КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Eurovision-2010 müsabiqəsinin milli finalına vəsiqə qazananların adı bəlli oldu
Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu ölkəni təmsil etmək üçün yarışacaqlar

Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün “Buta Palace”da milli yarımfinal konserti keçirilib. APA-nın yarımfinalı izləyən əməkdaşının məlumatına görə, milli yarımfinal Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayım Şirkətinin təşkilatçılığı ilə keçirilib. Milli yarımfinal Azərbaycanın “Odlar Yurdu” olmasının işarəsi ilə konsertin keçirildiyi məkana çoxsaylı odlar gətirməsi ilə başlayıb. Elə səhnəyə də ilk olaraq bütün zal boyu ilə gətirilən əllərində od tutmuş rəqqaslar çıxıb.

Daha sonra səhnəyə “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan AySel Teymurzadə çıxıb və müsabiqənin hitinə çevrilmiş “Always” mahnısını ifa edib. Səhnənin arxasında quraşdırılmış böyük ekranda isə AySel Teymurzadə və Araşın Moskvadakı çıxışları, eləcə də orada keçirdikləri mətbuat konfransları və görüşləri nümayiş etdirilib. Yarımfinal konsertinin aparıcılıq missiyası İlham Qasımov və Hüsniyyə Məhərrəmova tərəfindən həvalə olunub. Aparıcılardan İlham Qasımov yarımfinalı Azərbaycan, Hüsniyyə Məhərrəmova ingilis dilində idarə edib. AySel Teymurzadənin növbəti çıxışı isə İsveçdə yazdırdığı, musiqisi duet ortağı Araşa məxsus olan “Fallin’g” mahnısı olub. Ötən ilki ölkə təmsilçisi yarımfinal iştirakçılarına uğurlar da arzulayıb.

Səhnəyə dəvət olunan gecənin sürpriz qonaqları sırasında olan “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana üç mahnı ifa etdikdən sonra, Azərbaycan xalqını salamlayıb. Sənətçi Azərbaycan səhnəsində çıxışından məmnunluq duyduğunu dilə gətirib. Bir neçə ifadan sonra zala tamaşaçıların yanına enən Ruslana, milli yarımfinalı izləməyə gələn Eurovision TV-nin baş direktoru Byorn Erikssonla görüşüb: “Azərbaycanı çox sevirəm və hər birinizi bağrıma basıb öpürəm. Mən Azərbaycana olan sevgimi heç bir sözlə ifadə edə bilmirəm. Hər zaman sizlərin qarşısında çıxış etməkdən məmnunluq hiss duymuşam”. Ruslana hər zaman olduğu kimi ifası ilə yanaşı, öz rəqqasları ilə birgə möhtəşəm rəqs göstərisi də nümayiş etdirib. Ruslana Bakı tamaşaçıları qarşısında ağ geyimdə repertuarında olan ən populyar mahnıları ərməğan edib.

Yarımfinalda Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək iddiasında olan 6 namizəddən “Milk&Kisses” qrupu sözləri qrup üzvləri Fəridə Nelson ilə Dilarə Kazımovaya, musiqisi Dilarə Kazımova və “Unformal” qrupunun üzvü, dj Vuperə məxsus olan “İ am on fire” (“Mən yanıram”) mahnısını ifa edib. Əsas məxzi ehtiras olan mahnıya uyğun da rəqs nömrəsi nümayiş etdiriblər. “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Almaniyadan milli seçim turlarına qatılan, əslən azərbaycanlı olan Elli Miçiyeva sözləri özünə və Paulinaya, musiqisi İsa Məlikova məxsus olan “Up, up” (“Yüksəklərə, daha da yüksəklərə”) mahnısını ifa edib. Üç rəqqasla səhnəyə çıxan namizəd, öz bacarığını nümayiş etdirib. Namizədlər arasında yeganə oğlan olan Azad Şabanov sözləri Zəhra Bədəlbəyliyə, musiqisi Vaso kimi tanınan Vüsal Qarayevə məxsus olan “Smile” (“Təbəssüm”) mahnısı ilə münsiflərin qarşısında çıxış edib. Digər namizəd, əsasən caz musiqisi ifaçısı kimi tanına Ülviyyə Rəhimova sözləri özünə, musiqisi bəstəkarlar Sergey Quliyev və Samir Əsədova məxsus olan “İn love” (“Vurulmaq”) mahnısını təqdim edib. Namizədlər arasında yaşca ən kiçiyi olan Səfurə Əlizadə sözləri Günel Musayeva və Zəhra Bədəlbəyliyə, musiqisi Elvin Musayevə məxsus olan “Söz ver” mahnısını ifa edib. “Nero” rəqs qrupu namizədi rəqsləri ilə müşayiət edib. Mahnısının yarısını Azərbaycan, yarısını isə ingilis dilində ifa edən Səfurə Əlizadə, saksafonda da ifasını nümayiş etdirib. Sonuncu namizəd Məryəm Şabanova sözləri və musiqisi özünə məxsus olan “İ have had enough” (“Məndən bu qədər”) mahnısını ifa edib. Namizəd səhnəyə “Spider” şou-balet rəqs qrupu ilə birgə çıxıb.

Onu da bildirək ki, namizədlərin təqdim etdikləri musiqi nömrələrində milli elementlərdən də və milli musiqi alətlərindən də istifadə olunub.

Namizədlərin ifaları başa çatdıqdan sonra isə səhnəyə “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak səhnəyə çıxıb və maraqlı çıxışı ilə yadda alıb. Qalib ifaçıdan sonra
milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev səhnəyə dəvət olunub. Münsiflər heyətinin sədri İsmayıl Ömərov artıq ikinci dəfədir ki, fevralın 2-si tarixində milli seçimin keçirildiyini bildirib. Münsiflər heyətinin qərarı ilə 6 namizəddən “Milk&Kisses” qrupu, Səfurə Əlizadə, Məryəm Şabanova finala vəsiqə qazanıb. Məhz bu üç nəfər arasından “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisi seçiləcək.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi keçirilən milli yarımfinal konserti İTV ilə yanaşı, “TRT Avaz” və Gürcüstanın İctimai Televiziyasında da canlı yayımlanıb.
lent.az

Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!