ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Xuraman Şuşalı: “Həyat yoldaşım məni səhnədə görmək istəmir”

- Nəhayət ki, Xuraman Şuşalının 3 illik intizarına son qoyuldu. Sənin də toyun oldu. Toydan sonra özünü necə hiss edirsən?

- Axırı ki, biz öz sevgimizə qovuşduq. Özümü çox rahat, çox yaxşı hiss edirəm. Hər kəsə toy arzulayıram!

- Bilmək istərdik ki, həyat yoldaşınla bal ayını harada keçirəcəksiniz?

- Allah qoysa, Orucluq ayı yenicə bitdiyi üçün bir-iki toylarım var və həmin toylarda iştirak edəcəyəm. Toydan sonra isə bal ayımızı isti ölkələrin birində keçirəcəyik. Çünki qarşıdan soyuq fəsil gəldiyi üçün isti ölkələrə gedəcəyik. Toyumuzdan dərhal sonra orucluq ayına düşdüyü üçün bu yay dənizə gedib, dincələ bilmədik. Ancaq axşam tərəfləri istirahət mərkəzlərinin birində olurduq. İstəyirəm ki, bal ayımızı Maldiv adalarında keçirək.

- Həyat yoldaşının valideynləri, doğmaları ümumiyyətlə, ailəsində müğənni kimi səni necə qarşıladılar?

- Normal qarşıladılar. Məni necə qarşılayarlar ki? Məncə, hər şey əladır! (gülür) Mən başa düşə bilmirəm ki, niyə şou-biznesdə hər hansı bir qız ərə gedəndə, onu birtəhər qarşılayırlar? Müğənnini də ana doğub, ata əkibdir. O da, hər hansı bir ailənin övladıdır, hər hansı bir evin qızıdır. Onun da evində boylananları və evində gözləyənləri var. Başa düşə bilmirəm ki, niyə məhz camaat bu cür pis qarşılayırlar?! Özümüz öz millətimizi, öz xalqımızı niyə axı bu dərəcəyə gətirib, vururuq?! Onsuz da kənarda düşmənlərimiz çoxdur. Özümüz-özümüzü içəridə yeməyək!
Şükür Allaha, ailə həyatım gözəl keçir. Heç bir dedi-qoduya qulaq asmırıq. Nə qədər təzyiqlər olsa da, nə qədər bizi ayırmaq istəyənlər olsa da, nə qədər adamlar bizim aramızda suyu bulandırmaq istəsələr də, heç nə alınmayacaq. Çünki, bizim işmizdə Allahın xeyir-duası, Allahın rzası var. Ona görə də, bizim münasibətlərimiz çox gözəl olacaq.

- Nəzərə al ki, siz müğənnilər, sənətçilər göz qabağındasınız. Sizin ailə qurub və boşanmağınız cəmiyyətə təsir edir. Bu mənada, insanlar sizin ailə münasibətlərinizi ciddi qəbul etmirlər.

- Qoy, onlara müğənnilərin ailə qurmaqları təsir etsin! Niyə axı biz, boşanmağı tez axtarırıq?! Hər bir insanın ailəsində boşanma halları ola bilər. Allah onu mənim ailəmə qismət etməsin! Ümumiyyətlə, boşanma halları, ayrılıqlar hər biz insanın həyatında olur.

- Bəs, bu aralar yaradıcılığın nə yerdədir?

- Albomum hazırlanır. İnşallah, bəyimiz də oktyabra qədər mənə klip çəkəcək. Niyə xeyiri başqasına verək?! Pulu sağ cibimdən çıxarıb, sol cibimə salacağam. Özü də nə pul...? Pulsuz. Havayıdan ərə getmişəm də... Təzə mahnılarıma klip çəkiləcək. Hələ ki, bu barədə heç bir açıqlama vermirəm. İnşallah, klip hazır olanda, görəcəksiniz.

- Bilidiyimizə görə, həyat yoldaşın Elçin televiziya kanallarının birində prodüser vəzifəsində çalışıb. Axı o, rejissor deyil, prodüserdi.

- Mənim həyat yoldaşım Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Yəni, onun sənəti rejissordu və çox yaxşı peşəkar rejissordu. O, məni hansı rakursdan çəkməyini çox gözəl bilir.

- Yeri gəlmişkən, eşitdik ki, həyat yoldaşın telekanalda işini itirib.

- Bəli, telekanaldan gedib. Amma rəhbərliyin qərarı ilə deyil, öz istəyi ilə işdən uzaqlaşıb. Bu, toydan bir gün qabaq baş verdi. Elçinin işində heç bir insident, ya narazılıq baş verməyib. Sadəcə olaraq, biz belə qərara gəldik ki, o, mənim bir sıra efir layihələrimin başına keçsin, klip çəkilişlərimi həyata keçirsin. Elçin mənimlə yanaşı bir sıra müğənnilərin də kliplərini çəkəcək. Bu səbəbdən də onun telekanalda işləməyə əlavə vaxtı qalmayacaq.
Amma Elçinə artıq bəzi telekanallardan əməkdaşlıq təklifi də gəlib. Hələlik bu barədə bir qərarı yoxdu.

- Sənin Elçinlə ailə qurmağın hər kəs tərəfindən birmənalı qarşılanmadı. Bunun da bir əsaslı səbəbi olmalıdır. Bəlkə, buna da aydınlıq gətirəsən.

- Vallah, Ay çıxanda, Gün çıxanda qarşısını heç kim kəsə bilmir! Ona görə, kim nə deyirsə, özü üçün deyir. Əsas odur ki, mənim xoşbəxtliyimdə, ailə qurmağımda Allahın razılığı, Allahın xeyir-duası var. İnşallah, istəməyənlər, yenə də istəyərlər. İstəyirəm ki, Allah düşmənlərimi mənimlə dost etsin! Mənim heç kimlə işim yoxdur. Öz həyatımı öz “xodumla” yaşayıram. İstəmirəm ki, heç kimin də məminlə işi olsun. Həyat çox qısadır. Mən onun-bunun dərdini çəksəm, onun-bunun həyatını müzakirə etsəm, öz hayatıma vaxtım çatmaz. Ona görə də, hər kəsə arzum budur ki, hər kəs öz həyatını vərəqləsin, hər kəs öz həyatının gedişatına baxsın. Keçmiş vərəqlərini, vərəqləsinlər. Və ondan sonra öz həyatlarına imza atsınlar. Kiminsə həyatına imza atmağa, kiminsə həyatını təhlil etməyə can atmasınlar.

- Elçin müğənni kimi səni qısqanmır?

- Ümumiyyətlə, o, müğənni kimi məni səhnədə görmək istəmir. (gülür) Amma biz ailə qurmamışdan qabaq şərtlərimiz olub ki, təkid olmayacaq. Hər kəs xoşa-xoşluqla... Bilirəm ki, o, mənim səhnədə olmağımı istəmir. Ola bilsin ki, onun bu istəyi nə vaxtsa həyata keçsin.

- Adətən, belə biz söz deyirlər: “Sənəti ailəyə qurban verərəm”. Sən necə, sənəti ailənə qurban verərsən?

- Əlbəttə ki, sənəti ailəmə qurban verərəm. Əsas ailəmi tuturam. Sənət həmişə var. Həmişə ailə qurmaq olmur və ailəni yaşatmaq olmur. Ailə kiçik bir dövlətdir. Onu dağıtmaq olmaz. İnşallah, Allah ailəmin dağılmasını mənə qismət etməsin!

Fuad Mədətov