olsam belə, dərhal mətbəxə keçib, işə başlayıram. Eyni vəziyyət səhərlər də baş verir. Məni yuxudan oyatmaq bir az çətindir. Yorğun olanda oyanmaq istəmirəm. Amma oyandım, məni mətbəxdən çıxartmaq olmur.

- Mətbəxdə ən uğursuz işiniz nədir?

- Bu, bir yox, bir neçə dəfələrlə baş verib. Təsəvvür edin, bu boyda ev xanımı adi biskvit bişirə bilmir. Bunu mənim ən zəif nöqtəm hesab etmək olar. Bir dəfə özümə söz verdim ki, neçə dəfə olur-olsun biskviti bişirib başa çıxmalıyam, bu, məndə alınmalıdır. Amma bacara bilmədim. Nə qədər ərzaq israf etməyimə baxmayaraq, alınmadı, hazırlaya bilmədim. Hər dəfə cəhd göstərirəm və uğursuz olur. Anar baş verənlərdən xəbər tutmasın deyə, yanıq, yaxud xəmiri reseptə uyğun olmayan biskviti gizlincə atıram.

- Ailədə ən çox nəyə ehtiyac görürsən?

- Bildiyiniz kimi bizim evimiz qonaqlı-qaralıdır. Demək olar ki, hər gün evimizdə bir neçə qonaq olur. Hərdən Anarla, uşağımla baş-başa qalmaq istəyirik. Amma baxıram ki, bu vərdişlərdən sonra biz təklikdə darıxacağıq. Ona görə də, dostlarımızın hər zaman yanımızda olmasını istəyirik.

Xədicə